Rus gəmiləri Bakıya gəldi

Səfərlə bağlı ölkədə birmənalı fikir yoxdur




Dünən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala” və "Volqodonsk” kiçik artilleriya gəmiləri, həmçinin "Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi Bakıda rəsmi səfərdə olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar. Nümayəndə heyəti, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail Rayon İcra Hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşüb, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olub.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

Qeyd edək ki, rus hərbi gəmilərinin Bakıya səfəri müxtəlif səbəblərdən ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Bu səfərləri hərbi əməkdaşlığın bir forması hesab edənlərlə yanaşı, bəzi ekspertlər də hesab edir ki, bununla Rusiya göstərmək istəyir ki, Xəzər dənizində başlıca söz sahibi məhz Rusiyadır. İddialara görə, Vyana anlaşmasının İranın Qərblə yaxınlaşmasına stimul yaratmasından açıqca narahat olan Kreml özünün cənub cinahı boyu hərbi cəhətdən möhkəmlənmək, paralel surətdə bölgə ölkələrini, o cümlədən Türkiyə, İran və hətta Qərbi təhdid etmək xətti götürüb. Son aylarda Cənubi Qafqazın aparıcı qüvvəsi olan Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlıq prosesinin intensivləşməsi də buna hesablanıb. Kreml Azərbaycanla münasibətləri genişləndirməklə Rusiya regionda mövqeyini daha da gücləndirməyə çalışır. Rusiyanın Xəzər məsələsinə çox böyük önəm verdiyini nəzərə alsaq, deməli, şimal qonşumuzun hərbi gəmilərinin Bakıya səfərlərinin intensivləşməsi Rusiyanın Xəzərlə bağlı siyasətində bir daha qətiyyətli mövqedə durduğunun göstəricisidir.

Rus hərbi gəmilərinin Azərbaycan səfərini dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu səfərin arxasında xüsusi maraq axtarmağa ehtiyac yoxdur, çünki rus gəmiləri Azərbaycan sularına rəsmi Bakının razılığı ilə daxil olub: "Bu, hərbi əməkdaşlığın bir formasıdır. Azərbaycanla Rusiya sərhəd dövlətlərdir və onlar arasında yaxın qonşuluq əlaqələri var. Bunun fonunda da strateji əməkdaşlığın, qarşılıqlı əlaqələrin bütün formalarından istifadə edirlər. O cümlədən də ölkələrimiz arasında geniş hərbi əməkdaşlıq var. Bu əməkdaşlıqda isə hərbi texnikanın alınması, birgə hərbi təlimlərin keçirilməsi, hərbi kadrların hazırlanması və ümumilikdə hərbi təcrübənin bölüşdürülməsi ilə bağlı uzunmüddətli hərbi səfərlər nəzərdə tutulur”.

Rus gəmilərinin Azərbaycana gəlməsinin xoşməramlı hərbi səfər olduğunu vurğulayan millət vəkili deyib ki, bu səfər hər iki ölkənin hərbi dəniz qüvvələrinin biri-birinin təcrübəsindən yararlanmağa hesablanıb. Təbii ki, bu səfərlər də qarşılıqlıdır və Azərbaycan hərbi dəniz

qüvvələrinin də Rusiya sularına daxil olması nəzərdə tutulub. Belə səfərlər iki ölkə arasında inam mühitinin, dostluq əlaqələrinin möhkəmlənməsinə çox böyük töhfə verəcək.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə baş verənləri Azərbaycanın milli təhlükəsizliyinin təhdid altına atılması kimi qiymətləndirir. Onun sözlərinə görə, rus hərbi gəmilərinin Bakıya gəlməsi Azərbaycanın suverenliyinə bir təhdid kimi dəyərləndirilməlidir. Rusiyanın hərbi dəniz qüvvələri hansısa formada niyə Azərbaycana gəlməlidirlər ki?! "Amma son zamanlar baş verən prosesləri izləsək, Azərbaycanın Xəzər dənizində İranla və Rusiya ilə müştərək hərbi təlimlər keçirdiyinin şahidi ola bilərik. Bir neçə gün bundan əvvəl Azərbaycanın hərbi gəmiləri Mahaçqala-Dərbənd istiqamətinə yola düşmüşdülər. Ondan əvvəl isə hərbi gəmilərimiz Həştərxana yol almışdı. Deməyim odur ki, bütün bunlar cəmiyyətə qarşılıqlı səfərlər kimi təqdim olunur. Ən azından görünən tərəf bundan ibarətdir. Azərbaycan gəmiləri Həştərxana gedib, təlimlər keçirməsinin müqabilində rus artilleriyası da Bakı limanına yan alıb, burada müxtəlif görüşlər keçirə bilərlər. Bu müstəvidə yanaşsaq, bu səfərləri dövlətlərarası razılaşdırılmış birgə təlimlər kimi dəyərləndirmək olar. Amma burada Azərbaycan üçün bir sıra təhlükəli məqamlar var. Hökumət bunu nəzərə almalıdır”.

A.Nağının sözlərinə görə, rus gəmilərinin intensiv şəkildə Azərbaycan limanlarına yaxınlaşması və bizim sularda gecə təlimləri keçirməsinin pərdəarxası məqamları da nəzərə alınmalıdır: "Rusiya hərbi gəmilərinin "hansısa mənasız tədbirlərdə iştirak” adı altında Xəzər sahillərimizdə lövbər salması dövlət suverenliyimizə təhlükə deməkdir. Ermənistan vasitəsi ilə Azərbaycan torpaqlarını işğalda saxlayan Rusiyanın hərbi gəmilərinin Bakı sahillərinə yan alması dövlət suverenliyimiz üçün real təhlükədir. Bununla Rusiya Qərbə mesaj verir ki, Xəzər dənizi və Azərbaycan onun hərbi nəzarətinə daxil olub. Unutmayaq ki, Xəzər dənizi uğrunda Rusiya ilə Amerikanın arasında çox gərgin rəqabət var. Hər nə qədər rəsmi açıqlamalar olmasa da, məndə olan məlumatlara görə, Amerikanın da hərbi dəniz qüvvələri kiçik miqyasda da olsa, Xəzərə ayaq açıb. Rusiya ilə İran isə hansısa formada Amerikanın Xəzər dənizində mövcudluğuna qarşıdır. ABŞ isə öz maraqları uğruna bu yoldan dönmür. Yəni Azərbaycan hansısa addım atmazdan əvvəl bütün bu maraqları nəzərə almalıdır. Azərbaycan üçün real təhlükə yaratmadığı təqdirdə əməkdaşlığı davam etdirmək olar”.

Şəymən