“Qırmızı bina”nın sakinləri zülm çəkir

Xırdalanda 12 mərtəbəli binanın lifti 15 gündən çoxdur ki, işləmir



Yaşayış binalarının lift problemi həllini tapmır. Artıq neçə illərdir ki, əksər yaşayış binalarında liftlərin yararsız hala düşməsindən sakinlər əməlli-başlı əziyyət çəkir. Təsəvvür etmək belə çətindir ki, hündürmərtəbəli binada yaşayan ahıl insanlar hansı durumla qarşı-qarşıyadır. Liftlərin işləməməsi səbəbindən bəzən yaşlı sakinlər, ürək çatışmazlığı olanlar aylarla həyətə düşmür, hətta bazarlıq üçün də yaxınlarından, qohum-əqrəbadan kömək istəyirlər.

Bu durumda mənzil-kommunal təsərrüfatı idarələrinin yarıtmazlığı da vəziyyəti lap qəlizləşdirir. Lift xarab olduqda sakinlər hara müraciət edəcəklərini bilmirlər. "JEK”lər maliyyə vəsaitinin olmamasını bəhanə gətirir, kooperativ binalarda isə sakinlərə öz vəsaitləri hesabına liftləri təmir etdirməyi məsləhət görürlər.

Oxşar situasiya hazırda Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 "a” ünvanındakı "Qırmızı bina” adı ilə tanınan kooperativ binada yaşanır. Sakinlər bildirir ki, artıq iki həftədir binanın lifti xarab olub. Amma bir əncam çəkən yoxdur. Sakinlərin dediyinə görə, bina "R+R” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilib. Binaya iki lift qoyulub. Biri yüklərin daşınması, biri isə sərnişin liftidir. Ancaq sakinlər binaya köçəndən yük lifti ilə enib-qalxırlar. Guya sərnişinlər üçün nəzərdə tutulmuş lift "anadangəlmə” xarabdır. Bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya gəlib xarab olmuş liftin qapısını möhürləyiblər. Qapının üzərinə isə "təmir edilir” sözləri yazılıb. Ancaq sakinlər deyir ki, liftdə təmir aparılmır. Qapısı necə möhürlənibsə, elə də qalır. Sakinlər arasında yaşlı olanlar həyətə düşməkdən çəkinirlər. Çünki həyətə düşsələr, mənzillərinə qalxa biləcəklərinə ümid etmirlər. Sakinlər binanın komendantına müraciət ediblər, o da, "düzələcək” vədi verib. Lift isə düzələnə oxşamır.

Qeyd etməliyik ki, analoji hallar paytaxtın bir çox yaşayış binalarında mövcuddur. Çıxılmaz vəziyyətdə qalan sakinlərə yardım edən isə tapılmır.

Məsələyə münasibət bildirən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli "Şərq”ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin nəzdində Lift İstehsalat Birliyinin fəaliyyət göstrdiyini dedi:

- Bu birlik yalnız BŞİH-nin balansında olan binalara cavabdehdir. Necə fəaliyyət göstərirlər, bu, başqa mövzudur. Ancaq mənzil tikinti kooperativləri tərəfindən inşa edilmiş binalara xidmət göstərmək onların səlahiyyəti xaricindədir. MTK bina inşa edirsə, mənzil-kommunal departamentləri ilə, eləcə də, Fövqəladə Hallar Nazirliyi ilə müvafiq müqavilə bağlamalıdır. Buna əsasən də, həmin qurumlar binalarda təhlükəsizlik sistemini, liftlərin işlək vəziyyətdə olmasını təmin etməlidirlər. Əgər belə bir müqavilə yoxdursa, heç kim bu qurumları məsul tuta bilməz. Bəzən deyirlər ki, filan binada lift xarab oldu, FHN çağırışa gəlmədi. FHN hüquqi cəhətdən ona aid olmayan sahədə xidmət göstərə bilməz. İnşa edilmiş binaya əvvəlcə ümumi çıxarış alınmalıdır. Təhvil-təslim aktı imzalanmalıdır və müqavilə bağlanmalıdır. Bundan sonra FHN və ya Lift İstehsalat Birliyi o binanın təhlükəsizliyinə də, liftinə də cavabdehlik daşıya bilər. Amma hüquqi sənəd olmadan bu qurumların binalarda xidmət göstərməsi düzgün deyil. FHN hardasa yanğın baş verirsə və ya hansısa təbii fəlakət zamanı müdaxilə edir. Amma bir binada lift xarab olubsa, ya da liftin qapısı açılıb-bağlanmırsa, bunun nə FHN-ə, nə də Lift İstehsalat Birliyinə aidiyyəti var. Sadəcə, sakinlər binanı inşa etmiş MTK-dan müvafiq müqavilələrin imzalanmasını tələb etməlidirlər. Necə ki, MTK sakinlərdən bina tikilməmiş pul alır, sakinlər də ödədikləri məbləğ müqabilində can güvənliklərinin qorunmasını tələb etsinlər.

V.Tofiqli MTK-ların inşa etdiyi binalardan mənzil alan vətəndaşları hüquqi bilgisizlikdə ittiham etdi:

- Vətəndaş mənzil alırsa, bunu rəsmi şəkildə, müqavilə əsasında etməlidir. Bizim vətəndaşların bir çox problemlərlə qarşılaşmasının bir səbəbi də rəsmi qaydada iş aparmamalarıdır. Mənzil satın alınarkən tərəflər arasında müqavilə bağlanmalıdır və imzalanmalıdır. Mənzil alan müqavilə şərtləri ilə tanış olmalıdır və sonradan ortaya çıxa biləcək hansısa problemə görə, hara müraciət edəcəyini bilməlidir. Təəssüf ki, vətəndaşlar müqavilə şərtləri tələb etmir, MTK-lar da vətəndaşın qeyri-rəsmiliyə üstünlük verməsindən məharətlə faydalanırlar. Binanı tikən MTK sonradan ələ keçmir. Heç kim onların harada olduğunu, harada fəaliyyət göstərdiyini bilmir. MTK binanı tikir, mənzillər satılır və ortadan "yox olur”. Əslində isə, hüquqi baxımdan MTK-nın ünvanı, səlahiyyətli nümayəndəsinin ünvanı, bütün koordinatları sakinlərə məlum olmalıdır və problem yarananda da onlar məsul şəxs kimi sakinlərin harayına çatmalıdırlar. Təəssüf ki, bizdə hüquqi savadsızlıq hələ də mövcuddur və əksər vətəndaşlar belə hallarla qarşılaşdıqda məhkəməyə müraciət etməyə də ərinirlər. Amma bir-iki belə hal yaşansa, vətəndaşlar da MTK-ların cəzalandığını görsələr, vəziyyət müsbətə doğru dəyişər. MTK-lar da vətəndaşları aldatmağın qeyri-mümkün olduğunu görərlər.

Məlahət Rzayeva