İdman jurnalistikası futboldan “asılı” qalıb




Sahib Əsədbəyli: "Məhəllədə, dost-tanış arasında ən yaxşı futbol müzakirəsi aparan şəxs özünü

potensial idman jurnalisti hesab edir

Elsevər Məmmədov: "İdman jurnalistləri digər sahələrdə çalışanlardan daha çox əziyyət çəkirlər

Gündüz Abbaszadə: "İdman jurnalistikasını, məqsədi idmandan pul qazanmaq istəyən adamlar biabırçı vəziyyətə qoydu”

Natiq Muxtarlı: "Biz qəzet çıxardırıq, özü də kifayət qədər normal qəzet”

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğının nəticəsində mətbuatımız çox dinamik tərəqqiyə nail olub. Məhz həmin dəstəyin sayəsində ölkədə fəaliyyət göstərən media quruluşları həm keyfiyyət, həm də kəmiyyət baxımından müsbət dəyişikliklər əldə edib. Bu sahədəki peşəkarlıq səviyyəsinin yüksəlməsi mətbuatımızın dünya miqyasında inkişafına təkan verib. Eyni zamanda KİV-ə verilən dəstək medianın ayrı-ayrı deyil, bütün qollarının çiçəklənməsinə imkan yaradıb. Düşüncələrimizin əyani sübutu kimi jurnalistikanın başlıca qollarından olan idman mətbuatında qazanılan müvəffəqiyyətləri göstərə bilərik. Məlumdur ki, son zamanlar bu sahədə də çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, elektron portallar fəaliyyət göstərir və bu xarakterli media orqanlarının sayı getdikcə çoxalmaqdadır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, idman mətbuatındakı çatışmazlıqlara hələ də rast gəlinir. Ekspertlər isə bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Kimi hesab edir ki, idman jurnalistikası digər sahə jurnalistikasının kölgəsində qalıb deyə problemlərlə üzləşib. Kimi isə bu axsamanı ölkədə idmana olan marağın azlığı ilə əlaqələndirir. Sözügedən sahədəki fəsadların səbəbi və onlardan qurtuluş yolları barədə "Şərq”ə danışan "Ədalət " qəzetinin idman yazarı Sahib Əsədbəyli qeyd edib ki, Azərbaycan mətbuatının ən zəif qolu elə idman jurnalistikasıdır. Çünki hamı futboldan yazır: "İdman xəbər saytlarının 90 faizi iş sistemini ancaq futbolla bağlı xəbər, araşdırma və reportajlar üzərində qurub. Baxırsan ki, müxtəlif idman növləri üzrə yığmalarımızın iştirakıyla dünya və Avropa çempionatları, nüfuzlu beynəlxalq turnirlər keçirilir, bizim saytlar bunu geniş işıqlandırmaq əvəzinə, İspaniya primyerasının, İngiltərə primyer-liqasının oyunundan "onlayn” xəbər hazırlayır. Səbəbini soruşanda da deyirlər ki, qeyri-futbol növlərinə maraq azdır. Ancaq anlamaq lazımdır ki, marağın yaranmasında əsas rol bilavasitə medianın üzərinə düşür. Təqdimatdan, işıqlandırılmadan çox şey asılıdır.

"İdman jurnalistikasına maraq azdır” iddiasını dəyərləndirən həmkarımız bu fikirlərlə razılaşmır: "İdman mətbuatına marağın az olduğunu demək olmaz. Əksinə, yerindən duran bu sahəyə üz tutur. Vəziyyət belədir ki, məhəllədə, dost-tanış arasında ən yaxşı futbol müzakirəsi aparan şəxs özünü potensial idman jurnalisti hesab edir. Onların da arasında sonradan iş tapmaqda çətinlik çəkənlər üz tutur mətbuata. Hərəsi bir sayt açıb "copy-paste” rejimi ilə bir-birini təkrarlayırlar. Orijinallıq sıfır dərəcəsindədir”.

