1100 pişiklə yaşayır

Beş otaqlı evini onlara verərək özü bağçadakı konteynerə yerləşib
Heyvansevər kimi tanınan 67 yaşlı Lynea Lattanzio bu günə qədər təqaüdünü pişiklər üçün xərclədi. Hətta evlilik üzüyünü də onların qidalanması üçün satışa çıxardı. Lattanzio evinin qapılarını 1100 pişiyə açıb, özü də bağçadakı konteyner evə daşındı.
Lynea işindən ləzzət alır. "Pişikləri sevirəm, çünki müstəqil, gözəl və zərifdilər. Onları izləməkdən kef alıram”- deyir.
İndiyə qədər ən çılğın pişiksevər qadın kimi səs salan 67 yaşlı Lynea Lattanzio pişikləri üçün nələr etmədi ki? Təqaüdünün hamısını onlara xərclədi. Avtomobilini, hətta evlilik üzüyünü satmaq məcburiyyətində qaldı. Son olaraq öz yaşadığı beş otaqlı evi 1100 pişiyə verərək bağçasındakı konteyner evə yerləşdi. Lynea eyni zamanda könüllülərdən ibarət bir qrupla Kaliforniyanın ən böyük pişik sığınacağını idarə edir: The Cat House on the Kings. Digərlərinin əksinə olaraq bu sığınacaqda qəfəs yoxdur, öldürmək yoxdur! Sığınacağın veb saytında bu günə qədər 24 mindən çox pişik və 7 mindən çox itin qurtarıldığı, 40 mindən çox pişik və itin də sonsuzlaşdırıldığı bildirilir. Lynea pişiklərini özünə saxlamır. Sığınacaq, pişiklər və itlər üçün sahibləndirmə mərkəzi kimi də fəaliyyət göstərir. Bölgədə yaşayıb sahiblənmək istəyənlər sığınacağın internet saytında yuva gözləyən pişik və itləri görə bilir. Getməyə hazır olan sığınacaq sakinləri isə adları, şəkilləri və onları tanıdan yazılarla yeni yuvalarını gözləyir. Bəli, Lynea tam mənasıyla həyatını pişiklərə həsr edərək bir çox şeydən imtina etmək məcburiyyətində qalıb. Lakin o, dostları üçün mübarizə aparmaqdan şikayətçi deyil. Hər şeyə baxmayaraq, söylədikləriylə üzündəki xoşbəxtlik ifadəsini dəstəkləyir: "Hər səhər xoşbəxt oyanıram. Dünya üçün yaxşı bir işlər görmək məni məmnun edir.”