Ermənilər azərbaycanlı biznesmenləri öldürürlər

“Hökumətin ciddi tələbi ilə Ukrayna hüquq-mühafizə orqanları onların kimliyini aşkar etməlidir”



Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub. Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyevdir. Onun atası Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib. Ə.Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib: "Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın Baş prokuroruna və Daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacağam”. Digər azərbaycanlı - əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib (Xatırladaq ki, eyni şəhərdə daha bir azərbaycanlı - İlham Tağıyev də öldürülüb). V.Nuruşovun qardaşı İlqar Nuruşov sayta açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib.

İ.Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: "Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq. Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimərdan Kərimov isə sayta bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: "Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə, rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım gəlsə, kütləvi etiraza da qalxacağıq”. Rusiya və Ukraynada xeyli sayda azərbaycanlının yaşadığını vurğulayan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, əvvəlki illərdə də ara-sıra həmyerlilərimizin qətli ilə bağlı xəbərlər gəlirdi: "Amma indiki situasiyada Ukrayna həssas məqamda olduğundan bu cür xəbərlərin yayılması, təbii olaraq bizdə çox ciddi narahatlıq doğurur. Bir tərəfdə Ukraynada vətəndaş müharibəsi gedir və onun müttəfiq dövlətlərə ehtiyacı var. Amma Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və ona dost münasibət bəsləməsi müqabilində ard-arda bir neçə həmyerlimizin Krım və Xersonda qətlə yetirilməsi bunun arxasında isə erməni faktorunun dayanması haqlı olaraq bizi qane etmir. Onu da deyim ki, burada Ukraynanın daxili işlər nazirinin mənşəcə erməni olmasının da təsiri var. Təbii ki, biz Ukrayna və Rusiyada millətlərarası qarşıdurmaların olmasının tərəfdarı deyilik. Amma Ukraynada baş verən bu qətllərin arxasında milli etnik kimlik məsələsinin dayandığı ortaya çıxsa, vəziyyət daha da gərginləşə bilər. Qonşu Gürcüstanda da azərbaycanlılarla ermənilər birlikdə yaşayır. Amma biz Gürcüstandan bu cür kriminal xəbərlər almırıq. Bu isə Gürcüstan hakimiyyətinin bu məsələlərdə daha həssas olduğunu göstərir. Görünür, Ukrayna hökuməti hakimiyyətdaxili problemlərlə əlaqədar milli etnik məsələlərinə diqqət ayıra bilmir. Amma ən azından, hökumət daxili işlər nazirinin yeritdiyi siyasətə də diqqət yetirməlidir. Hansı ki, həmin nazir öz açıqlamalarının birində "erməni soyqırım”ına dəstəyini ifadə edib. Halbuki, Ermənistan nə Ukraynanın ərazi bütövlüyünü tanıyır, nə də Krım məsələsində Ukraynaya dəstək verdi. Hesab edirəm ki, hökumətin ciddi tələbi ilə Ukrayna hüquq-mühafizə orqanları azərbaycanlıları qətlə yetirən şəxslərin kimliyini aşkar etməlidir. Əks halda, bu hadisələr Ukraynada vətəndaş müharibəsi ilə yanaşı, etnik qarşıdurmalara da yol aça bilər”.

Azərbaycanlıların qətlində şübhəli bilinən ermənilərin saxlandıqdan dərhal sonra azad edilməsi məsələsinin bir sıra suallar doğurduğunu vurğulayan politoloq deyib ki, həmin ermənilərin hansı səbəbdən saxlandığı və dərhal da azadlığa buraxılmasının səbəbi ictimaiyyətə açıqlanmalıdır: "Ukraynadakı Azərbaycan diasporu görsə ki, onların mövqeləri hansısa formada zədələnib və öldürülən azərbaycanlıların qətli obyektiv araşdırılmır, o zaman bu barədə hökumət qarşısında məsələ qaldırmalıdır. Bu zaman da iki ölkə arasında müəyyən problemlər yaşana bilər. Bütün bunların qarşısını almaq üçün də Ukrayna hakimiyyəti qətli araşdırmalı və cinayətkarların məsuliyyətə cəlb olunmasına nail olmalıdır. Onu da deyim ki, nə qədər ki, Ukraynanın Daxili işlər naziri erməni mənşəli olaraq qalacaq, o zamana qədər də həmyerlilərimizin ermənilər tərəfindən qətlə yetirilməsi arta və bu qətllərin üstü açılmaya bilər”.