“BTE məktəbli formalarını inhisara alıb”

“Kim hansı ölkədən istəyir, mövcud standartlara uyğun mal gətirməlidir”



Yeni tədris ilinin başlanma vaxtı yaxınlaşdıqca məktəbə hazırlıqlar da sürətlənir. Vahid məktəbli forması isə artıq bir neçə ildir ki, məktəbə hazırlığın ən çətin mərhələsinə çevrilib. Ötən tədris ilindən etibarən yuxarı sinif şagirdlərinə də vahid məktəbli forması məcburiyyəti tətbiq olunduğundan bu məsələdə gərginlik yaşanır. Övladları üçün forma axtarışına çıxan valideynlər gah qiymətlərdən narazılıq edir, gah da lazım olan ölçülərin tapılmamasından. Bunlar azmış kimi, bir yandan da əsl və saxta formalar problemi ortaya çıxıb.

Vahid məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evi xəbərdarlıq edir ki, bəli, bazarlarda saxta məktəbli formaları var. BTE-nin istehsalı olan bu geyimlər uşaqların sağlamlığı üçün təhlükəlidir: "Satışda mənşəyi bilinməyən, keyfiyyət sertifikatı olmayan, şərtlər toplusu olmayan, müəllifi göstərilməyən modellər satırlar. Bununla əlaqədar müvafiq orqanlara müraciət etmişik. Yəqin ki, yaxın zamanlarda ölçü götürüləcək”.

İndi valideyn əlinə aldığı geyimin saxta, yaxud əsli olduğunu necə müəyyən etsin?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, BTE-nin bu bəyanatı da inhisarçılığın sübutudur. Onlar BTE-nin istehsalından başqa digər formaların saxta olduğunu iddia etməklə valideynləri özlərinin istehsalı olan formaları almağa vadar edirlər. Onları müdafiə edən müəllim ordusu isə BTE-nin olmayan formaları uşaqların əynindən soyundururlar ki, bu standartlara uyğun deyil. Axı onlardan soruşan lazımdı hansı standartlar? Deyin, bizdə bilək: "Cənab Prezident də dəfələrlə deyib ki, ölkədəki inhisarçılığa, korrupsiya əməllərinə son qoyulmalıdır. Lakin Bakı Tikiş Evi inhisarçı bir qurum olaraq, öz arxasında Təhsil Nazirliyini və bu nazirliyin 40 min müəllim qüvvəsini görür. Həmin qüvvələr də bütün valideynləri yalnız BTE-nin istehsal etdiyi məktəbli formalarını almağa məcbur edirlər”. Məktəbli formalarının qiymətinin normalara uyğun gəlmədiyini deyən AİB sədri burada monopoliya elementlərini istisna etmir: "Əslində, məktəbli formalarının standartları hazırlanmalı və həmin standartlara uyğun formalar da bazara çıxarılmalıdır. Standarta uyğun olmayanlar isə ləğv edilməlidir. Kim hansı ölkədən istəyir, mövcud standartlara uyğun mal gətirməlidir. Həmin mallar isə yoxlanılmalıdır. Əgər bu cür ədalətli rəqabət olarsa, qiymətlər də özü-özünə aşağı düşər və formalar daha keyfiyyətli parçalardan istehsal olunar. Lakin özünün üstün mövqeyini və arxasında dayanan qüvvələri üstün tutan Bakı Tikiş Evi öz şərtlərini istehlakçılara diktə edir və qiymət siyasəti yeridir. Bu, dövlətin apardığı siyasətə, bazar prinsiplərinə, bazarın liberal olmasına ziddir. Bu, səhv bir siyasətdir. Qiymətlər ən azı 50 faiz aşağı endirilməlidir. Yaxud azad bazar iqtisadiyyatına uyğun iş aparılmalıdır. Hazırkı qiymətlər əhalinin sosial müdafiəsinə zidd bir qərardır. Hesab edirəm ki, məktəbli formalarını inhisara alan şəxslər özlərini yığışdırmalıdır”.

Şəymən