“Ölü” partiyalar “dəfn” olunmalıdır

“Rəqabət imkanı olmayan siyasi partiyaların ləğv olunması doğru olardı”



Bu gün Azərbaycanda elektorat sayının az və çox olmasından asılı olmayaraq, onlarla siyasi partiya fəaliyyət göstərir. Bunlardan bəziləri cəmiyyətin siyasi həyatına müəyyən təsir göstərsə də, bəzilərinin yalnız adları və bir neçə üzvləri var. Məlumdur ki, belə "cırtdan” partiyalar dövlətin siyasi həyatında heç bir rola malik deyillər.

Həmin qurumlar ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində zəif iştirak edir və ya ümumiyyətlə iştirak etmirlər. Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri, ölkə rəsmiləri də dəfələrlə siyasi fəaliyyəti olmayan partiyaların bağlanılması təklifini irəli sürüblər. Ekspertlərə görə, dünyanın bir çox ölkələrində iki ildən artıq fəaliyyət göstərməyən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv olunur. Bu baxımdan "ölü” partiyaların, yəni uzun müddət gündəmdə görünməyən, seçkiyə qatılmayan partiyaların fəaliyyətinə xitam verilməsi daha məqsədəuyğun görülür.

Partiyaların ləğvi ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Natiq Mirinin sözlərinə görə, adı olub, özü olmayan, cəmisi bir papkadan ibarət partiyaların çoxluğu siyasi müstəvidə rənglər çoxluğuna dəlalət etmir: "Əksinə, bu partiyalar ideoloji cəhətdən bir-birinə yaxın, bir-birini təkrar edən partiyalardır. Üstəlik, özünü saxlaya bilməyən bir partiyanın ictimai rəyə təsir imkanı necə ola bilər? Belə partiyaların çoxluğu cəmiyyətdə də müsbət qarşılanmır. İqtidar-müxalifət danışıqlarında bir maneəyə çevrilməklə bərabər, hansısa qüvvələrin əlində siyasi alət olmağa başlayırlar. Ona görə də belə fəaliyyəti və siyasi rəqabət imkanı olmayan siyasi partiyaların ləğv olunması doğru olardı”. Politoloqun fikrincə, siyasi müstəvinin təmizlənməsinə ciddi ehtiyac var: "Qoy heç bir gücü və fəaliyyəti olmayan partiyalar fəaliyyəti ilə tanınan digər siyasi güclərə birləşsinlər. Belə olduğu təqdirdə siyasi müstəvi seyrələr və partiyaları inzibati yolla bağlamağa ehtiyac qalmaz”.

İsmayıl