İsveçrə Tehrana qapılarını açdı

Sanksiyaların aradan qaldırılması İrana rahatlıq gətirdi, amma ölkə tək prezidentdən ibarət deyil




İsveçrə İrana qarşı sanksiyaları ləğv edib. Məlumata görə, Tehrana qarşı 2014-cü ildən qadağalar tətbiq edən İsveçrə hökuməti bu qərara gəlib. İsveçrənin adı açıqlanmayan yüksək çinli nümayəndəsi həmin qərarı İranla "altılıq” ölkələrinin nüvə sazişi ilə bağlı razılaşması ilə əlaqələndirib.

"İranla qiymətli metallar ticarəti və kommersiya fəaliyyətinə sanksiyalar aradan qaldırılıb. Bundan savayı İrandan xam neft və neft məhsullarının alınması, bu ölkə ilə sığorta əməliyyatları da sanksiyaların təsir dairəsindən çıxarılıb”. Qərar dünəndən qüvvəyə minib. Eyni zamanda İsveçrə hökuməti qeyd edib ki, İran Vyana razılaşmasından irəli gələn üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, dövlət bu qərarın ləğv olunması haqqında hüququnu əlində saxlayır. ABŞ da məsələyə münasibət açıqlayıb. Vaşinqtondan bildirilib ki, İsveçrə bu qərarı onlarla razılaşdırmadan verib. Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, ölkəsinin İrana qarşı sanksiyaları hələ ki qüvvədədir.

İsveçrənin addımını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, uzun illərdən sonra İranla Qərb arasındakı münasibətlər normallaşmağa doğru gedir: "Sanksiyalar aradan qaldırılır. Əlaqələr yaradılır. Bundan başqa, Avropa Birliyinə daxil olan ölkə rəsmiləri İrana səfərlər edirlər. AB-nin xarici məsələlər üzrə komissarı bu yaxınlarda İrana getmişdi. Böyük Britaniya, Almaniya və Hollandiya Tehranla iqtisadi münasibətlərin tənzimlənməsi yollarını axtarırlar. Çünki İran zəngin enerji ölkəsidir. Onunla enerji sahəsində əməkdaşlıq etməyə çalışırlar. İkinci məsələ odur ki, İranın özü də maraqlıdır ki, sanksiyalardan qurtulsun və iqtisadiyyatda, sosial həyatda problemlərinin sayı azalsın. Öz nefti və qazını dünya bazarına çıxarsın”.

İran-ABŞ münasibətlərindən söz açan ekspert söyləyib ki, bu ölkələr arasındakı əlaqələr normallaşma dövrünə qədəm qoyub: "Tarixdə ilk dəfə olaraq İran XİN rəhbəri ABŞ dövlət katibi ilə görüşüb, fikir mübadiləsi aparır. Sentyabrda BMT-nin sessiyası baş tutsa, İran və ABŞ prezidentlərinin görüşü də keçirilə bilər. Amma bu o demək deyil ki, Tehran-Vaşinqton münasibətləri tam normallaşacaq. Əlbəttə, cənub qonşumuz bunu istəyir. Amma İranda hakimiyyət tək prezidentin əlində cəmləşməyib. Orada dini lider var. Hərbiləşmiş qüvvələr mövcuddur. Onlar Ağ Evlə münasibətlərin normallaşmasına hazır deyillər. Buna rəğmən sanksiyaların ortadan qaldırılması bölgə və dünya üçün rahatlıq gətirir. İran öz qazını Avropaya çıxarmaq istəyir. Bu işdə də Azərbaycan və Türkiyənin rolu artacaq. Çünki Avropaya ən qısa yol bu ölkələrin ərazisindən keçir”.

Ayyət Əhməd