Rus ordusunun Ermənistan təlimləri güc nümayişidir

Qabil Hüseynli: “Rusiya Cənubi Qafqazdakı vəziyyəti daha qorxulu və təhükəli hala gətirməyə çalışır”


Qabil Hüseynli: "Rusiya Cənubi Qafqazdakı vəziyyəti daha qorxulu və təhükəli hala gətirməyə çalışır”

Azad İsazadə: "Azərbaycan Qarabağ səmasında türkiyəli pilotlarla birgə təlim keçməklə Rusiyanın cavabını verib”

Rusiya ordusu Ermənistanda hərbi təlimlərə başlayıb. Pilotsuz uçuş aparatlarından da istifadə olunan təlimlərdə məqsəd açıqlanmayıb. Xatırladaq ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin 102 saylı hərbi hissəsi fəaliyyət göstərir. Birgə təlimləri dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, separatçı ölkədə Moskvanın aviasiya və quru qoşunları yerləşdirilib və onlar ikili təyinata malikdir: "Birincilər Yaxın Şərq və Türkiyə istiqamətində baş verə biləcək hər hansı bir qarışıqlıqlar zamanı proseslərə müdaxilə etmək üçündür. Digərlərinin fəaliyyəti isə Cənubi Qafqazda vəziyyəti Rusiyanın xeyrinə dəyişdirmək və proseslərə Ermənistanla birgə nəzarət etməkdən ibarətdir. Bir sözlə, Moskva Cənubi Qafqazı öz təsiri altında saxlamaq istəyir. Keçirilən bütün təlimlərdə Kreml bu məsələni qarşısına prioritet kimi qoyur”.

Ekspertin fikrincə, Rusiya Cənubi Qafqazdakı vəziyyəti daha qorxulu və təhükəli hala gətirməyə çalışır: "Bütün bunlar göstərir ki, Moskva Cənubi Qafqazda Azərbaycan və Gürcüstan üçün ciddi təhdid mənbəyi olaraq qalır. Son təlimlər də Rusiyanın strateji məqsəd və niyyətlərinə xidmət göstərir”.

Hərbi ekspert Azad İsazadə isə qeyd edib ki, Rusiyanın tələm-tələsik Ermənistanda təlimə başlaması erməni ictimaiyyətinə hesablanıb. Azərbaycana "əzələ nümayişi” deyil: "Buna səbəb Ermənistanın Gömrük İttifaqına Qarabağsız qoşulmasıdır. Erməni ictimaiyyəti Sarkisyan hökumətindən Qarabağı da ittifaqa qoşa bilmədiyi üçün narazı qalıb. Onlar hesab edirlər ki, Sarkisyan tezliklə Qarabağı Azərbaycana qaytaracaq. Rusiya da Ermənistanda hərbi təlim keçirməklə, erməni xalqının yanında olduğunu göstərməyə çalışır”.

Eyni zamanda A.İsazadə bildirib ki, belə təlimlər hər hansı bir ölkəyə təzyiq vasitəsi ola bilməz: "Çünki heç bir ölkə bu cür sıxışdırmalarla öz siyasətindən geri çəkilən deyil, Azərbaycan da həmçinin”.

Ekspert vurğulayıb ki, Rusiyanın addımı Azərbaycana mesajdırsa, rəsmi Bakı bu ismarıcın cavabını iyirmi gün əvvəl verib: "Rusiya bu təlimlə Azərbaycanı həm atəşkəs, həm də müharibə təhlükəsi olarsa, hərb zamanı güc nümayişindən çəkinməyə çağırır. Bu doğrudan da belədirsə, o zaman Azərbaycan da 20 gün öncə Qarabağ səmasında türkiyəli pilotlarla birgə təlim keçməklə Rusiyanın cavabını verib. Bu o deməkdir ki, siz Ermənistanın yanındasınızsa, Türkiyə də bizim yanımızdadır. Biz Türkiyə ilə birgə regionun təhlükəsizliyinə cavabdeh olmağa qadirik”.