Leyla və Arif Yunus Vətənə xəyanətlə yanaşı...

...Həm də konkret cinayət törədiblər, vergidən yayınıblar



Qanunazidd hərəkətlərinə görə, barəsində hökm çıxarılan "Sülh və Demokratiya İnstitutu” adlı təşkilatın təsisçisi Leyla Yunus ətrafında gəzişmələr hələ də davam etməkdədir. Nə qədər qəribə olsa da "bulanıq suda balıq tutmaq” sevdasına düşmüş bəzi beynəlxalq təşkilatlar bu məsələdə daha çox canfəşanlıq etməkdədir. Leyla Yunusun vəkili qismində çıxış edən həmin təşkilatlar bir az da irəli gedərək, səlahiyyət həddini aşmaqla ölkəmizin daxili işinə müdaxilə etməkdən belə çəkinmirlər. Təəssüflər ki, Vətənini, dövlətini, millətini sevən insanlar üçün Vətənə xəyanət rəmzi qazanmış Leyla Yunusun əməlləri nə qədər ağrıdıcıdırsa, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar üçün bir o qədər önəmlidir. Çünki ölkəmizdə daim xaos, qarşıdurma görmək istəyən həmin maraqlı dairələr mütəmadi olaraq ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus faktorundan gen-bol istifadə etməyi bacarıblar. Əslində, bu qüvvələr üçün anti-Azərbaycan fəaliyyətində bulunan "hüquq müdafiəçisi”ni kəşf etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Leyla Yunus ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Azərbaycan dövləti və millətinə qənim kəsilmiş L.Yunus demək olar ki, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb.

Millət vəkili Fəzail Ağamalı deyib ki, Leyla və Arif Yunus hər zaman Azərbaycan xalqına nifrət ediblər. Deputatın sözlərinə görə, hər iki şəxs Azərbaycan dövlətinin, xalqının iradəsini nəzərə almayaraq, fəaliyyətlərini qururdular və Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirdilər: "Leyla və Arif Yunus xaricdəki erməni lobbisinə arxalanır. Onlar anti-Azərbaycan qüvvələrin təsiri altında idi. Ermənilərin maliyyəsi, ayrılmış qrantlarla işğalçı Ermənistana işləyirdilər. Bu şəxslər işğal altındakı torpaqlarımızı Azərbaycandan ayırmaq və əbədi olaraq Ermənistana birləşdirmək yönündə aparılan siyasəti dəstəkləyirdilər. Onlar həm də Azərbaycan xalqının torpaqlarımızın azad olunması uğrunda mübarizəsinin qarşısını almaq, onu yaddan çıxarmaq üçün ən müxtəlif layihələr həyata keçirir, xalq diplomatiyası pərdəsi arxasında əslində, Ermənistanın işğalçılıq siyasətinə xidmət edirdilər”. F.Ağamalının sözlərinə görə, Leyla və Arif Yunus qeyri-qanuni olaraq sahibkarlıqla məşğul olurdular: "Əslində, bu onlar üçün bir biznes idi. Onlar külli miqdarda vəsaitlə özlərinə yüksək həyat şəraiti qurmuşdular. Vergilərdən yayınır və xalqa yuxarıdan aşağı baxırdılar. Hər iki şəxs Azərbaycan dövlətinin inkişafını, onun yüksəlişini qəbul etmirdi, daima Azərbaycanı gözdən salmaq siyasəti aparırdılar. Bütün bunlara görə, mən hələ bir neçə il bundan əvvəl Leyla və Arif Yunusun məsuliyyətə cəlb olunması barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdim”.

İsmayıl