Türkiyənin qarşısında üç yol var...

Ancaq böyük ehtimalla təkrar seçkinin qalibi AKP olacaq




"Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb. Böyük ehtimalla belə də olacaq. Çünki koalisiya hökuməti qurmaq üçün şərait yoxdur. Mən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə erkən seçkiyə getməyə üstünlük verirəm”. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu CHP sədri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. Baş nazir bildirib ki, hazırda CHP ilə koalisiya hökuməti qurmaq üçün münbit şərait yoxdur:

"CHP ilə apardığımız danışıqların Türkiyə demokratiya tarixində iki siyasi partiya üçün çox mühüm yeri olacaq. Kılıcdaroğluna qaydalara nəzakətli şəkildə riayət etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüşlər açıq və şəffaf keçdi. İki fərqli siyasi yolu olan partiyalar kimi dərin fikir ayrılıqlarımızın olduğu hamıya məlumdur. Başlıca olaraq xarici siyasət və təhsillə bağlı fikir ayrılıqlarımız var. CHP-yə müddətli bir islahatçı hökumət qurulması və ölkəni seçkidən əvvəl hökumətsiz qoymamaq üçün təklif irəli sürdük. Artıq CHP ilə koalisiya hökuməti qurmaq üçün heç bir şans qalmayıb”.

Yenidən MHP ilə görüş..

Əhməd Davudoğlu MHP sədri Dövlət Baxçalı ilə təkrar görüşəcəyini də istisna etməyib: "Bu, bizim təbii haqqımızdır. Baxçalı ilə görüşdən sonra ölkə prezidenti ilə məsləhətləşmələr aparmağa da ehtiyac yarana bilər. Koalisiya hökuməti qurmaq, habelə ölkənin hökumətsiz qalmamağı üçün danışıqları davam etdirəcəyik. Yenidən seçki zərurətinin meydana çıxdığı bir vaxtda siyasi dialoq davam etdirilməlidir”. Davudoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın koalisiya hökuməti qurulmasının əleyhinə olması ilə bağlı fikirlərin əsassız olduğunu da bildirib: "Əgər CHP ilə fikir ayrılıqlarımız olmasaydı, onlarla koalisiya hökuməti qurmağa razı olardıq və ölkə başçısını da buna razı salardıq”.

Deyilənə görə, MHP sədri Dövlət Baxçalı Davudoğlunun görüş tələbinə müsbət cavab verib. Baxçalı bildirib ki, Davudoğlu ilə görüşməyə hazırdır. Lakin əvvəlki tələbləri də qüvvədə qalır.

"Bizə koalisiya təklifi gəlmədi...”

CHP lideri Kamal Kılıcdaroğlu isə kritik görüşdən sonra bildirib ki, onlara koalisiya təklifi edilməyib. Yalnız seçki hökuməti təklifi gəlib: "Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm. Davudoğlu bizə iki təklif gətirdi. Qısamüddətli bir seçki hökuməti və ya qurulacaq azlıq hökumətində onları kənardan dəstəkləmək təklifi. Amma biz bu iki təkliflə razılaşmadıq.

Razılaşmanın baş tutmama səbəbləri...

AKP-nin CHP ilə koalisiya hökuməti qurmaq barədə razılığa gələ bilməməsinin 4 əsas səbəbi müəyyən edilib. CHP-nin 4 illik hökumət təklifindən geri addım atmaması, xüsusilə Yaxın Şərqə münasibətdə xarici siyasət mövzusunda ciddi fikir ayrılığı, təhsil sahəsində təklif etdiyi model koalisiya yolunu bağlayan əsas maddələr kimi sıralanıb. Mənbənin verdiyi məlumata görə, CHP 4 illik, geniş əsaslı hökumət təklifindən heç bir şəkildə geri addım atmayıb. AKP-nin 1 ildən az vaxtı nəzərdə tutan qısa müddətli hökumət təklifi müxalif partiya tərəfindən müsbət qarşılanmayıb.

