Məcburi köçkünlər mal-qara ilə birgə yaşayır

“O binanın yaşayış məskəni və ya ferma olduğu müəyyənləşməlidir”


Abşeron rayonu, "Beynəlxaq qaraj” adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri 4 ildir ki, mal-qara ilə birgə yaşamağa məhkum ediliblər. Özü də həmdərdliləri - iki köçkün tərəfindən. Bu barədə Modern.az saytı məlumat verib. Məlumatda bildirilir ki, adıçəkilən ərazidə 17 məcburi köçkün ailəsi var. Məcburi köçkünlərdən Habil və Sokrat isə həmyerlilərinin sığındığı qarajı belə onlara çox görür. Həmin şəxslər elə yaşadıqları binanın birinci mərtəbəsindəcə heyvandarlıqla məşğuldurlar. Sovetlər dönəmində qaraj kimi istifadə edilən ikimərtəbəli binanın birinci mərtəbəsində mal-qara saxlayır, ikinci mərtəbədə isə digər ailələrlə birgə yaşayırlar.

Kəlbəcərli məcburi köçkün Əli İsgəndərov antisanitar vəziyyətdə yaşamaqdan təngə gəldiklərini deyir: "Bu cür şəraitdə yaşamaq olmur. Uşaqlar həyətə düşə, oynaya bilmir. Yaydır, bu üfunətdə hər cür xəstəlik yarana bilər. Biz, uşaqlarımız nəfəs ala bilmirik. Heyvanın səsindən, iyindən evdə oturmaq olmur”.

Uşaqlar nəfəs ala bilməsə də Habil və Sokrat məşğuliyyət sahələrini genişləndirərək mal-qaranın sayını 20 başa çatdıra bilib.

Əli İsgəndərov deyib ki, Habil və Sokrat qonşuların etdiyi xahiş-minnətə də məhəl qoymur: "Onlar heç kimi vecinə almır. Dəfələrlə yola gətirməyə çalışmışıq. Onların cavabı "bizim malın altı, sizin bir çoxunuzun evindən təmizdir” olub. Müraciət etmədiyimiz qurum qalmayıb.

Abşeron Rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən nümayəndələr gəlib "burda yaşamaq olmaz, heyvanları binadan çıxarın” deməklə kifayətləniblər, hansısa iş görməyiblər. Rəsmilər özləri iy-qoxudan mənzillərə yaxın dura bilməyiblər. Ümid bir Allaha qalıb”.

Köçkün ailələrinin ağır durumuna münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında yaranmış vəziyyətə aidiyyəti qurumların cavabdehlik daşıdığını dedi:

- Bu məsələ Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid deyil. Çünki adıçəkilən bina Komitənin balansında deyil, Abşeron rayonuna aiddir. Buna görə də məsələ ilə Abşeron rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və sahə müvəkkili maraqlanmalıdır. Həmin əraziyə hansı qurum cavabdehdirsə, vəziyyətin bu həddə çatmasına görə də o məsuliyyət daşımalıdır. Qanun hamı üçün birdir. Fərqi yoxdur, qaçqın və ya köçkün ailəsi, ya da yerli əhali. Əgər orada həqiqətən də anti-sanitar vəziyyət hökm sürürsə, sakinlər bu durumdan narahatdırlarsa, aidiyyəti qurumlar təcili tədbir görməlidirlər. Heyvanlar insanlarla eyni ərazidə saxlanmamalıdır. Necə ola bilər ki, bir-iki nəfər təsərrüfat obyekti yaratsın, gəlir əldə etsin, amma sakinlərə narahatlıq versinlər. Anti-sanitar şəraitdə əlbəttə, insanlar narazı qalacaq.

E.Məmmədov qeyd etdi ki, cavabdeh qurumlar əraziyə baxış keçirib yerində qiymətləndirmə aparmalıdır:

- O binanın yaşayış məskəni və ya ferma olduğu müəyyənləşməlidir. Fermadırsa, insanlar oradan köçürülməlidir. Yox əgər, bu, hələlik mümkün deyilsə, heyvandarlıq ləğv edilməlidir. İkisi bir arada qətiyyən mümkün deyil. Fermer təsərrüfatı ilə məşğul olmaq yaxşıdır, təqdirəlayiqdir, amma gərək elə edəsən ki, ətrafdakılar narahat olmasın və narazı qalmasın. İndiyədək gərək orada ciddi tədbir görüləydi. Yenə də gec deyil. İcra hakimiyyəti də, bələdiyyə də, sahə müvəkkili də əraziyə gedib vəziyyətlə tanış olmalı və şikayətlərin əsaslı olduğu müəyyənləşəcəyi halda, ciddi ölçü götürməlidir.