Yunusların cəzalanması bəzi qüvvələrin “narahatlığı”na səbəb olub

Bu prosesi siyasiləşdirənlər yaxşı olardı ki, öz ölkələrindəki proseslərə nəzər yetirsinlər


"Sülh və Demokratiya İnstitutu” adlı qurumun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun başa çatmış məhkəmə prosesi onlarla iş birliyi quran məkirli qüvələrin "narahatlığına” səbəb olub. Görünən odur ki, Azərbaycanın milli maraqlarına zərbə vurmaqla mənfəət əldə edən həmin qüvvələr son şanslarını əldən vermək istəmirlər. Məsələ ondadır ki, xüsusi xidmət orqanları daim "instrument” axtarışında olurlar.

Bu axtarışın nəticəsi olaraq da milli satqınları, şəxsi mənafelərini milli maraqlardan üstün tutan şəxsləri asanlıqla öz təsirləri altına salırlar. Əslində Leyla Yunus kimilərinin belə qüvvələrin təsiri altına düşməsi qeyri-adi və təəccüblü görünməməlidir. Çünki Leyla və Arif Yunusovlar uzun illərdir yorulmadan Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıblar. Belə demək mümkündürsə, bu insanların çörəyi Vətənə xəyanətdən çıxıb. Daha dəhşətlisi odur ki, bu işdə xarici kəşfiyyat orqanlarının, hətta düşmən qüvvələrin dəstəyindən də yararlanıblar. Hərislik hissinin girovuna çevrilən bu cütlük Azərbaycanın əzəli düşməni olan, millətin qanına susayan ermənilərlə işbirliyindən belə çəkinməyiblər. Bunun əksinə olaraq, Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi haqlı olaraq qınayıblar. Axı necə bir insan olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada satasan?! Amma görünür, belə adamlara Vətəni satmaq elə də çətin gəlmir. Heç şübhəsiz ki, L.Yunus və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu onların Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinin genişlənməsi üçün xüsusi əhəmiyyət kəsb edib. Məhz bu cür əlaqələrin olması onların erməni kəşfiyyat orqanlarına Azərbaycan barədə çoxsaylı faktların ötürmələrini istisna etmir. "Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus indiyə qədər Azərbaycanda baş verən istənilən hadisəni problemə çevirərək beynəlxalq təşkilatların və xarici medianın diqqətinə çatdırıb. Bu cür əməlləri özünə həyat tərzi seçmiş Yunusovlar Azərbaycanı beynəlxalq aləmin gözündə qara rəngdə göstərmək üçün əlindən gələni ediblər. Belə əməllərinə görə, əldə etdikləri külli miqdarda vəsait hesabına bir sıra xarici ölkələrdə mülklər və obyektlərə sahib olublar. Təsadüfi deyil ki, L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onların Türkiyə və Çexiyada mülklər aldığı, xarici təşkilatlardan aldıqları qrantları mənimsəmələri faktlar əsasında təsdiqini tapıb. Sirr deyil ki, L.Yunusa bu işdə onun xarici ölkələrdə yaşayan erməni qohumlarının dəstəyi kifayət qədər olub. Bu isə o deməkdir ki, bu şəxsləri milli zəmində Azərbaycanla bağlayan heç bir amil yoxdur.

Məsələyə münasibət bildirən millət vəkili Aqil Abbas deyib ki, Leyla Yunus ömür boyu xarici dairələrə işləyib: "Beynəlxalq təşkilatlar istənilən adamdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Leyla Yunus da belə insanlardan biridir. Azərbaycanda ən xırda məsələni belə siyasiləşdirməyə çalışan bəzi beynəlxalq təşkilatlar yaxşı olardı ki, öz ölkələrindəki proseslərə nəzər yetirsinlər. Leyla Yunus uzun illər xarici dairələrə məlumat ötürüb, onlara çalışır. Ona görə də hazırda öz anti-milli, cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayır. Əgər bu ölkənin vətəndaşısansa, burada fəaliyyət göstərirsənsə, o zaman buranın qanunlarına tabe olmalısan. Aldığı rüşvət müqabilində kimlərinsə sifarişini yerinə yetirmək bu qadının qanına işləyib. Ermənilərə xidmət edən birinin Azərbaycan adından, demokratik mühitdən, insan haqlarından danışmağa haqqı yoxdur”.

İsmayıl