AXCP fəalı İŞİD-i Azərbaycana çağırıb

Tahir Kərimli: “Ən birinci qınanan Əli Kərimli olmalıdır”



İlqar Altay: "Bu tör-töküntülər öz istinad nöqtəsini yalnız İŞİD kimi qaniçən qruplarda tapırlar”

Fransada yaşayan AXCP funksioneri dəhşətli terror şəbəkəsinin hərəkətlərinə haqq qazandıran bəyanat verib və qaniçən qruplaşmanı ölkəmizə dəvət edib. Belə ki, AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov "facebook” statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazıb. Statusda belə yazılıb:

"İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların, adını dindar qoyub, cindarlıqla məşğul olanların, adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir. Düşünürəm ki, düz də edir, Azərbaycana xoş gəlirsən ey İŞİD”. Göründüyü kimi, dünyanı qorxuya salan terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İnqilab Kərimov İŞİD-i Azərbaycana, Əli Kərimlini təqdir etməyənlərin başlarını kəsməyə dəvət edir. Zaman-zaman Ə.Kərimlinin sağ əli olan İ.Kərimovun qanlı statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb. Bu mesaj Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilib və lənətlənib. Məlumat üçün bildirək ki, İ.Kərimov Fransadan siyasi sığınacaq alsa da, hazırda AXCP-nin rəhbər strukturlarında təmsil olunur. İşin maraqlı tərəfi odur "facebook”da bir sıra AXCP üzvləri də bu statusu "like” ediblər, bəziləri isə dəstək yazıblar. Bu situasiya radikal müxalifətin gerçək mahiyyətini ortaya qoyur. Bu adamlar öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, hətta İŞİD-lə belə müttəfiq olmağa hazırdırlar.

Ekspertlərə görə, İnqilab Kərimovun statusu terrora çağırış və birmənalı şəkildə ağır cinayət tərkibi yaradan əməldir. Məsələyə münasibət bildirən "Vəhdət” Partiyasının sədri Tahir Kərimli deyib ki, AXCP sədrinin əmisi oğlunun terrorçu qruplaşmanı ölkəmizə dəvət etməsi, vandalizmə dəstək verməsi bütün azərbaycanlılar tərəfindən qınanmalıdır: "Ən birinci qınanan isə Əli Kərimli olmalıdır. Çünki onun əmisi oğlu İnqilab Kərimov ən yaxın adamıdır, onu Ə.Kərimli yetişdirib. Bu rüsvayçılığın da əsas səbəbkarı odur. Qərbin xüsusi xidmət orqanları tərəfindən yaradılaraq müsəlmanlara qənim kəsilən bir terrorçu təşkilata dəstək vermək elə terrorçu olmaq deməkdir. Hazırda Bakıda deyiləm. Paytaxta qayıdan kimi partiyamız adından bəyanat verib Əli Kərimlinin bu millətə qarşı apardığı növbəti iyrənc siyasəti bir daha qınayacam. İnsanlarımızı bu məsələdə təpki göstərməyə, bu cür anti-milli ünsürlərə qarşı mübarizə aparmağa çağırıram. Düşmənlərimizi ölkəmizə dəvət edənlər elə ən böyük düşmənlərimizdir”.

Tanınmış kriminalist İlqar Altay da bildirib ki, Azərbaycan bu cür tör-töküntülərdən təmizlənməlidir: "Azərbaycanın daxilində və ya xaricində yaşayan insanlarımızın İŞİD-ə olan rəğbəti gizli deyil. Əlbəttə, bu simpatiya ondan irəli gəlmir ki, guya həmin adamlar İŞİD-in necə başkəsən, qaniçən terror qruplaşması olduğunu bilmirlər və sadəlövhlükdən qruplaşmaya meyil edirlər. Xeyr, hamı çox gözəl bilir ki, İŞİD islamla, dinlə, haqq-ədalətlə heç bir əlaqəsi olmayan qanlı terror təşkilatıdır. Məsələ burasındadır ki, terrorçulara qoşulanlar, ona dəstək verənlər bunu bilə-bilə edirlər. Elə ona görə də həmin terror qruplaşmasının kökünü kəsmək mümkün olmur”. Ekspert deyib ki, hər cəmiyyətin terrorizmə, qəddarlığa və diktaturaya meyilli, geridəqalmış təbəqəsi olur: "Mövqeyindən asılı olmayaraq bu cür adamlar cəmiyyətin tör-töküntüsü hesab olunur. Bu tör-töküntülər öz istinad nöqtəsini yalnız İŞİD kimi qaniçən qruplarda tapırlar. Çünki onlar yalnız qanlı üsullarla içlərindəki dəhşətli hissləri, terror ruhunu azadlığa çıxara bilirlər. Azərbaycanda İŞİD-ə maddi və mənəvi dəstək verən, hətta birbaşa qruplaşmada iştirak edən xeyli sayda insan var. İstər AXCP-də, istərsə də digər radikal müxalifətin içərisində terrora meyilli, qan tökməyə həvəsli adamlar var. Müxalifətin içində terrorçuları açıq alqışlayanlarla yanaşı, İŞİD-ə gizli sevgi bəsləyənlər də az deyil. Belə insanları vaxtında aşkar edib məsuliyyətə cəlb etmək lazımdır”.

İsmayıl