Azərbaycanda media menecmenti varmı?





Elçin Mirzəbəyli: "Menecmentlik sahəsinin inkişafı üçün öncə mətbuatın özündə kompleks tədbirlər həyata keçirilməlidir”

Arif Əliyev: "Onların öz biliklərini tətbiq etməsi üçün media bazarı yoxdur”

Yadigar Məmmədli: "Əgər mətbuatın maddi-texniki bazası yüksələrsə, bu sahəyə menecer axını da müşahidə olunar”

İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. Azərbaycanda sözügedən sahədə vəziyyətə gəlincə, təəssüf ki, bu sahədə hələ lazımi inkişaf nəzərə çarpmır. Daha doğrusu, qəzetlərin əksəriyyəti hələ də reklam sarıdan ciddi korluq çəkirlər. Əsas səbəb isə potensial reklamçıların qəzetlərlə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.

Bu problemlər isə birmənalı olaraq, Azərbaycan çap mediada menecment sahəsində vəziyyətin qənaətbəxş olmadığı faktını ortaya çıxarır. Elə ekspertlər də etiraf edirlər ki, hələ Azərbaycan çap medasında menecer fəaliyyəti öz sözünü deyə bilmir. Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan mətbuatında menecmentlik yox səviyyəsindədir. Əslində menecmentlik problemi Azərbaycanda bütün sahələrdə özünü göstərir, bu təkcə mətbuatın problemi deyil. Müstəqilliyin ilk dönəmlərində bu sahədəki problemləri qəbul etmək olurdu. Çünki biz sosial münasibətlərin hökm sürdüyü bir sistemdən çıxmışdıq və bazar münasibətləri demək olar ki, yox idi. Bu səbəbdən də menecmentlik sahəsində Azərbaycan heç bir təcrübəyə söykənmirdi. Ancaq çox təəssüflər olsun ki, bu təcrübənin toplanması Azərbaycanda həddindən çox vaxt apardı. Mətbuatla müqayisədə digər sahələr bu problemi artıq həll etmək üzrədir. Belə ki, aparıcı şirkətlər öz əmədaşlarını təhsil almaq, təcrübə toplamaq üçün dünyanın ayrı-ayrı ölkələrinə göndərirlər. Eyni zamanda menecer ixtisası üzrə dünyanın ayrı-ayrı ölkələrində təhsil alan gəncləri öz şirkətləri ilə əməkdaşlığa cəlb edirlər. Prinsip etibarı ilə menecer problemi istehsal şirkətlərində faktiki olaraq, çözülmək üzrədir. Bu məsələnin mətbuat üçün hələ də problem olaraq qalması isə printmediada təcrübəli mütəxəssislərin olmaması və qəzetlərin maddi- texniki bazasının zəif olması ilə bağlıdır. Qəzetlərin iqtisadi durumu öz əməkdaşlarını təcrübə toplamaq, təhsil almaq üçün xaricə göndərməyə şərait yaratmır.

Eyni zamanda qəzet bazarında yaranmış vəziyyət də ölkədə print mediaya olan marağı "öldürüb”, qəzetlərin yayımında isə ciddi problemlər var.

Baş redaktorun sözlərinə görə, mətbuatda menecment sahəsindəki problemləri aradan qaldırmaq üçün qəzetlərin maddi texniki bazasını yüksəltmək lazımdır: "Sözün açığı, qısa zaman ərzində bu problemlərin aradan qalxacağını güman etmirəm. Çünki indiki şəraitdə poliqrafiyadan başlamış yayıma qədər çox ciddi problemlər var. Azərbaycan cəmiyyəti qəzetlərdə öz əksini tapır. Bu gün dünyanın heç bir ölkəsində iki rəngdə qəzet çıxmır. Artıq bütün ölkələr ağ-qara mətbuatdan imtina edib. Belə qəzetlərlə görüntü tam şəkildə əks olunmur. İnsanlar isə bu gün görüntüyə daha çox önəm verirlər, nəinki sözə. Bu baxımdan düşünürəm ki, Azərbaycanda menecmentlik sahəsinin inkişafı üçün öncə mətbuatın özündə kompleks tədbirlər həyata keçirilməlidir.

