Bu milli maraqlarımıza ziddir

Rusiyanın Azərbaycanda hərbi baza yaratması xəbəri şübhəlidir



Elxan Şahinoğlu: "Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə aydınlıq gətirməlidir. Çünki ola bilər, Rusiya bu dezinformasiya vasitəsilə Azərbaycan hakimiyyətinin və cəmiyyətinin nəbzini yoxlamaq istəyir”

Rusiya mətbuatında Moskvanın Azərbaycanda yeni radiolokasiya stansiyası tikməyə hazırlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, Kreml tərk etdiyi Qəbələ RLS-in əvəzində yeni hərbi baza tikmək niyyətindədir. İddia olunur ki, hazırda Leninqrad vilayətində yerləşən "Voronej-DM” RLS-i Almaniyanın Şpitsbergen əyalətindən tutmuş Mərakeşə, ABŞ-ın şərq sahillərinə qədər əraziləri izləyir. Amma Azərbaycanda tikintisi planlaşdırılan yeni stansiya müstəsna olaraq, Rusiyanın tabeçiliyində olacaq və Armavirdəki RLS-in "əlinin çatmadığı” digər sahələri də izləyəcək. Bəs Rusiyanın hərbi cəhətdən Azərbaycanda yenidən möhkəmlənməsi nə qədər mümkündür və bu rəsmi Bakının geopolitik maraqlarına nə qədər cavab verir? Məsələni şərh edən ekspertlər Rusiyanın yenidən Azərbaycana "girməsinin” yolverilməz olduğunu deyiblər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xəbərin şübhəli olduğunu bildirib. Politoloq deyib ki, Azərbaycan hakimiyyəti Rusiyanın sonuncu hərbi bazasından ona görə qurtulmayıb ki, sonradan yenisinin tikintisinə icazə versin: "Buna baxmayaraq, bu, sıradan xəbər deyil. Birincisi, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki kanal yayıb, ikincisi, haqqında danışılan xəbər bu gün Azərbaycan mediasının baş xəbərinə çevrilib. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə aydınlıq gətirməlidir. Çünki ola bilər, Rusiya bu dezinformasiya vasitəsilə Azərbaycan hakimiyyətinin və cəmiyyətinin nəbzini yoxlamaq istəyir. Bakıdakı bütün instansiyaların susması Kremlə yanlış mesaja səbəb ola bilər. Əgər belə xəbər ABŞ mediasında yayımlansaydı, Azərbaycan XİN dərhal təkzib edərdi”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bəyan edib ki, ölkənin siyasi rəhbərliyi belə bir hərbi bazanın Azərbaycanda qurulmasına imkan verməyəcək. Çünki rus hərbi bazasının Azərbaycana qayıtması ölkəmizin indiyə qədər əldə etdiyi nailiyyətlərinin üstündən xətt çəkə bilər: "Yenidən Azərbaycanda rus hərbi bazasının yaradılması, milli maraqlarımıza qətiyyən cavab vermir. Bizə hərbi baza lazım deyil. Onsuz da Qəbələ RLS Azərbaycana ekoloji cəhətdən kifayət qədər ziyan vuran bir qurğu idi. Həmçinin, indi hərbi bazanın yaradılması o deməkdir ki, Azərbaycanın suverenliyinin böyük bir hissəsi Rusiyanın nəzarəti altına düşür. Eyni zamanda Rusiya Azərbaycanda əbədi möhkəmlənir”.

Məlumat üçün bildirək ki, Qəbələdəki "Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da, tərəflər razılığa gələ bilməyib. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəlib.

İsmayıl