Leyla və Arif Yunusun həbs olunmasında siyasi motivlər yoxdur




Elman Məmmədov: "Onlar bir neçə qeyri-hökumət təşkilatları yaradıb və qeyri-qanuni fəaliyyət göstəriblər”

Aydın Mirzəzadə: "Onlar indiyə qədər cəmiyyət üçün vacib olan hansı məsələni beynəlxalq qurumun qarşısında qaldırıblar?”

"Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə, Azərbaycan qanunları çərçivəsində cəzalarını aldılar”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, Leyla və Arif Yunus barəsində uzun müddət istintaq əməliyyatları həyata keçirilib və məhkəmə prosesi Azərbaycan qanunları çərçivəsində tam şəffaf aparılıb: "Hər kəs törətdiyi əmələ görə cəzasını alır. Azərbaycan vətəndaşları da nə əməl törədiblərsə, hansı cinayətə yol veriblərsə, qanunlar çərçivəsində cəzalarını alırlar. Leyla və Arif Yunus da törətdikləri cinayət əməllərinə görə öz cəzalarını aldılar”. Bəzi beynəlxalq dairələrin Leyla və Arif Yunusun həbsini siyasiləşdirmək cəhdinə münasibət bildirən E.Məmmədov deyib ki, bu dairələr vaxtaşırı belə bəyanatlarla çıxış edirlər: "Qanundan, demokratiyadan, qanunun aliliyindən, hüquqdan danışan bu qurumların bəyanatı qərəzlidir. Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur. Həmin dairələr bir növ Azərbaycan qarşısında tələb qoyur: "Siz filankəsi həbsdən azad etməlisiniz”. Əgər siz dünyanı qanunçuluğa, hüququn aliliyinə çağırırsınızsa, bəs bu tələb nəyə əsaslanır? Bu, birbaşa hüquqa, qanunazidd tələbdir. Başqa bir ölkənin daxili işinə qeyri-qanuni müdaxilə etmək və hörmətsizlik etmək cəhdidir”.

Millət vəkili vurğulayıb ki, Leyla və Arif Yunusun həbs olunmasında siyasi motivlər yoxdur: "Onlar siyasi fəaliyyətlərinə görə, həbs olunmayıblar. Leyla və Arif Yunus bir neçə qeyri-hökumət təşkilatları yaradıb və qeyri-qanuni fəaliyyət göstəriblər. Hüquq-mühafizə orqanları bu şəxslərin törətdikləri cinayət əməllərini-qanunsuz sahibkarlıq fəaliyyətlərini, vergidən yayınma və dələduzluq faktlarını aşkara çıxararaq sübut edib. Məhkəmə bütün bu halları nəzərə alaraq hökm çıxarıb. Bu prosesdə onların siyasi fəaliyyəti ilə bağlı heç bir hal yoxdur”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də bəyan edib ki, xaricdən alınan böyük məbləğdə qrantların Azərbaycandakı ən böyük istifadəçisi Leyla Yunus olub: "L.Yunusun hüquq müdafiəçisi olmasının özü sual altındadır. Azərbaycan vətəndaşları onun insan hüquqları sahəsində müəyyən bir iş gördüyünün şahidi olmayıblar. Ermənistan xüsusi xidmət orqanlarının maraqlarını ölkəmizdə ən çox müdafiə edən Leyla Yunus olub. 90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olarkən hərbi təyinatlı bir çox məlumatların Ermənistan tərəfinə ötürülməsində onun çox böyük var”.

A.Mirzəzadənin sözlərinə görə, hüquq müdafiəçisi insanların hüquqlarını müdafiə etməlidir: "Leyla Yunus və Arif Yunus bu vaxta qədər bir milyondan artıq qaçqınımızın hüquqlarını müdafiə edibmi? Onlar indiyə qədər cəmiyyət üçün vacib olan hansı məsələni beynəlxalq qurumun qarşısında qaldırıblar? Onun fəaliyyəti bəzi xarici dairələrin Azərbaycandakı maraqlarını qorumaqdan ibarətdir. Rəhbərlik etdiyi təşkilatın qeydiyyatdan keçməsi üçün dəfələrlə müraciət etsələr də, bundan imtina olunub. Çünki şəffaf fəaliyyəti yoxdur. O, xaricdən əldə etdiyi pullardan vergi verməkdən də həmişə imtina edib”. Millət vəkili Almaniya hökumətinin Ombudsmanı Kristofer Ştrasserin Azərbaycan haqqında söylədiyi fikirlərə də münasibət bildirib: "Ştrasserin Leyla Yunusu müdafiə etməsi başa düşülən deyil. Almaniyanın burada müəyyən iqtisadi maraqları olub, bu maraqlar təmin olunmadığına görə ölkəmizə qarşı qərəzli çıxış edilib”.