Print mediada konkret olaraq menecerlərin hansı funksiyanı yerinə yetirməsinə gəldikdə isə baş redaktor bildirib ki, menecerin əsas fəaliyyəti qəzetlərin yayım və reklam işinin təşkilidir. "Menecment” termini "idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Burada artıq söhbət medianın ilkin təchizatından tutmuş istehsalına, yayım siyasətinə, reklamına və onun qiymətinə, topdan və parakəndə satış qiymətinəcən bütün prosesə bazar maraqlarından yanaşmadan gedir. Bu gün Azərbaycan mətbuatının bir çox sahələrdə "axsadığını” vurğulayan E.Mirzəbəyli deyib ki, hətta peşəkar menecer belə indiki şəraitdə print medianın inkişafına nail ola bilməz. Problem çoxdur. Ümumi mediada mövcud problemlər aradan qaldırılmamış, qəzetlərin yayımı və reklam məsələsi liberallaşdırılmamış dünayanın ən aparıcı, ən inkişaf etmiş ölkəsindən belə menecerlər gətirsən xeyri yoxdur. Ən peşəkar menecer belə, bizdə heçə nəyə nail ola bilməz. Çünki bizim problemlərimiz daha qlobal və daha dərindir: "Qəzetlərin maddi-texniki bazasının yüksəldilməsi üçün dövlət tərəfindən maliyyə ayrılır. Ancaq bu yardım qəzet sənayesinin lazımi səviyyədə özünü tənzimləməsi üçün yetərli deyil. Bunlar hamısı çox yaxşıdır. Və davamlı olması lazımdır. Lakin atalar demişkən, "quyuya su tökməklə, quyuda su olmaz”. Media gərək indiki vəziyyətdən səmərəli istifadə edərək öz iqtisadi dayaqlarını özü möhkəmləndirsin. Bunun üçün mətbuata tam yeni bir baxış, istehsalat müəssisəsi kimi yanaşma tələb olunur. Qəzetlər özləri də qazanmalı və öz fəaliyyətlərini tənzimləməlidirlər. Bütün bu problemlərin həlli isə əvvəldə dediyim kimi, reklam bazarının inkişafından keçir. Azərbaycan mətbuatı çox ciddi iqtisadi imkanlara, maliyyə potensialına malik olandan sonra sadalanan bütün problemlərin aradan qaldırılması istiqamətində real addımlar atmaq mümkün olar. Reklam bazarının araşdırılması üçün sosial araşdırmalar həyata keçirmək, biznes münasibətlərinin qurulması istiqamətində müəyyən işlər görmək mümkündür. İnsafən Azərbaycan mediasında yaradıcılıqla bağlı heç bir problem yoxdur. Sadəcə maddi çatışmazlıqlar ucbatından jurnalistlər öz potensialını ortaya qoya bilmir. Mətbuatın maddi problemi aradan qalxdığı təqdirdə, yayım və reklam kimi məsələlərin həllini yaxşılaşdırmaq üçün peşəkar media menecerlərinə böyük ehtiyac yaranacaq.

Azərbaycan çap mediasında menecment sahəsinin səviyyəsinin aşağı olduğunu təsdiqləyən "Yeni Nəsil” Jurnalistlər Birliyini sədri Arif Əliyev əslində qəzetlərdə menecerlərə ehtiyac olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda nə media bazarı, nə də sağlam rəqabət var ki, menecerlərin fəaliyyətindən uğur gözləyəsən: "Menecer qəzetin iqtisadi fəaliyyətini, marketinq əlaqələrini öz əlində saxlayan və ona rəhbərlik edən şəxsdir. Azərbaycanda menecerlərdən tələb olunan əsas şərt reklam bazarı uğrunda mübarizə və satış bazarının genişləndirilməsi və satışda üstünlük əldə edilməsidir. Amma indiki halda print medianın həyat mənbəyi nə reklamdan, nə də ki, satışdan gələn gəlirdir. Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının bəlkə də 98 faizinin satışdan əldə olunan gəliri 10-15 faiz olmaz. Bu isə çox dəhşət bir rəqəmdir. Belə bir şəraitdə menecmentlərin xüsusi bir əhəmiyyəti və rolu olmur”.

