11 yaşlı uşağa qarşı iyrənc hərəkət...

Mehriban Zeynalova: “Bəlkə də uşaq pis mühitə düşüb və ananın bundan xəbəri yoxdur”



Mart ayında Bayıl qəsəbəsində yaşayan 16 yaşlı oğlan Mikayıl Useynov küçəsində bir neçə yeniyetməyə qarşı təhqiramiz hərəkətlər edib və həmin uşaqların üstündəki pulu götürdükdən sonra onların üzərinə təbii ehtiyacını yerinə yetirib.

16 yaşlı Orxanın (yazıdakı bütün şəxs adları şərtidir) əməllərindən əziyyət çəkən şəxslərdən biri, Bakı şəhər, Səbail rayonu, Bayıl qəsəbəsi Buxta küçəsində kirayə yaşayan 35 yaşlı Əsmayə İmranova mətbuata açıqlamasında oğlunun martın 8-də Orxan və Əliş adlı digər uşaq tərəfindən "Akapen” deyilən yerə, çənlərin yanına aparıldığını deyib. Orda uşağa qarşı seksual xarakterli hərəkətlər ediblər, paltarlarını çıxarıblar: "Bu zaman Asimanın ürəyi gedib, atıb palçığın içinə qaçıblar. Uşağı pis vəziyyətdə tapdıq, bədənində göyərtilər vardı. Amma polislər bu məsələyə biganə yanaşdılar. Halbuki, bu barədə tədbir görülməsi ilə bağlı ərizə də yazmışdım”.

Ə.İmranova oğluna qarşı edilmiş təhqiramiz hərəkətlərin daha sonra da davam etdiyini və 16 yaşlı Orxanın, eləcə də məhəllənin digər uşaqlarının onun övladını hədələdiyini bildirib: "Martın 23-də Orxan yolda oğluma yaxınlaşıb və pulqabını Asimanın cibindən götürüb, deyib ki, vermirəm. "Zarafat edirəm” deyərək pulqabından 80 manatı götürüb, qaytarmayıb. Daha sonra uşağı doqquzmərtəbənin yanında çuxur deyilən yerə apararaq ona qarşı iyrənc əməli törədib. Asimanı qorxudub ki, kiməsə desə, anasının, yəni mənim adımı pis çıxaracaq”. Şikayətçinin sözlərinə görə, həmin gün 11 yaşlı Asiman evə gələrkən bütünlüklə sidiyin içində olub.

Bir neçə il əvvəl həyat yoldaşından ayrılan, 11 yaşlı oğlu və kiçik bacısı ilə Bayılda kirayə yaşayan qadının sözlərinə görə, martın 23-dəki hadisədən sonra onu bir neçə dəfə hədələyib, təhqir ediblər. "Hadisədən 2-3 gün keçmişdi ki, məni yenə hədələdilər. Gecə saat ikiyə işləmiş Orxanın atası gəlib yaşadığım evin qapısını döydü. Nə qədər səslənsəm də, "kimdi” cavab verən olmadı. Gözlükdən baxanda gördüm ki, həmin şəxsdir və qışqırdım. Əlimdə də ətdoğrayan balta vardı, qışqırdım ki, niyə gəlmisən? Bu dəqiqə 102-yə zəng edəcəm. O isə məni hədələməyə başladı. Orxanın atası aprelin 8-də mənə zəng vurub parka çağırırdı. Deyirdi 100 manat da pul verəcəm, ərin də yoxdur. Bax, belə təhqir edirlər. Mənə, övladıma bu boyda zərbə vurublar. Qardaşlarıma da deyə bilmirəm, birinin 2, digərinin 3 uşağı var. Bu məsələyə hüquqi qiymət verilməsə, 5-ci günə kimi bir tədbir görülməsə, oğlumu da, özümü də şəhərin mərkəzində yandıracam. Bu qədər haqsızlığa dözə bilmirəm. Əgər vaxtında Əliş barəsində tədbir görülsəydi, bütün bunlar bizim başımıza gəlməzdi” (lent.az).

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında məsələnin ciddi araşdırma tələb etdiyini deyib: "Mən bu barədə məlumatı oxuyandan sonra həmin xanımla əlaqə saxladım və onun probleminin həllinə nail olmağa çalışdım. Amma xanım fikirlərini izah edə bilmədiyi üçün mən dəqiqləşdirmə üçün ana və uşağın hər ikisini Mərkəzə dəvət elədim. Amma xanım bizim köməyimizdən imtina elədi. Mətbuata açıqlamasında uşağını psixoloqa apardığını deyib. Biz də ona pulsuz psixoloq yardımı təklif elədik, yenə razılaşmadı. Məhz bu səbəbdən də hadisəni yerində araşdırmaq üçün bu günə, sabaha sözügedən ünvana baş çəkməyi planlaşdırıram. Çünki hadisəni yerində araşdırmayanda dəqiq rəy bildirmək olmur. Ananın mətbuata açıqlamasında fikir konkretliyi olsa da, telefon danışığında qaranlıq məqamlar vardı və konkretlik görə bilmədim. Ola bilsin ki, xanımın fikirlərində ziddiyyət olduğu üçün hüquq-mühafizə orqanları da olaya müdaxiə edə bilmir. Bəlkə də uşaq pis mühitə düşüb və ananın bundan xəbəri yoxdur. Baş verən hadisədə övladının tamamilə günahsız olduğunu düşünür. Uşağın özü ilə də danışıb psixoloq rəyi almalıyam”.

Şəymən