Göygöldə baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə bu gün saat 21 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.
Göygöl rayon Hacıməlik qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəmşəddin Məmmədov idarə etdiyi "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun istiqamətlərini ayıran dəmir məhəccərə çırpıb. Qəza zamanı sürücü və sərnişin 1966-cı il təvəllüdlü Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Digər 3 sərnişin, 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Arzu Verdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Yaralılardan R. Məmmədovun vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə orta ağırdır. Məlumata görə avtomobildə olanlar toy şənliyindən qayıdırlarmış.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.