“Türkiyəni dərin siyasi böhran gözləyir”

AKP-nin təkbaşına hökumət qurmaq istəyi koalisiyanın qarşısını aldı



Türkiyədə parlamentdəki yerlərin əksəriyyətini qazanmış hakim AKP-nin koalisiya hökuməti qurmaq üçün müxalif partiyalarla apardığı danışıqlar uğursuzluqla nəticələndi. İyunun 7-də keçirilmiş seçkilərdən sonra dörd partiyanın təxminən 5 həftədir keçirdiyi mütəmadi görüşlərdən müsbət nəticə əldə edilmədi. İndi qardaş ölkənin erkən seçkilərə gedib-getməyəcəyi ətrafında müzakirələr başlayıb.

Məlumat üçün deyək ki, hökumət qurmaq üçün 45 günlük müddət ayın 23-də bitir. Əgər bu tarixə qədər hökumət qurulmasa və parlament erkən seçki qərarı verməsə, Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətlərindən istifadə edəcək. Onu da bildirək ki, hakim partiya erkən seçki üçün parlamentin fövqəladə iclasını çağırmayacağını bəyan edib. Bu halda prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiyaya uyğun olaraq iki variantdan birini seçməlidir. Bunlardan birincisi seçkilərin yenilənməsi qərarıdır. Ərdoğan belə bir qərar versə, 90 gündən sonrakı ilk bazar günü Türkiyə sandıq başına gedəcək. Bu ehtimal reallaşsa, müvəqqəti Nazirlər Kabineti Ərdoğanın baş nazir kimi vəzifələndirəcəyi bir millət vəkili tərəfindən yaradılacaq. Ədalət, daxili işlər və nəqliyyat nazirləri baş nazir tərəfindən təyin olunacaq, digərləri isə partiyaların üzv sayına görə müəyyənləşəcək. Konstitusiyaya görə, Ərdoğan ikinci variantı seçərsə, parlament bir millət vəkilinə hökuməti qurması üçün səlahiyyət verəcək. Bu vəkil yaradacağı kabinet üzvlərinin siyahısını Ərdoğana təqdim edəcək.

Proseslər AKP-ni təkbaşına iqtidara aparır..

Ekspertlərə görə, hazırda Türkiyənin qarşısında iki ssenari var. Birinci yol odur ki, əgər təkrar seçkidən sonra nəticə eyni olarsa, yenidən koalisiya danışıqlarına başlanılacaq. Ancaq bu, cəmiyyətdə narazılıq yaradacaq. İkinci ssenari isə ondan ibarətdir ki, əgər seçicilər koalisiyanın alınmadığını görsə, o zaman çoxluq AKP-yə səs verəcək. Hakim partiya da çox rahatlıqla, təkbaşına yenidən hökumət quracaq. Məlumdur ki, AKP-yə cəmi 18 millət vəkilinin səsi kifayət edir ki, təkbaşına hökumət qursun. Əksər politoloqlar ikinci versiyanın daha real olduğunu düşünürlər.

"Hazırkı müharibə və siyasət təkrar seçkilər üçündür”

Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev deyib ki, MHP koalisiya şərtlərini açıqlayanda "çözüm sürəci”nə son qoyulmasını tələb etdi. AKP də "çözüm sürəci”ni dayandırdı, amma bunu koalisiyaya getmək üçün yox, MHP-dən səs qopartmaq üçün etdi. AKP-nin iki məqsədi var, millətçilərin və kürdlərin səsini almaq. MHP-dən səs ala bilməyəcəyini anlayan AKP daha çox HDP üzərindən oynayır. Çünki HDP-dən əldə edəcəyi bir qədər səs hakim partiyanı təkbaşına iqtidara götürəcək. Son seçkilərdə müsəlman kürdlər HDP-yə səs verdi. AKP-nin məqsədi odur ki, müsəlman kürdlərin səsini yenidən özünə qaytarsın. Bunu da HDP-ni PKK ilə qarşı-qarşıya qoymaq hesabına edir. F.Mehdiyev bildirib ki, AKP təkbaşına hökumət ola bilməsə, Türkiyədə çox ciddi siyasi böhran yaranacaq: "Türkiyəni dərin siyasi böhran gözləyir. Çox güman ki, partiyalar növbəti seçkidə də təxminən eyni səsləri alacaqlar. Aydındır ki, Ərdoğan hazırda koalisiyanın qurulmasını istəmir. Çünki həm CHP-nin, həm də MHP-nin irəli sürdüyü şərtlərdən biri 17-25 dekabr korrupsiya qalmaqalı məsələsinə yenidən baxılmasıdır. AKP isə qətiyyən buna getməyəcək”.