Qanunlar sərtləşir, Avropa gələnləri istəmir

Qərbin yalnız intellektual mühacirlərə ehtiyacı var


Azərbaycandan mühacirət etmək istəyənlərə Avropadan məxfi qadağa qoyulub. Hətta Qərb rəsmi Bakıdan xahiş edib ki, azərbaycanlı mühacirlərin Avropaya axınını əngəlləsin. Çünki son zamanlar siyasi mühacirlər (o cümlədən qaçqınlar) məsələsi Avropanın ən ciddi problemlərindən birinə çevrilib. Bu problemdə ölkəmizin də kiçik "payı” var. Məlumat üçün bildirək ki, Azərbaycandan mühacir axını 2003-cü ildən vüsət alıb və bu proses 2005-ci ilin sonunadək davam edib.

Bundan sonra siyasi mühacir axınında nisbətən stabillik yaranıb. Amma 2014-cü ildən Avropaya axın statistikası yenidən artıb. Xüsusilə Azərbaycanda QHT sektorunda həbslərdən sonra mühacir statusu üçün müraciət edənlərin sayında kəskin artım baş verib. Onlar əsasən Gürcüstan və Türkiyədən keçməklə Avropaya üz tutmağa daha çox üstünlük veriblər. Azərbaycanı son aylar tərk edərək Avropada mühacir statusu alan və ya almaq istəyənlərin əksəriyyəti QHT sektorunda çalışanlar, müxalifət partiyalarının fəalları, onların ailə üzvləri və bəzi jurnalistlərdir. Bir çox tanınmış və ölkənin ictimai həyatında fəal iştirak edən QHT rəhbərləri və jurnalistlər son aylar Avropanın müxtəlif ölkələrinə sığınıblar. Yeri gəlmişkən, bu dalğada Azərbaycanda hətta heç bir təhlükə obyekti olmayanlar da ölkədən çıxmağa başladılar.

Qərbin xahişini şərh edən ekspert Azər Allahverənov "Şərq”ə deyib ki, hazırda Qərb miqrasiya sahəsində çox sərt siyasət aparır. Bunun əsas səbəbi isə müxtəlif Qərb ölkələrinə gedən mühacirlərin sayının artmasıdır: "Almaniya və Fransa kimi ölkələr güclü mühacir axınına məruz qalıb. Belə olan halda da Qərb özünə sərf edən bir variant seçmək istəyir. Məsələn, mühacirlərə vətəndaşlığın verilməsindəki sərtləşdirmə və onlara göstərilən maliyyə yardımının azaldılması bunun sübutu kimi yozula bilər. Qərb mühacirlərdə maraqlı olmadığını nümayiş etdirmək istəyir. Onlar yalnız yüksək ixtisasa malik mühacirlərin qəbul olunmasında maraqlıdır. Məsələn, Almaniyada iki sahə üzrə - həkim və kompüter mühəndisi ixtisası üzrə mühacirlərə böyük önəm verirlər. Bunun üçün xüsusi bir proqram da həyata keçirilir. Fransa, Böyük Britaniya və digər ölkələrdə də buna oxşar proqramlar mövcuddur. Yəni onlar intellektual mühacirləri qəbul edib, öz iqtisadiyyatlarına xeyir vermək istəyirlər. Bax, Qərbin indiki miqrasiya siyasəti buna hesablanıb”.

Ekspertin qənaətincə, insanların harasa getməsinin əngəllənməsi qanuni rıçaqlarla reallaşdırıla bilməz: "Çünki insanların konstitusiya ilə tənzimlənən sərbəst hərəkət hüququ var. Tutaq ki, kimsə Azərbaycanı tərk edib, başqa bir ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bunun qarşısını necə almaq olar? Bu çox çətin məsələdir. Düşünürəm ki, miqrasiya proseslərinin effektiv müstəviyə keçirilməsi lazımdır. Məsələn, vətəndaşlarımız Qərbdə hansısa texnologiyaları öyrənib, sonra gəlib, Azərbaycanda iqtisadiyyatın inkişafına yönəldə bilər. Bu, təbii ki, yaxşı haldır”.

Ayyət Əhməd