S.Əsədbəyli onu da diqqətə çatdırıb ki, Azərbaycanda xeyli sayda peşəkar futbol yazarı var, amma bir nəfər də olsun universal idman jurnalisti yoxdur: "Bu, şərhçilikdən də yan keçməyib. Qeyri-olimpiya növləri bir yana qalsın, olimpiya növlərində keçirilən turnirlərin yayımı zamanı şərhçilərin istər qaydalardan, istərsə də idmançıların karyerasından məlumatı olmadığı açıq-aşkar hiss olunur. Avropa Oyunlarında bir çox xarici jurnalistlə ünsiyyətdə oldum. Onların demək olar hamısı professional, idmanın bütün incəliklərinə yaxından bələd olan şəxslər idi. Bu da ixtisaslaşmadan qaynaqlanır. Fransa, İtaliya, Almaniya, uzağa getməyək, qardaş Türkiyə və qonşu Gürcüstanda bu sahənin ayrı-ayrı növləri üzrə ixtisaslaşma mövcuddur. Bir qrup komanda, bir qrup da təkbətək idman növləri üzrə formalaşıb. Bəzi ölkələrdə hətta bu iki qrup da ayrı-ayrı qollara ayrılır. Bu praktikanın bizim mediada da tətbiqi mütləqdir. Belə olarsa, hər kəs öz yerini bilər. Daha kütləvi şəkildə futbola axın olmaz. Tətbiqi və uğurlu nəticə verməsi üçün də aidiyyəti dövlət orqanlarının nəzarəti lazımdır”.

Qafqazinfo.az saytının idman yazarı Elsevər Məmmədov qeyd edib ki, Azərbaycanda idman jurnalistikasının durumunu qənaətbəxş saymaq olmaz: "1-2 mətbu orqanı çıxsaq, qalanları pis vəziyyətdədir. Çünki maliyyə durumları ürəkaçan deyil”.

Həmkarımız hesab edir ki, idman mətbuatına maraq heç zaman az olmayıb: "Sadəcə, jurnalistikanın digər qollarına baxanda idman mediasına diqqət, qayğı çox aşağıdır. Bu səbəbdən də problemlər ortaya çıxır”.

"Peşəkar idman yazarlarımız varmı” sualına gəlincə, müsahibimiz bir neçə həmkarının adını çəkib: "Əlbəttə var. Ən azı 4 nəfərin Mahir Rüstəmli, Vüsal Mahmudov, Emin Abbasov və Natiq Muxtarlı kimi idman jurnalistlərinin adını çəkmək olar. Onlar məktəbdirlər”.

Bu sahənin çatışmazlıqlarından söz açan E.Məmmədov bəyan edib ki, idman mətbuatının ən böyük problemi maliyyə məsələsidir: "Qaldı ki, idman jurnalistləri digər sahələrdə çalışanlardan daha çox əziyyət çəkirlər”.

İdman jurnalistlərimizin İlk Avropa Oyunları zamanı davranışına diqqət çəkən həmsöhbətimiz vurğulayıb ki, sözügedən tədbirdə idman mediası əlindən gələni etdi: "Amma bəzən biz idman yazarları əcnəbi həmkarlarımızla müqayisə olunuruq. Zənnimcə, xaricilər daha yaxşı şəraitdə işlədiyi üçün onları bizimkilərlə müqayisə etmək düzgün deyil. Biz, ən azı Avropa Oyunlarında onların necə professional texnika ilə təmin olunduğunu gördük”.

Ölkə telekanallarındakı idman şərhçiliyinə toxunan həmsöhbətimiz söyləyib ki, burada da vəziyyət ürəkaçan deyil: "Bizdə idman şərhçiliyi aşağı səviyyədədir. Fikrimcə, 1-2 nəfəri çıxmaqla digərləri haqqında "normal”dır demək mümkün deyil.

Bunun başlıca səbəbi efirə çıxanların daha az mütaliə etməsi, cümlələri düzgün qura bilməməsidir. Həmin sahədəki fəsadları aradan qaldırmaq üçün xaricdən hansısa şərhçiləri gətirmək lazımdır ki, bizimkilərə sözün yaxşı mənasında dərs versin. Eyni zamanda, futbol şərhçiləri futbolu da çox zəif bilirlər. Analiz etmək və qaydalardan xəbərsizdirlər.

İdman jurnalistikasındakı problemlərin aradan qaldırılması istiqamətində atılmalı olan zəruri addımlara E.Məmmədov deyib ki, bunun üçün ən azı idman mediası ilə maraqlanan bir qurum yaradılmalıdır: "AİJA adlı bir təşkilat var. Amma bilinmir nə işə baxır. Hər il bir nəfərə mükafat verməklə yola verir. Başqa heç bir iş görülmür. Ən azından bu sahəyə dövlət də diqqət ayırıb qayğılarımızla maraqlana bilər. Çünki idman ölkəmiz üçün önəmli sahədir”.

