Əfqanıstan müharibəsi veteranları cəbhədə olublar

“Xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur”


Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb. Bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olublar. Veteranlar əllərinə silah alaraq Vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə döyüş növbəsində durublar.

Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olan vətənpərvər oğullar düşmənin susdurulmasında da yaxından iştirak ediblər. Şəhidlər xiyabanını ziyarət etməklə başlanan səfər iştirakçılarını Şəmkirdə Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. General bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib. Əsgər klubunda keçirilən ilk tədbirdə Əfqanıstan müharibəsi veteranlarının keçdiyi döyüş yolundan, Qarabağ uğrunda əsl fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərindən bəhs edilib. Səfər iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində ön səngərlərdə olublar.

Ötən gün cəbhə bölgələrinə səfərlə bağlı mətbuat konfransı keçirən Əfqanıstan veteranları görüş təəssüratlarını ictimaiyyətlə bölüşüblər. Tədbirdə çıxış edən "Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev səfərin unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrildiyini bildirib: "İlk növbədə milli ordumuzun qüdrətlənməsinin, əsgəri xidmət üçün gözəl şərait yaradılmasının, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin necə yüksəldiyinin şahidi olduq. Cəbhə boyu yaşayış məntəqələrində görüşlər zamanı ordu ilə xalqın monolit birliyinə bir daha əmin olduq. Həqiqətən, xalq öz ordusuna inanır, ordu isə xalqın etimadını Vətənə sədaqətli xidməti ilə doğruldur”. Çıxışdan sonra iştirakçılara veteranların cəbhə görüşünü əks etdirən videoçarx göstərilib. Daha sonra Əfqanıstan müharibəsindən iki "Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, "Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, "İgidliyə görə” medalı ilə təltif olunmuş Mahiyəddin Rüstəmov və başqaları çıxış edərək yenidən cəbhə bölgəsinə qayıtmaq arzusunda olduqlarını deyiblər. Veteranlar işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər. Məlumat üçün bildirək ki, veteranları səfər əsnasında Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani müşayiət edib.