Radikal dinçilər baş redaktoru hədəfə alıb

Aqil Ələsgər hüquq-mühafizə orqanlarından və mediadan kömək istəyir



"Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər ölümlə hədələnib. Bu barədə baş redaktor özü məlumat verib. Mediaya müraciət edərək yardım istəyən A.Ələsgər təhdid barədə hüquq-mühafizə orqanlarına da müraciət ünvanlayıb.

Məlumat üçün deyək ki, baş redaktorun ölümlə təhdid edilməsinin səbəbi vahhabilər haqqında qələmə aldığı yazı olub. A.Ələsgər deyib ki, həyatına ciddi təhlükə yarandığı üçün media və hüquq-mühafizə orqanlarına müraciət etməyi zəruri bilib: "Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı "Yeni Çağ”da yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saatlarında zəng edərək "ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyərək məni hədələyib. Daha sonra həmin şəxs "get hara şikayət edirsən, et” deyərək, açıq şəkildə məni öldürülməklə təhdid edib”.

A.Ələsgər bildirib ki, onu hədələyən şəxsin danışığını və zəng etdiyi nömrəni başına gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarına verib: "Həmin materialları hüquq-mühafizə orqanlarına təqdim etməyə hazıram. Mən həmin şəxsi araşdırdım və onun Əlixan Musayev adlı radikal dinçi ilə çox yaxın olduğunu gördüm. Bu adam istənilən addımı ata bilər. Ona görə də özümün və ailəmin təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Çünki indi jurnalisti öldürmək üçün təcrübəli qanqsterə ehtiyac yoxdur, 20 yaşlı üç-beş gəncin beynini yumaq kifayətdir”. Baş redaktor bəyan edib ki, onun yaxın dostlarına da "Allah Aqilin bəlasını verəcək” kimi təhdid mesajları göndərilir.

İsmayıl