"Neftçi”nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə qeyd edib ki, idman jurnalistikasını idmanla heç bir əlaqəsi olmayan, məqsədi idmandan pul qazanmaq istəyən adamlar biabırçı vəziyyətə qoydu: "Hər gün yeni bir idman saytı çıxır. Hərəsi cibinə bir vəsiqə qoyub düşür federasiyaların canına. Hamısı deyir ki, bizə reklam verin. Ortada isə ciddi idman yazısı, futbol şərhi yoxdur”.

"Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı qeyd edib ki, Aygün Kazımova ilə bağlı xəbər hər hansı şairin şeirlərindən, müsahibəsindən, yeni çıxan kitabı ilə bağlı xəbərdən qat-qat çox oxunursa, bu artıq cəmiyyətin problemidir. Onun sözlərinə görə, cəmiyyətdə təkcə idman deyil, ümumilikdə təhsilimiz də önəmsizləşib: "Telekanallardakı verilişlərin səviyyəsinə və tamaşaçı auditoriyasına baxaq, internet və qəzet oxucuları da bu kontingentə yaxındır. Ancaq düşünürəm ki, getdikcə bu problem həllini tapacaq, ciddi oxucuların sayı artacaq. Sadə bir misal deyim, "Komanda” qəzetində ayda bir dəfə məşhur futbolçuların xanımlarının, ya da xanım idmançıların müsahibələrini veririk. Təbii ki, şəxsi həyatları barədə. Redaksiyaya zəng edən oxucular bizdən tələb edirlər ki, o tip müsahibələri hər həftə dərc edək. Çox təəssüf ki, bu, cəmiyyətin tələbidir. Media da bu tələblə ayaqlaşmalıdır”. Həmkarımız hesab edir ki, indi oxucu üstündə mübarizə gedir. Belə mübarizədə isə ciddi jurnalistika arxa plana keçir: "Zaman keçdikcə, tənzimləmə baş verməlidir”. İdman jurnalistikasının durumuna diqqət çəkən həmsöhbətimiz söyləyib ki, bu sahədə vəziyyət daha acınacaqlıdır: "İdman mətbuatının problemləri Azərbaycan mətbuatının ümumi problemlərinə bağlıdır. Reklam bazarı yoxdur, qəzetin satışını təşkil etmək müşküldür. Qəzetimiz metroda kifayət qədər yaxşı satılırdı. Bu da büdcəmizə müəyyən qədər təsir edirdi, birtəhər çulumuzu sudan çıxardırdıq. İndi hansı vəziyyətdə olduğumuzu təsəvvür etmək çətin deyil. Biz qəzet çıxardırıq, özü də kifayət qədər normal qəzet. Onun oxucusu mütləq olmalıdır. İdman mətbuatının acınacaqlı durumu cəmiyyətin, bütövlükdə mətbuatın problemlərindən qaynaqlanır. Elə ona görə də əlacsız qalan idman mətbuatı klublardan asılı vəziyyətə düşür. Bu asılılıq isə obyektivliyi aradan qaldırır. Obyektivliyin olmaması da oxucunu narazı salır. Bütövlükdə isə cəmiyyət itirir. Avropada jurnalistləri cəmiyyətin keşikçisi adlandırırlar. Jurnalist problemləri görüb cəmiyyəti xəbərdar etməlidir. Bunun üçün də jurnalistin və mətbuatın maddi asılılığı olmamalıdır”. N.Muxtarlı düşünür ki, Azərbaycan idman mətbuatında olduqca istedadlı və əqidəli jurnalistlər olub, indi də var: "Amma maddi çətinliklər onların əksərini idman mətbuatından uzaq salıb, yerdə qalanlar da yavaş-yavaş gedirlər. Sabah vəziyyət düzəlsə belə, o jurnalistləri idman mətbuatına qaytarmaq mümkün olmayacaq. Son nəticədə yenə də itirən idman mətbuatı və həm də cəmiyyət olacaq. Oxucunu bu yerdə qınamaq olmaz. Nəticədə oxucu da bu müstəvidə köklənir”. İdman jurnalisti Emin Abbasov da deyib ki, bu sahənin hazırkı vəziyyəti qanaətbəxş deyil: "Nə televiziyada, nə də yazılı mətbuatda böyük layihələr var. Yalnız ayrı-ayrılıqda bəzi fərdlərin istedadına baxıb bir qədər sevinə bilərik. Bu durğunluğun səbəbi çox sadədir. Təəssüf ki, ölkəmizdə idman jurnalistlərinə lazımi dəyəri vermirlər. Futbolumuza yatırılan pullar idman jurnalistikasına yatırılsaydı, bu sahəni qaldırmaq olardı. Sualınıza gəlincə, nə futbol, nə də idman jurnalistikası sürətlə inkişaf edir”.


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb