Rektorlar, sahibkarlar deputat ola bilməz

Əvvəllər 17 faiz güzəşt var idi, sonra buna xitam verilib



Əliməmməd Nuriyev: "Hazırkı şəraitdə məsələyə mütləq aydınlıq gətirilməlidir”

"Dövlət qurumlarında vəzifə tutanların deputat olması Konstitusiyaya və Seçki Məcəlləsinə ziddir”. Bu fikri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun təmsilçiləri ilə görüşdə "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid səsləndirib. Baş redaktor bu məsələni seçkidə ən böyük problem və çatışmazlıq sayılacaq məsələ adlandırıb:

"Konstitusiyanın 85 və 89-cu maddələri dövlət orqanlarında vəzifə tutan və ödənişli əsaslarla çalışan, kommersiya və sahibkarlıqla məşğul olan şəxslərin deputat olmasını qadağan edir. Amma təəssüf ki, bu gün Azərbaycan parlamentində fərqli bir mənzərə var. İndi bəzi dövlət şirkətinin prezidentləri, ali təhsil müəssisələrinin rektorları Milli Məclisin üzvüdür. Eyni zamanda biznes fəaliyyəti ilə məşğul olan bir çox deputat da var”. R.Məcid bu cür halların seçkidə bərabər rəqabət şəraitini pozduğunu söyləyib. Məlumat üçün bildirək ki, sözügedən məsələ dəfələrlə millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov tərəfindən də gündəmə gətirilib.

Məsələni "Şərq”ə şərh edən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, bir şəxsin eyni anda çoxsaylı vəzifə tutması yanlışdır. Bu, sağlam idarəetmənin prinsiplərinə ziddir: "Həm fiziki, həm də zehni baxımdan bir insan sadəcə bir vəzifəni icra edə bilər, digərlərini isə yola verər. Ölkə qanunlarına görə, qanunverici hakimiyyətin nümayəndələri digər ödənişli işlə məşğul olmamalıdır. Deputatlar yalnız yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Pedaqoji fəaliyyətlə məşğul olmaq üçün də Milli Məclis sədrinin müvafiq razılığı olmalıdır. Amma vəkillərin sərbəst yaradılıcılıqla məşğul olmasında heç bir problem yoxdur. İcra strukturlarında inzibati funksiyalar həyata keçirən şəxslər də, Milli Məclisin deputatı ola bilməzlər. Əgər rektorlar deputat olmaqla yanaşı, icra etdikləri digər vəzifələrə görə də dövlət büdcəsindən vəsait alırlarsa, bu, yolverilməzdir. Deputat olan rektorlar iki vəzifənin birindən mütləq imtina etməlidir. Onlar ya inzibati vəzifələrini icra etməli, ya da deputat fəaliyyətlərinə xitam verməlidirlər”.

Ə.Nuriyev xatırladıb ki, Seçki Məcəlləsinə görə, deputat olmaq istəyən şəxslər namizədliklərini verərkən xüsusi öhdəlik qəbul edirlər: "Namizəd deputat seçiləcəyi təqdirdə hər hansı ödənişli vəzifə ilə məşğul olmayacağına söz verir. Əgər sözündə durmursa, deməli mövcud qanunvericiliyə zidd hərəkət edir. Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də deputat ola bilməzlər. Belə şəxslər konkret seçim etməlidir, ya birbaşa bizneslə məşğul olmalı, ya da Məclisdə seçicilərin problemlərini qaldırmalıdır”.

Hüquqşünas prosesdə mühüm boşluq olduğunu bildirib: "Təəssüflər olsun ki, bizdə "maraqların toqquşması” haqqında qanun qəbul edilməyib. Ona görə də bu cür problemlər yaranır. Özəl sektorda və ya digər vəzifələrdə çalışan şəxslər üçün vəzifələrin ötürülməsi prinsipi tətbiq olunmalıdır. Əgər kiminsə əmlakı varsa, mülk üzərində idarəçiliyin başqa şəxslərə verilməsi mexanizmi hazırlanmalıdır. Mən "Maraqlar toqquşması” haqqında qanun layihəsi hazırlayan qrupun içində olmuşam. Yəni bununla bağlı layihə olduğunu bilirəm. Güman edirəm ki, maraqlar haqqında qanun mövcud problemləri aradan qaldıracaq və builki parlament seçkisində həmin məsələ nəzərə alınacaq”. Ə.Nuriyevin sözlərinə görə, Parlamentin birinci çağırışında 17 faizlik bir güzəşt var idi. Yəni o vaxt icra strukturlarında çalışanlara müvəqqəti olaraq parlamentə düşməyə icazə verilirdi. Amma sonrakı çağırışlarda bu maddənin qüvvədə qalmasına xitam verilsə də, görünən odur ki, proses olduğu kimi davam etdirilir. Fikrimcə, hazırkı şəraitdə məsələyə mütləq aydınlıq gətirilməlidir. Proses dəqiq şəkildə, hakimiyyət bölgüsünün tələblərinə uyğun formada aparılmalıdır. Əks halda hakimiyyətlər arası transformasiya baş verə bilər”.