Borçalıda milli məktəb problemi var

“Azərbaycan orada olan məktəblərin milli kadr təchizini öz üzərinə götürə bilər”




"Borçalı türklərinin problemlərindən biri də milli məktəblə əlaqədardır”. Bu sözləri "Şərq”ə "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Onun sözlərinə görə, gürcü rəsmiləri deyiblər ki, milli azlıqlar öz ana dilində təhsil ala bilərlər: "Eyni zamanda bu, Gürcüstanın konstitusiya tələblərinə uyğun olan haldır.

Milli məktəblərin milli kadr hazırlaması böyük önəm daşıyır. Hər zaman deyirlər ki, məktəblərdə pedaqoji kadrlar çatışmır. Çünki indiki kadrlar yaşlaşırlar, yeni savadlı gənc kadrlara ehtiyac var. Çox ciddi problemdir. Bu işdə Azərbaycanın üzərinə böyük yük düşür. Azərbaycan Borçalıda olan 100-ə qədər məktəbin milli kadr təchizini öz üzərinə götürə bilər. Azərbaycan Təhsil Nazirliyi öz mənəvi məsuliyyətini dərk edərək buna diqqət ayırmalıdır. Biz hökumətə və Təhsil Nazirliyinə Borçalı kökənli tələbələrlə iş üzrə dövlət proqramı təqdim etmişik. Təəssüflər olsun ki, bu istiqamətdə hələki heç bir addım atılmır”.

Cəmiyyət sədrinin fikrincə, Azərbaycanın ali məktəblərinə qəbul olunan borçalılar haqlı olaraq imtiyaz istəyirlər: "Təsəvvür edin ki, 6 yüz baldan yuxarı bal toplayan uşaqlar var. Azərbaycanda
belə tələbələrlə bağlı dövlət səviyyəsində öhdəlik götürülməlidir. Onlar 5 il təhsil haqqını, onlara informatika və xarici dilin öyrədilməsini öz üzərinə götürməlidir. Bu insanlar da təhsillərini başa vurduqdan sonra hazır kadr olaraq geri dönməlidirlər. Dövlət onların sosial müdafiə proqramını işləyib hazırlamalıdır. Gənc insanı dağın başına göndəririk ki, get orda müəllimlik elə. O gedib heç vaxt 300-400 lariyə işləməyəcək. Çünki gəncdir, həyatını qurmaq istəyir. Dövlət həmin gənclərin sosial problemlərini həll etməlidir. Gələcək perspektivlərinə yol açmalıdır. Belə olarsa, gənc gedib, harada olsa, dərsini deyəcək”.

Z.Məmmədli onu da əlavə edib ki, Gürcüstana Azərbaycan ortaq universitetinin yaradılması təklifini veriblər: "Hətta Saakaşvili dönəmində Tiflis bunun üçün 10 hektara yaxın ərazi ayırmışdı ki, gəlib, tiksinlər. Belə bir ortaq təhsil ocağının inşası üçün Azərbaycanın yetərli maliyyə imkanları vardı. Burada prioritet olan gürcü dili və Azərbaycan türkcəsi tədris oluna bilərdi. Belə olan halda qarşılıqlı inteqrasiya baş verir. Bir daha söyləyirəm ki, bu öhdəliklər Azərbaycanın üzərinə düşür. Biz milli məktəblərin statusunu saxlamaq istəyirik. Daha yaxşı vətəndaş və millət nümayəndəsini yetişdirmək istəyiriksə, bunun arxasında durmalıyıq. Azərbaycan təhsil nazirinə "SOS” siqnalı verirəm. Cənab nazir bu məsələyə baxmalıdır. Həmin layihələri yeni nazirin də adına göndərə bilərik”.

Ramin Rzayev