"Türkiyədə siyasi xaos olmayacaq”

"Türkiyədə koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnməsi o demək deyil ki, ölkədə siyasi xaos olacaq”. Bunu hakim partiyanın İdarə Heyətinin üzvü, parlament deputatı Məzhər Bağlı deyib. O bildirib ki, Türkiyədə demokratik cəmiyyət mövcuddur və hökumətin qurulmasının uğursuzluqla nəticələnməsi ölkədə risklərə səbəb ola bilməz. Deputat həmçinin bəyan edib ki, partiyaların liderləri, baş nazir Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların bir neçə mərhələsini keçirməklə bütün dünyaya demokratiya nümunəsi nümayiş etdirdilər.

Təkrar seçkilər üçün 3 ssenari...


Türkiyənin qarşısında seçkiyə getmək üçün üç yol var. Birinci yol Böyük Millət Məclisindən seçki qərarı çıxarmaqdır. AKP-li deputatların məclisdəki çoxluğunu nəzərə alsaq, bu qərarın çıxacağı şübhə doğurmur. İkinci yol isə "azlıq hökuməti” qurmaqdır. Ancaq MHP-nin buna dəstək vermədiyi ortadadır. Üçüncü versiya isə qısamüddətli seçki hökuməti formalaşdırmaqdır. 45 günlük müddət bitdikdən sonra Prezident Ərdoğan Məclis başqanı İsmət Yılmaz ilə görüşüb müvəqqəti seçki hökuməti qurulmasına qərar verə bilər. Əgər müvəqqəti hökumət qurularsa, hər partiya məclisdə təmsil edildiyi sayda nazirlik sahibi olacaq.

"Erkən seçki siyasi böhranı aradan qaldırmayacaq”

Ekspertlərə görə, Türkiyədə hökumət böhranının dərinləşməsi mənfi siyasi nəticələrə gətirib çıxara bilər. Politoloq İlqar Vəlizadənin fikrincə, siyasi böhran təkcə erkən seçkilərlə bitməyəcək. Çünki burada ziddiyyətli yanaşmalar açıq-aşkar özünü göstərir: "Yeni oyun qaydaları tətbiq etmək lazımdır. Həmçinin, siyasi hadisələrin dinamikası həm Türkiyə daxilində, həm də xaricində artıq mövcud yanaşmaların köhnəldiyini göstərir. Çox güman ki, erkən seçkilər baş tutsa belə, böhran davam edəcək. Hazırkı siyasi proseslərin gedişatı hakim partiyanı yeni prinsiplə Türkiyə siyasi mühitini formalaşdırmağı müxalifətə təklif etməyə məcbur edir”.

"Təkrar seçki AKP-nin xeyrinə olacaq”

Politoloq Vüqar Zifəroğlu isə hesab edir ki, təkrar seçkilərdə AKP əvvəlkindən daha yaxşı nəticə göstərəcək. Çünki istər antiterror əməliyyatların həyata keçirilməsi, istərsə də Türkiyənin daxilindəki proseslər hazırda siyasi nöqteyi-nəzərdən AKP-nin xeyrinə işləyir: "Bu görüşlərdən ciddi nəticə gözləməyə dəyməzdi. Biz onsuz da, AKP-nin özünün də koalisiya hökumətinə getməyə meyilli olmadığını görürdük. Düşünürəm ki, bu düşüncədə də haqlıdırlar. Bu gün faktiki olaraq baş verən proseslər və eyni zamanda da qətiyyətli antiterror əməliyyatların aparılması AKP-nin siyasi iqtidar olaraq xeyrinə işləyən məqamlardır. Türkiyənin daxilində gedən hazırkı proseslər HDP-ni 10 faizlik barajın altında qoyacaq. Bu da AKP-nin avtomatik səs yığması deməkdir. AKP-ni təkbaşına iqtidara daşıyan amil HDP oldu. AKP Cənub-Şərqi Anadolu bölgəsindən yenidən müəyyən səs götürə biləcək”.

İsmayıl