VHP seçkiyə blokla getmək istəmir

Sabir Rüstəmxanlı: “Bu iki variantın üzərində işləyirik”


Müxalifət düşərgəsində təmsil olunan bir sıra partiyalar hələ də payızda keçiriləcək parlament seçkiləri ilə bağlı qəti qərar verməyiblər. Bəzi siyasi qurumlar seçkiyə təkbaşına gedəcəklərini bildirsələr də, hələlik tərəddüd içində olduqları göz önündədir.

Vətəndaş Həmrəyliyi Partiyası da qəti qərar almayan təşkilatlar arasındadır. Parlament seçkisində iştirakla bağlı açıqlama verən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, rəhbərlik etdiyi partiya yarandığı gündən indiyə qədər keçirilən bütün parlament və bələdiyyə seçkilərində iştirak edib: "Bütün çağırışlarda parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasının deputatları olub. Bu il də şübhəsiz ki, parlament seçkilərində iştirak edəcəyik. Bloklara qoşulmamaq haqqında partiyanın əvvəldən qərarı var. Amma bu, o demək deyil ki, biz siyasi partiyalarla əməkdaşlıq eləmirik və ya əməkdaşlıq eləmək niyyətimiz yoxdur. İkitərəfli danışıqlar gedir, əgər müəyyən seçki dairələrində problemlər olarsa, o halda razılaşmağa nail olmaq üçün əməkdaşlıq qaçılmaz yoldur. Partiyalarla əməkdaşlıq vaxtı ilə bloklarda olduğumuzdakından daha sıx, daha səmimidir. Seçki blokları yaranır, dağılır və ortada narazılıqlar qalır. Bəzən ciddi hazırlıq olmadan, epizodik bloklar yaradılır. Bu cür blokların təbii ki, ciddi effekti ola bilməz. Ona görə də biz qatılmırıq”. S.Rüstəmxanlı deyib ki, seçkidə nə qədər dairədən namizəd irəli sürməsi ilə bağlı iki fikir var: "Birinci fikir bütün dairələri əhatə etməkdir. Belə halda bəzi dairələrdən namizəd, sadəcə siyahını doldurmaq üçün formal irəli sürülür. Bizim partiyanın 80-ə yaxın rayonda yerli təşkilatı var. Ona görə də bu işi görmək, imza toplamaq çətin deyil. Amma təklif edilən ikinci yol mənə daha normal görünür:

- Dairələrin çoxluğu dalınca qaçmamaq və daha real görünən dairələrdə namizədləri müdafiə etmək. Hələlik bu iki variantın üzərində işləyirik. Müzakirələrin nəticəsində variantların hansı daha çox məqbul sayılsa onun üzərində dayanacağıq”. VHP sədri öz namizədliyi haqqında bunları deyib: "Həm Milli Məclisdə köhnə deputat yoldaşlarım, həm də seçicilərim tez-tez deyirlər ki, "sən burda olmalısan, seçilməlisən”. Belə söhbətlər olur. Bu beş ildə də uğurlu nəticələr göz qabağındadır. Hər il sorğu keçiriləndə ən fəal deputatlar sırasında mənim adım olub. Bunları düşünəndə əslində seçkiyə getmək doğru qərardır. Amma konkret son sözümü deməmişəm. Hələ namizədlərin rəsmi irəli sürülməsi prosesi başlamayıb. Ona görə də bu barədə qəti söz deyə bilmərəm. Hər halda çalışacağıq ki, partiyamız Milli Məclisdə təmsil olunsun, əsas niyyətimiz budur”.