Qiymətlər əl “yandırır”

“Ona görə də Həcc ziyarəti üçün kvota dolmur”
“Qiymətlərin qalxması ikiqat xərc tələb etdiyindən, bir çoxları ziyarətdən imtina etməli olub”


"Başqa bir səbəbsə ziyarətə yalnız təyyarə reysləri ilə gedilməsidir”

Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota dolmayıb və Qafqaz Müsəlmanları İdarəsi sənəd qəbulunun müddətini avqustun sonunadək uzadıb. Məsələ burasındadır ki, QMİ bu il Həcc səfərinin sentyabrın 11-dən başlanacağı bildirilib. Avqustun sonunadək sənəd qəbulu uzadılırsa, 11 günün içində bu sənədlərin toplanması, ödənişlərin edilməsi, Səudiyyə Ərəbistanı səfirliyi tərəfindən zəvvarlara vizaların verilməsi necə baş tutacaq? Bəlkə də "ildırım sürəti” ilə sənədlər möhürləndi. Amma ortaya çıxan bir başqa sual daha aktualdır. Necə oldu ki, Azərbaycanda ortalama 2600-lük kvota dolmayıb? Səbəb nədir? Hacı titulu qazanmaq istəyənlər qəhətəmi çıxdı? Yoxsa, işin içində başqa iş var? Kvotanın dolmaması məlumatı veriləndən "qiyməti bu qədər qaldıranda, bilmirdilər ki, camaatın onu ödəməyə gücü çatmayacaq, ziyarətə getmək arzularının üstünə də bir daş qoyub kənara çəkiləcəklər?!” eyhamlı sözləri tez-tez eşidilir. Yalan da sayılmaz. Ötənilki qiymətlərlə müqayisədə builki qiymətlər həqiqətən "əl yandırır”. 3250 manat hara, 4700 manat hara?! Həcc ziyarəti üçün Azərbaycanda həmişə fərqli səfər paketləri təklif edilib. Nisbətən ucuz otellər, ortabab xidmət üçün aşağı qiymət 3250 manat təyin edilmişdi. Əvvəlki illərdə isə qiymətlər bundan da ucuz idi; 2800 manata da Həcc ziyarətinə getmək olurdu. Əlbəttə, avtobusla. Allah baisin evini yıxsın. Əvvəlcə İraqı, sonra da Suriyanı, ümumilikdə bütün Yaxın Şərqi qana boyayanlar əməkhaqqını, hətta pensiyasını illərlə toplayıb müqəddəs torpaqlara ziyarət etmək şansı olanların yolunu bağladı. Avtobus səfərləri ləğv edildi, ancaq təyyarə reysləri ilə Həcc ziyarətinə getmək mümkün oldu. Bir müddət sabit qalan qiymətlər isə son illər yavaş-yavaş yüksəlməyə başladı və bu il minimum qiymət 4700 ABŞ dolları oldu. Bəli, məhz ABŞ dolları. Çünki manatın məlum devalvasiyası ödəmələrin milli valyuta ilə edilməsini mümkünsüz hala gətirdi. QMİ də tamamilə haqlı olaraq ödəmələrin birbaşa dollarla edilməsi şərtini qoydu. Təbii, QMİ zəvvarların əvəzinə milli valyutanı dollara çevirib cərimə ödəyəsi deyildi. İndi də vəziyyət kvotanın dolmaması həddinə çatıb. Həcc ziyarətinə getmək imkanında olanların sayında kəskin azalma var. Çünki imkanlar həqiqətən, dardır.

