Boğulan körpələr...

Valideyn məsuliyyətsizliyi uşaq ölümlərinin sayını artırıb




Bir gündə ikisi bacı-qardaş olmaqla, 3 azyaşlı uşaq valideyn nəzarətsizliyinin qurbanı olub. Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşan Xanəli Abbasovun iki övladı - 8 yaşlı Bahar və 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər. Üstündə ağır yük olan sandığı açıb çıxa bilməyən uşaqlar havasızlıqdan boğulublar. Digər bədbəxt hadisə isə Hacıqabul rayonunun Talış kəndində baş verib. 2014-cü il təvəllüdlü Gülnar Qədirova həyətdə gəzərkən tualet quyusuna düşüb. İlkin ehtimalda körpənin ölümünə səbəb onun nəzarətsiz qalması və quyunun üzərinə örtülən taxtaların çürük olması göstərilib. Körpələrin ölümünü birbaşa valideyn məsuliyyətsizliyi kimi dəyərləndirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə hesab edir ki, nə qədər ki valideyn məsuliyyətsizliyi əcəl, faciə kimi qiymətləndiriləcək, azyaşlı qurbanların sayı artacaq: "Övladını itirən valideyni həbs etmək və ya cərimələmək mümkündürmü? Təbii ki, bu, cəmiyyətin qınağına səbəb ola bilər. Axı biz belə hallarda "humanist” oluruq. Amma heç kim azyaşlının valideynin məsuliyyətsizliyindən, laqeydlikdən dünyasını dəyişdiyini nəzərə almayacaq”.

"Uşaq hüquqları haqqında” qanunu xatırladan ekspert deyib ki, ölkəmizdə uşaq hüquqları bu qanunla tənzimlənir: "Həmin qanunda valideyn məsuliyyəti və azyaşlının baxımsız qalmasına görə məsuliyyət nəzərdə tutulub. Xarici ölkələrdə baxımsız qalan uşaqlar valideynlərindən alınaraq dövlətin himayəsinə verilir. Azərbaycanda da bu təcrübədən yararlanmaq lazımdır. Axı uşaq niyə nəzarətsiz qalır ki, başına da bədbəxt hadisə gəlsin? Başa düşürük ki, onlar uşaqdı, qanmadan quyunun üstünə çıxıb və ya sandığın içinə giriblər. Bəs, o uşaqlar boğulub ölən vaxtı valideynləri hara baxırdı? Uşaqları dənizdə batan valideynlər bəhanə gətirir ki, icazəsiz çimməyə gediblər. Belə olduğu halda valideyn məsuliyyətdən kənarda qalmalıdırmı? Axı hər bir halda məsuliyyət valideynin üzərinə düşür”.

"Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin sədri Xanım Əhmədzadə bildirib ki, uşaq uca Tanrının insana bəxş etdiyi bəlkə də ən böyük və dəyərli hədiyyədir: "Bütün mənəvi və maddi imkanlarını öz körpələrinin sağlam və xoşbəxt böyüməsinə sərf edən milyonlarla ailə var. Lakin, təəssüflər olsun ki, valideynlərinin məsuliyyətsizliyi, diqqətsizliyi nəticəsində ömürlük xüsusi qayğıya ehtiyacı olan və ya dünyasını dəyişən uşaqlar da var. İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsində qeyd olunub ki, yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə - xəbərdarlıq edilir və ya 20 manatdan 40 manatadək miqdarda cərimə edilir. Lakin bu günə qədər həmin maddəyə əsasən, neçə valideynə xəbərdarlıq olunması və ya neçəsinin cərimə edilməsi barədə statistik məlumat yoxdur. Həm də bu faktları təsdiq etmək və araşdırmaq qədərincə çətindir. Çünki hansı uşağın mütəmadi olaraq valideynləri tərəfindən evdə tək saxlandığını əksər hallarda yalnız həmin uşaq və onun valideynləri bilir. Uşağın hara və necə müraciət etmək barədə nə məlumatı, nə imkanı, nə də anlayışı ola bilər. Valideynlər də heç vaxt özləri özlərini ifşa etmirlər. Belə faktlar yalnız faciə baş verdikdən və dövlət qurumları, cəmiyyət xəbər tutduqdan sonra aşkarlanır. Bu baxımdan valideynlərin məsuliyyətsizliyinin acı nəticəsi olaraq evdə nəzarətsiz, tək qalaraq baş vermiş faciə nəticəsində əlil olan və ya dünyasını dəyişən uşaqların sayı daha çoxdur. Beləliklə, öz hüquqlarını müdafiə etmək yaşında və gücündə olmayan məsum körpələr laqeyd valideynlərin qurbanlarına çevrilirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını nəzarətdə saxlamağa borcludurlar”.

X.Əhmədzadə bildirib ki, əksər hallarda uşaqlarına diqqət və qayğı göstərməyərək onları evdə yalqız və ya həyətdə nəzarətsiz qoyan ailələr müxtəlif bəhanələr gətirirlər: "Bütün neqativ halları aradan qaldırmaq üçün bunları doğuran obyektiv və subyektiv səbəblər araşdırılmalı, nəticə ilə mübarizə aparmaqdansa, bu problemləri doğuran səbəblərə diqqət artırılmalıdır. Dövlət büdcəsindən maliyyələşən uşaq bağçalarının sayı çoxalmalıdır, günü uzadılmış qruplar yaradılmalıdır, bu sahədə mövcud olan rüşvət hallarına son qoyulmalıdır. Ailəsinin maddi durumunun çətin olması səbəbindən uşaqlarını özəl bağçalara apara bilməyən valideynlər var.

Hər bir yaşayış sahəsində pulsuz uşaq yaradıcılıq və əyləncə mərkəzləri, dərnəklər, şahmat və rəsm məktəbləri açılmalıdır”.

Problemin yaranma səbəbi barədə danışaraq X.Əhmədzadə deyib ki, uşaqlara qarşı diqqətsizlik məsələlərində, nədənsə, yalnız ananın məsuliyyətsizliyi qabardılır və müzakirə predmetinə çevrilir: "Halbuki uşaqların bütün problemlərində hər iki valideyn cavabdehdir. Əgər ailənin məişət qayğıları, bazarlığı, digər sosial problemlərin həlli ananın üzərindədirsə, üstəlik, ana həm də işləyirsə, uşağın evdə nəzarətsiz və tək qalacağı qaçılmazdır. Bəzən ana qarşılaşdığı çıxılmaz situasiyadan asılı olaraq, məsələn, dərman və ya çörək almaq məqsədi ilə uşağını evdə qısa müddətə tək qoymağa məcbur olur.

Vaxtaşırı nəzarətsiz qaldıqları səbəbindən quyuya düşən, üstünə televizor və digər avadanlıqlar aşan, qaynar su tökülən, FHN-in köməyi ilə ölümdən xilas olunan azyaşlı uşaqlar barədə məlumatlar yayılır. Xüsusilə rayon və kənd yerlərində nəzarətsizlik səbəbindən təndirə, ocağa düşərək yanan, ilan, əqrəb sancmasından şikəst olan, həyatını itirən uşaqlar var.

Lakin bütün bunlar heç bir vəchlə ailənin övladlarını nəzarətsiz qoymaqlarına haqq verə bilməz. Hər bir valideyn bilməlidir ki, evdə tək qalan uşağın həyatı təhlükə altındadır”.

Şəymən