“İşdən çıxarılmamışam, məzuniyyətdəyəm”

İbrahim Məmmədov AzTV-dən kənarlaşdırılması xəbərinə aydınlıq gətirdi



Son günlər AzTV-də baş verən qalmaqallar, işdən çıxarılmalarla bağlı mətbuatda informasiyalar yer almaqdadır. Yayılan xəbərlərə görə, sədr Arif Alışanovla müavini İbrahim Məmmədov arasında ciddi narazılıq var.

Hətta sədrin İ.Məmmədovun aparıcısı olduğu verilişin bütün işçilərini telekanaldan çıxardığı iddia olunur. Deyilənə görə, Arif Alışanovun müavini İ.Məmmədovu işdən azad edə bilməməsinin əsas səbəbi sədr müavininin Prezidentin sərəncamı ilə vəzifəyə gətirilməsidir. Məsələ ilə bağlı açıqlama verən AzTV-nin sədr müavini və "Həftə” analitik proqramın müəllifi İbrahim Məmmədov yayılan məlumatlara aydınlıq gətirib. O bildirib ki, sədrin müavini postuna ölkə başçısının sərəncamı ilə təyin edilib: "Mənim vəzifəmə yalnız Prezident xitam verə bilər. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi yenə də işimin başında olacağam. Proqramın işçilərinin işdən çıxarılması məsələsi ilə bağlı isə heç nə deyə bilmərəm. Məzuniyyətdə olduğum üçün bu məsələlər barədə kanalın mətbuat xidməti açıqlama verə bilər”.

Telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova da deyib ki, İ.Məmmədov hazırda rəsmi məzuniyyətdədir. Ona görə də verilişi müvəqqəti olaraq AzTV-yə yeni təyinat alan Rövşən Raqifoğlu aparır. Telekanal sözçüsü "Həftə” verilişinin redaksiya heyətinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib: "Həmin redaksiyada bəzi işçilərin müqavilə müddətləri bitib, yenilənməyib deyə işdən ayrılıblar. Bəziləri isə başqa verilişlərə keçirilib. "Həftə” proqramına tam yeni heyət cəlb olunub”. X.Qasımova verilişin iki həftə efirə getməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, veriliş yay tətilinə bağlandığı üçün efirdən yığışdırılıb.

İsmayıl