Ukraynada azərbaycanlı diaspor rəhbəri qətlə yetirilib

İlham Tağıyevin başına küt alətlə zərbələr endirilib



Avqustun 17-nə keçən gecə Ukraynanın Xerson vilayətində Azərbaycan icmasının rəhbərlərindən biri olan İlham Tağıyev qətlə yetirilib. APA-nın "Xerson onine” saytına istinadən verdiyi məlumata görə, iş adamının meyiti ona məxsus "Mercedes” markalı avtomobildə tapılıb.

Milis güman edir ki, İ. Tağıyev icarəyə götürdüyü qaraja gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr endiriblər, daha sonra avtomobilindən çıxararaq təpikləməyə başlayıblar. Cinayətkarlar qətldən sonra İ. Tağıyevin cibindən evinin açarını götürərək mənzili soymağa gediblər. Ev alt-üst edilib. Qatillərin nə qədər pul və zinət əşyası apardıqları bəlli deyil.

Hadisə zamanı İlham Tağıyevin həyat yoldaşı və qızı Azərbaycanda olub. Onun oğlu isə Kiyevdə yaşayır.

İ. Tağıyev ət polufabrikatları ticarəti ilə məşğul olan regional şirkətin yerli nümayəndəsi olub. Cinayətin tamah məqsədilə törədildiyi güman edilir.

Vilayət prokurorluğunda cinayət işi qaldırılıb və hadisənin ilkin motivləri məlum olub.

Xerson vilayəti üzrə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov APA-ya açıqlamasında bildirib ki, əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan, 1956-cı il təvəllüdlü Tağıyev İlham Tağı oğlu Xerson şəhərində iri mağazalar şəbəkəsinə malik olub. İlkin ehtimallardan biri cinayətin onun biznesi ilə əlaqəli olmasıdır.

Ə. Kərimov deyib ki, İ. Tağıyevin mağazalarında çalışan bəzi şəxslər tərəfindən ona qarşı təxribat törədildiyi güman edilir: "Prokurorluqdan bizə verilən məlumata görə, digər ehtimal bununla əlaqəlidir. Belə ki, həmin axşam onun maşınında külli miqdarda pul olub və bunu onun biznesində iştirak edən bəzi şəxslər bilib”.

Ə. Kərimov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi məsələ ilə yaxından maraqlanır və Ukrayna Baş Prokurorluğu bu qətlin tezliklə açılmasına söz verib. İş adamının nəşi Azərbaycana göndərilib və o, bu gün Culfa rayonunda dəfn olunacaq.

Qeyd edək ki, İ. Tağıyev avqustun 17-nə keçən gecə Xerson şəhərində qətlə yetirilib. İş adamının meyitii ona məxsus "Mercedes” markalı avtomobildə tapılıb.