“Koalisiya hökuməti qurulsaydı belə, ömrü uzun olmayacaqdı”

Çünki Türkiyədə dörd partiya arasında olduqca dərin fikir ayrılıqları var



AKP sədri, müvəqqəti hökumətin baş naziri Əhməd Davudoğlunun siyasi partiyalarla koalisiya danışıqları nəticə vermədi. Hökumət qurulması ilə bağlı müəyyən olunan hüquqi müddətin bitməsinə 3 gün qaldı. Əgər bu müddət ərzində prezident hökumət qurmaq səlahiyyətini başqa şəxsə verməsə, erkən seçkilər qaçılmaz olacaq.

Türkiyə Konstitusiyasına əsasən, parlament partiyaları koalisiya hökuməti qura bilmirsə, ölkə prezidenti erkən seçkiyə qədər fəaliyyət göstərəcək keçici hökumət qurmaq üçün baş nazir təyin etməlidir. Bu vəziyyətdə parlamentdə təmsil olunan siyasi partiyalar sahib olduqları mandat sayına görə, keçid hökumətində nazir postu əldə edəcəklər. Artıq MHP keçid hökumətində təmsil olunmayacağını açıqlayıb. Çünki millətçilər kürdlərlə eyni hökumətdə yer almaq niyyətində deyillər. HDP liderləri isə qurulacaq müvəqqəti keçid hökumətində təmsil olunmaqda maraqlıdır. CHP yetkililəri də hələlik tərəddüd içindədir. Amma ümumi müşahidəyə görə, CHP digər partiyalarla birlikdə keçici hökumətə qatılmağa hazırdır. Məlumat üçün deyək ki, MHP-nin iştirak etməyəcəyi təqdirdə keçici hökumət 3 partiya arasında bölüşdürüləcək. Qarşıdakı 3 ay ərzində seçkilər dönəmində Türkiyəni, məhz bu hökumət idarə edəcək.

Türkiyədəki gərgin siyasi prosesləri şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, koalisiya danışıqlarının nəticəsiz qalacağı əvvəlcədən bəlli idi. Hətta koalisiya hökuməti qurulsaydı belə, ömrü uzun olmayacaqdı: "Dörd partiya arasında olduqca dərin fikir ayrılıqları var. Türkiyədə 90-cı illərdən bəri koalisiya hökumətlərinin qurulması ölkənin siyasi-iqtisadi həyatına nə təkan verib, nə də uğur gətirib. Bu mənada Ərdoğan çıxışlarında tarixi faktları nümunə göstərməkdə haqlı idi. Doğrudan da koalisiya hökumətləri Türkiyəyə fayda verməyib. Ancaq xalq bu partiyalara səs veribsə, hesablaşmaq lazımdır. Digər tərəfdən, koalisiya hökuməti yaradılması mümkün olmayıbsa, bu da Türkiyə demokratiyasına zərbədir. Avropa ölkələrində, xüsusən, Almaniyada koalisiya hökumətləri qurulub və təkrar seçkiyə getməyiblər. Ancaq Türkiyədə AKP-CHP arasında o dərəcədə uçurumlar var ki, insanlar bu iki partiyanın birgə hökumət qurmasını təsəvvür etmir. Çünki zamanında partiyaların yetkililəri biri-birinə qarşı ən ağır ifadələri işlədiblər”.

Politoloq hesab edir ki, baş tutma ehtimalı böyük olan təkrar seçkilər iki ssenari üzrə həyata keçə bilər: "Ya 7 iyundakı nəticələr təkrarlanacaq və təzədən koalisiya hökuməti qurulması üçün müzakirələrə başlanacaq. Ya da AKP təkbaşına hökumət qurmaq üçün yetərli səs yığacaq. İyun seçkilərində AKP-nin təkbaşına hökumət qurmasına HDP əngəl oldu. Ancaq bu arada, yəni PKK-nın son terror aktlarında HDP nüfuzunu itirdi. HDP nə onları silahı yerə qoymağa çağırdı, nə PKK-dan fərqli mövqe sərgilədi. Nəzərə almaq lazımdır ki, HDP-yə səs verən 6 milyondan 1 milyon 200 min seçici qeyri-kürd idi. Onların içərisində liberal türklər də vardı. HDP-nin PKK-ya münasibətində qoyduğu mövqe bu üç ay ərzində nüfuzuna təsir etdi. Bu sınaqdan kürdlər uğurlu çıxmadı və təkrar seçkidə AKP-nin qarşısında maneə olacağı ciddi sual altındadır”.