Müsavatın Suraxanı təşkilatında qalmaqal

Elman Fəttah: “Heç bir qanun pozuntusu baş verməyib”



Müsavat Partiyasının Suraxanı rayon təşkilatının strukturlarına keçirilən seçkilərlə bağlı qalmaqal yaranıb.

Təşkilatın sabiq sədri Rövşən Dəmirlinin verdiyi məlumata görə, avqustun 16-da keçirilən seçkilərdə cəmi 19 nəfər iştirak edib və seçkilərdə say komissiyasının üzvləri namizəd olublar. Bu isə qurumun Nizamnaməsinə ziddir: "Onlardan 3 nəfəri Şura, digər 3 nəfəri Nəzarət-Təftiş Komissiyasının üzvü seçilib, bir nəfər isə sədr olub. Müsavatın Nizamnaməsində yazılıb ki, səsvermə gizli olduğu üçün say komissiyası yaradılır. Ancaq həmin say komissiyasının üzvləri hansısa seçkili orqanlara namizəd olublar”. İddiaya münasibət bildirən Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə Müsavatın Suraxanı rayon təşkilatına sədrlik edən şəxsin yalan danışdığını deyib: "Bütün prosedurlar partiyanın Nizamnaməsinə uyğun icra olunub. Heç bir qanun pozuntusu baş verməyib. İddia edilənlər böhtan və yalandır”.