Mandat mübarizəsi yaxınlaşır

Bir partiya seçkiyə bir namizədlə qatılacaq



Noyabrın 1-də Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək. Hələlik az sayda təşkilat seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Bu günə qədər yalnız Ümid Partiyası - "125”-lər Siyasi Klubu və millət vəkili Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş Partiyası siyahılarını təqdim ediblər. Ümid və "125-lər” 60 dairədən namizəd irəli sürüb və elan edib ki, daha 30-40 dairə üzrə namizədlərini müəyyən etmək üçün müzakirələr aparırlar. BQP isə 15 seçki dairəsi üzrə namizədlərini açıqlayıb.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, namizədlərin siyahısı ilə bağlı bütün işlər son mərhələdədir və yekunlaşmaq üzrədir. Siyahının nə zaman açıqlanacağına gəlincə isə S.Novruzov deyib ki, seçkilərin təyin edilməsi haqqında Prezidentin sərəncamı qüvvəyə minəndən sonra YAP namizəd siyahısını açıqlayacaq: "Siyahının son variantını partiyanın rəhbər orqanı olan İdarə Heyəti təsdiq etməlidir. Bununla da kimin hansı dairədən namizəd irəli sürüləcəyi məlum olacaq və namizədlərimiz ictimaiyyətə təqdim olunacaq”.

BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli bildirib ki, Ali Məclis təsdiq etmədən namizəd siyahısı haqda açıqlama vermək hüquqi baxımdan doğru olmaz: "Təbii ki, bizdə seçkilərə hazırlıq prosesi başlayıb və namizədlərimiz də müəyyən edilib. Ancaq bu siyahı son nəticədə Məclis tərəfindən təsdiq olunmalıdır. Seçkilərə rəsmi start verildikdən sonra namizədlərlə bağlı yekun qərar veriləcək. Bundan sonra siyahı ictimaiyyətə açıqlanacaq”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də hələlik namizədlərin ümumi sayını və seçki taktikasını cəmiyyətə açıqlamaq istəmədiyini deyib: "Seçkiyə rəsmi start verildikdən sonra namizəd siyahısını və mövqeyimizi açıqlayacağıq. Sadəcə onu deyə bilərəm ki, partiyada bu istiqamətdə çox ciddi işlər aparılır”.

8 müxalif partiyanın təmsil olunduğu "Azadlıq 2015” seçki blokunun üzvü, AXP sədri Pənah Hüseyn bildirib ki, hazırda namizədlərin son müəyyənləşməsi işləri gedir: "Blokumuz işini yaxın günlərdə tamamlayacaq. Hələlik 60 dairə üzrə namizədlər müəyyən edilib. Amma prinsip etibarilə hazırlanan bu siyahı yekun siyahı kimi başa düşülmür. Çünki müxtəlif dəyişikliklər edilə bilər. İstər blokdaxili proseslə bağlı, istər digər siyasi qüvvələrlə razılaşmalar əsasında gedən danışıqlarla bağlı siyahıda dəyişikliklər edilməsi mümkündür”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da deyib ki, siyahı üzərində yekun işlər görülür: "Azadlıq 2015” seçki bloku yaxın zamanda bütün dairələr üzrə öz namizədlərini açıqlayacaq. Siyahı hazırdır, amma yekun işlər var, onlar yekunlaşdıqdan sonra cəmiyyətə açıqlama verəcəyik”.

AMİP sədri Yusif Bağırzadə də hazırda partiyanın namizədlərinin müəyyənləşmək üzrə olduğunu bildirdi: "Lap yaxın günlərdə namizədlər siyahısını açıqlayacağıq. Heç bir problem yoxdur. AMİP-in rayon təşkilatları var və rayon təşkilatlarındakı partiya üzvləri namizədliklərini irəli sürürlər. Biz xeyli vaxtdır çalışırıq ki, hər dairədən partiyanın bir namizədi olsun. Bunun üçün ən şanslı iddiaçının üzərində dayanırıq. AMİP seçkilərdə digər siyasi partiyalarla əməkdaşlıq üçün müəyyən danışıqlar da aparır. Danışıqlar apardığımız təşkilatların da namizədlərinin müəyyənləşməsi prosesi gedir. Hələki seçkiyə tək getmək qərarımızı qüvvədə saxlayırıq, ancaq blok yaradılması məsələsi də gündəmdə var”.

ALP sədri Əvəz Temirxan isə deyib ki, rəhbərlik etdiyi qurum seçkiyə qatılıb-qatılmayacağını müəyyən etməyib: "Bizim qəti qərarımız yoxdur. Qurumun yarısı seçkidə iştirak etmək istəyir, digər yarısı isə istəmir. Amma seçkilərə qədər vəziyyət dəyişə bilər”.

ASDP sədri Araz Əlizadə isə deyib ki, onlar seçkidə bir neçə namizədlə iştirak edəcəklər: "Partiyanın maliyyə imkanları zəifdir. Ona görə də seçkiyə az namizədlə qatılacağıq. Amma hələlik namizədləri müəyyən etməmişik”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı siyahının hazırlanması istiqamətində tapşırıqların verildiyini bəyan edib: "Partiyanın siyasi şurasında siyahının hazırlanmasına qərar verilib. Kimlərin namizəd olacağı artıq bəllidir. Amma hər kəs namizədlik vermək istəmir. Bu, uzun və mürəkkəb prosesdir. Ona görə də vaxtını deyə bilmərik, hazır olanda açıqlanacaq. Hər halda hazırda bu istiqamətdə iş gedir”.

İsmayıl