"Kənan Hacının xəstəliyinə diqqətsiz qalmadılar"

Aysel Əlizadə: “İnsanlar, imkanlı şəxslər bizi eşitdilər”



Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Hepatit C virusundan əziyyət çəkən tanınmış yazıçı Kənan Hacının səhhəti ilə bağlı həmkarı gənc yazar Aysel Əlizadə yardım kampaniyası başladıb. A.Əlizadə "facebook” profilində həmkarlarını, imkanlı şəxsləri və ictimaiyyəti yazıçının müalicəsinə yardım göstərməyə çağırıb:

"Dostlar, həmkarımız Kənan Hacıya dəstək kampaniyasına başlamaq lazımdı. Hepatit C-dən əziyyət çəkir və belə görürəm ki, onu burda sağaltmayacaqlar. Adamı belə ağır vəziyyətdə boş-boş ora bura göndərib çərlədəcəklər. Lütfən, kimin nə köməyi dəyə bilərsə, əsirgəməsin. Durumu ağırlaşır. Birləşib onu Türkiyəyə müalicəyə göndərək. Başqa çarə görmürəm. Bizim biri-birimizdən yapışmaqdan başqa əlacımız yoxdu. Həmkarlarımdan dəstək istəyirəm. Xahiş edirəm, paylaşın və tezliklə bu işi birlikdə həll edək”.

Kampaniyanın gedişatı və K.Hacının durumu ilə bağlı "Şərq”ə açıqlama verən gənc yazar Aysel Əlizadə hər şeyin yaxşı getdiyini deyib: "Kampaniyaya biganə yanaşılmadı. İnsanlar, imkanlı şəxslər bizi eşitdilər. Kömək edənlər, yardım əlini uzadanlar oldu. Səhiyyə Nazirliyi də məsələyə
diqqət ayırdı. Artıq Kənan bəy müayinədən keçib. Azərbaycan mediası da informasiya dəstəyini əsirgəmədi və yazıçının xəstəliyinə diqqətsiz qalmadı”.

Kənan Hacının müalicəsi ilə bağlı xaricə göndərilib-göndərilməyəcəyinə münasibət bildirən A.Əlizadənin cavabı belə olub: "Biz ötən il başqa bir yazıçını ən ağır xəstəlikdən qurtardıq. O, məhz Azərbaycanda, dövlətin nəzarəti ilə müalicə olundu. İstəsələr, əlbəttə, burada da xəstələrimizi sağaltmaq olar. Azərbaycanda yaxşı həkimlərimiz var”. Yazar vurğulayıb ki, səhiyyəyə diqqəti və nəzarəti artırmaq çox vacibdir: "Dövlət xəstəxanalarını yaxşı texnika və dərmanlarla təmin etmək və işçi heyətinin məsuliyyətini artırmaq, bir də normal əmək haqqı vermək bəs edər ki, insanlarımız ölkədə şəfa tapa bilsinlər, öz dövlət və ölkələrindən ümidsiz olub xaricə üz tutmasınlar. Bir adam xəstəliyinə ölkəsində çarə tapırsa, dövlətinə yüz dəfə təşəkkür edir”.

İsmayıl