A.Əliyevin sözlərinə görə, Azərbaycanda media menecmentinin səviyyəsinin çox aşağı, hətta yox səviyyəsində olması, heç də bu sahədəki kadr çatışmazlığından irəli gəlmir. Kifayət qədər potensiala malik kadrlar var, sadəcə onların öz biliklərini tətbiq etməsi üçün media bazarı yoxdur: "2007-ci ildən üzü bəri Azərbaycanda bir neçə mətbuat orqanı yaradılıb ki, onların "day-dayı” güclü olub. Həmin mətbuat orqanları Azərbaycandan yox, xaricdən peşəkar kadrlar gətiriblər ki, öz işlərini keyfiyyətli qursunlar. Lakin maksisum bir ildən sonra həmin menecerlər uğursuzluğa düçar olaraq geri qayıdıblar. Bu da onu göstərir ki, yüksək səviyyəli, peşəkar menecerləri gətirib, Azərbaycanın media bazarında yerləşdirsən belə, onlar üçün burada görüləcək bir iş olmur. Çünki Azərbaycanda media bazarı tamamilə başqa qanunlara tabe vəziyyətindədir. Bizdə media menecerlərinə ehtiyac sıfır dərəcəsindədir də deməzdim. Bu yolla müəyyən üstünlüklər və tərpənişlər əldə etmək mümkündür. Ancaq menecment bugünkü Azərbaycan çap mediasına əlavə üstünlük gətirəcək bir sahə deyil. Elə bu səbəbdən də maraq azdır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə söyləyib ki, yeni media menecer probleminin müəyyən mənada həllinə nail olsa da, ənənəvi mediada bu problem qalmaqdadır: "Bir neçə il əvvəl print mediada menecer məsələsi geniş şəkildə müzakirə predmeti olsa da, mediamız bu sahəyə sahiblənə bilmədi. Ənənəvi media yeni metodlardan istifadədə nədənsə, bir az fəal deyil”.

Y.Məmmədlinin sözlərinə görə, normal şərait daxilində peşəkar menecerlərin potensialından istifadə etməklə bir çox uğurlara nail olmaq olar. Elə bir cəmiyyət yoxdur ki, orada çalışanlar hər bir sahədən 100 faiz razı qalsınlar. Analoji hal bizdə də var.

Problemin həlli yollarına gəldikdə isə DJL sədri bildirib ki, bütün problemlərin kökündə Azərbaycanda bazar münasibətlərinin tam şəkildə liberallaşa bilməməsi dayanıb. Bütün aparıcı ölkələrdə mətbuat bir biznes sahəsidir və bu sahə ilə məşğul olanlar bazar hesabına öz gəlirini əldə edir. Azərbaycanda isə media bazarının mövcud durumu göz önündədir: "İdeal heç nə yoxdur. Sözsüz ki, biz mövcud problemləri aradan qaldırmaqla bu sahənin də inkişafına nail ola bilərik. Sadəcə, bazar münasibətlərinin liberallaşması üçün vacib addımları atmaq lazımdır. Əgər mətbuatın maddi-texniki bazası yüksələrsə, bu sahəyə menecer axını da müşahidə olunar. Bu gün istehsal şirkətlərində çalışan menecerlərin əməkhaqqı ilə mediada çalışan menecerin maaşı arasında dağlar qədər fərq var. Məhz bu səbəbdən də heç bir kadr öz potensialından mediada istifadə etmək istəmir. Haqlı olaraq, hər bir menecer daha yüksək maaş vəd edən şirkətlərə üstünlük verir”.