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında kvotanın dolmamasının əsas səbəbinin qiymət artımı ilə bağlı olduğunu dedi:

- Kvotanın dolmamasına ziyarət qiymətlərinin qalxması təsir etdi. Təsəvvür edin ki, Həcc ziyarətinə getməyi planlaşdırmış adam məlum qiymətlərə görə hesabını aparır. Məbləği toplayır, gəlirini-çıxarını hesablayır. Qiymətlər artdıqda isə, əlbəttə, hesabları artıq düz gəlmədi. Bəlkə də kimsə köhnə qiymətlə pulunu toplamışdı, vəsaitlərini ona görə hesablamışdı. Qiymətlər artdıqda isə, artıq əlavə vəsait toplamaq gücündə olmadı. Digər tərəfdən, bilirsiniz ki, müəyyən yaş həddində olan xanımlar üçün Həcc ziyarətinə ya həyat yoldaşları, ya da yaxın qohumu ilə getmək şərti mövcuddur. Ailə səfər xərclərini əvvəlcədən planlaşdırır. Qiymətlərin qalxması isə ikiqat xərc tələb etdiyindən, bir çoxları da bu səbəbdən ziyarətdən imtina etməli olub. Şəxsən tanıdığım insanlar var ki, bu il Həcc ziyarətinə getməyi arzulayırdılar, buna hazırlaşırdılar, lakin qiymətlər qalxdığından səfər istəyindən əl çəkməli oldular. Düşünürəm ki, Azərbaycanda Həcc ziyarəti kvotasının dolmamasının başlıca səbəbi məhz qiymət artımı ilə bağlı oldu. Başqa bir səbəbsə ziyarətə yalnız təyyarə reysləri ilə gedilməsidir. Bu da artıq bizdən asılı məsələ deyil. İraqda, Suriyada baş verənlər hər kəsə məlumdur. Əvvəlki illərdə avtobus səfərləri vardı və avtobusla səfər etmək təyyarə reyslərindən xeyli ucuz başa gəlirdi. Üstəlik, azərbaycanlıların əksəriyyəti İran, İraq, Suriya ərazisindən keçməklə, bu ölkələrdəki müqəddəs yerləri ziyarət edib Həccə yollanmağı üstün tuturdular. Bir var, təyyarə ilə Mədinə və Məkkəni ziyarət edəsən, yalnız Həcc missiyasını yerinə yetirmiş olasan, bir də var, o biri müsəlman ölkələrində olub, əhli-beyti ziyarət edəsən, sonra da səfərini Həcc ziyarəti ilə tamamlayasan. Əlbəttə, avtobusla səfər etmək daha sərfəli idi. Buna görə də axın çox idi. Mən Suriyada təhsil aldığım illərdə azərbaycanlıların axınının şahidi olmuşam. Amma məlum səbəblərdən avtobus səfərləri ləğv edildi. Təyyarə ilə səfər etmək də baha başa gəldiyindən böyük bir qisim insan ziyarət istəyindən əl çəkməli oldu. Məlumdur ki, bizim ölkədə varlı insanlar Həcc ziyarətinə getməyə üstünlük vermir. Gedənlərin böyük faizi kasıb və ya orta təbəqənin nümayəndələri olur. Qiymətlərin qalxması kasıblar üçün ümidsizlikdir, ortabablar üçün də çətindir. Çünki bahalı səfər xərci ilə ailənin xərcini bir arada ödəyə bilmirlər. Allah-təala isə Həcc ziyarətini imkanı çatanlar üçün vacib buyurub. Yəni, bir müsəlmanın Həcc ziyarətinə getməsi ailəsinin maddi sıxıntı çəkməsinə səbəb olmamalıdır. Ona görə də hazırda belə bir vəziyyət yaranıb. İmkanı olan getmir, imkanı olmayan da gedə bilmir. Azərbaycanda guya ki, əhalinin Həcc ziyarətinə maraq göstərməməsi haqda deyilənlər də cəfəngiyyatdır. Həcc ziyarətini arzulayıb maddi imkansızlıqdan gedə bilməyənlər, imkanı olub getmək istəməyənlərdən qat-qat çoxdur.

Bəs, "Həcc ziyarəti qiymətinin qaldırılmaması mümkün deyildimi” sualına cavabında isə A.İsmayılov bunun labüd olduğunu bildirdi:

- Manatın devalvasiyası, dollara nisbətdə enişinə hamımız şahid olduq. Belə vəziyyətdə qiymətlərin qalxmaması mümkün deyil. Amma bunu da deməliyəm ki, bizimlə müqayisədə qonşu müsəlman ölkələrində Həcc qiymətləri daha ucuzdur.