“Bakıkart”ın üzərindəki yazılar səhvdir

Bakı metropoliteni: “Bu səhvin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”



Artıq bir neçə gündür ki, Bakıda nəqliyyatda vahid gediş kartı hesab olunan, "Bakubus” avtobuslarında və metroda istifadə edilən gediş kartları geniş müzakirə predmetinə çevrilib. Həm kartın üzərindəki yazılar həm də köhnə kartların geri qaytarılması ilə bağlı müəyyən olunmuş vaxt məsələsi insanların ciddi narazılığına səbəb olub.

Belə ki, kartın bir üzündə "Kartı rəsmi satış məntəqəsindən alınız”, "Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, "Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. Bir çoxlarının, o cümlədən mütəxəssislərin fikrincə, burada "alınız”, "ediniz”, "zədələməyiniz” kimi ifadələrin işlədilməsi düzgün deyil. Çünki müasir Azərbaycan dilində belə ifadə formaları yoxdur. Bəziləri isə hətta bunu Azərbaycanın dövlət dilinə hörmətsizlik kimi qəbul edir.

Filologiya elmləri doktoru, professor, tanınmış jurnalist Qulu Məhərrəmli də hesab edir ki, "alınız”, "ediniz”, "zədələməyiniz” kimi ifadələr Azərbaycan dilinin yaddaşında var, lakin onlar müasir müraciət forması deyil:

"Bu cür müraciət vaxtilə danışığımızda müəyyən qədər olub, lakin müasir dil onu qəbul etmir: "Əlbəttə ki, bu, məsuliyyətsizlikdir, dilimizə hörmətsizlikdir. Azərbaycan dili ilə bağlı Dövlət Proqramının həyata keçirildiyi bir vaxtda bu cür yanlışlıqlara yol vermək arzuolunmazdır. Niyə belə müraciətlər ortaya çıxır? Bu o deməkdir ki, onu sifariş edənlər və hazırlayanlar dildən çox uzaq şəxslərdir. Onlar bu yazıları hazırlayanda dilçi mütəxəssislə məsləhətləşə bilərdilər. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Aidiyyəti təşkilatlar bu məsələyə diqqət yetirməlidir. Belə hallarda bu sahədə ixtisaslaşmış qurumlarla, mütəxəssislərlə məsləhətləşmələr aparılmalı idi. Bu qədər maliyyə vəsaiti xərclənilir. Dünya dağılmayacaq ki?! Bir alim dəvət edin, ona əməkhaqqı verin, qoy bu yazılara baxsın. Bundan ancaq udmaq olar”.

Professorun sözlərinə görə, yol verilən nöqsan tezliklə aradan qaldırılmalıdır: "Bu yanlışlıq mütləq aradan qaldırılmalıdır. Yenilik tətbiq olunub. Bu, müsbət haldır. Amma hər dəfə onun üzərindəkiləri oxuyanda adamın gülməyi gəlir. Belə olmaz”.

Qeyd edək ki, "Bakı Metropoliteni” QSC həm "Bakıkart”ın üzərindəki yazılara, həm də köhnə kartlardan istifadə müddəti ilə bağlı məsələyə münasibət bildirib. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Şərq”ə açıqlamasında bildirib ki, "Bakıkart”ın üzərindəki yazılar səhvdir və bu səhvin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. "Bu məsələ diqqətsizliklə bağlıdır. Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq”.

Digər narazılıq doğuran məsələyə gəldikdə isə Metropoliten sözçüsü deyib ki, tələbələrdə olan metro kartları sentyabrın 30-a qədər istifadə olunacaq. Yəni ki, onların kartının 2 manatlıq girov dəyəri və kartda qalan məbləğdən gələn ayın axırına qədər istifadə edə biləcəklər: "Əgər tələbələr və ya müxtəlif səbəblərdən rayonlarda olan insanlar avqustun 31-nə qədər gəlsələr metro kartlarının girov dəyərinin həmin karta yüklənməsi, eləcə də yeni gediş haqqı yüklənməsi əməliyyatları davam edəcək. 1 sentyabrdan 30 sentyabra qədər mövcud metro kartlarından sadəcə balansında olan gediş haqqından istifadə etmək mümkün olacaq. Yəni, gediş haqqı yüklənməyəcək, depozit dəyəri geri qaytarılmayacaq. Metro kartının depozit dəyəri və balansı isə 30 sentyabra qədər yeni alınan "Bakıkart”a transfer ediləcək. Bir sözlə, rayonda olan tələbələr, insanlar heç nə itirmədikləri üçün narazılığa da bir səbəb görmürəm”.

Şəymən