“Yaqlandın qərarı göstərir ki, məqsədləri insan hüquqlarının qorunması deyil”
Hüquq müdafiəçisi: "AŞ-nin baş katibi Azərbaycanla dialoqa qarşı olduğunu göstərdi”
Dünən Avropa Şurası (AŞ) baş katibi Turbörn Yaqland Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması ilə bağlı qərarını açıqlayıb. APA-nın xəbərinə görə, AŞ-nin bu barədə məlumatında qeyd olunur ki, 2014-cü ilin sentyabrından AŞ üzvləri vətəndaş cəmiyyəti və Azərbaycan rəhbərliyi arasında dialoqun canlanması məqsədi ilə Bakıda görüşlərdə iştirak edib. AŞ bu təşəbbüsə baxmayaraq, insan haqları müdafiəçilərinin həbsi qərarının dəyişmədiyini müşahidə edib. Məlumatda qeyd olunur ki, Turbörn Yaqland qərarını Nazirlər Komitəsinə açıqlamazdan öncə bu barədə Azərbaycan tərəfini məlumatlandırıb.
"Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarı bir daha göstərir ki, onların məqsədi insan hüquqlarının qorunması deyil”. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, qeyd edib ki, əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərdilər: "Ancaq onlar bunu dilə gətirmirlər. Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”.
T.Rzayev vurğulayıb ki, Avropa Şurasında erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: "Onlar istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər, ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar. Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”.
O bildirib ki, Azərbaycana qarşı ikili standartlara baxmayaraq, Azərbaycan həmişə əməkdaşlığa hazır olduğunu bildirib: "Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər”.
Millət vəkili əlavə edib ki, bu qərarın qəbul edilməsinin səbəblərindən biri də qarşıdan gələn parlament seçkiləridir: "Azərbaycanda seçkilər və digər mühüm tədbirlər ərəfəsində onlar ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Seçkilər hələ keçirilməyib, ancaq indidən seçkilərin saxta keçirilməsi barədə məlumat yayırlar, digər ölkələri Azərbaycanda seçkiləri müşahidə etməməyə çağırırlar. Bütün bunlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
"Bu, təkcə Yaqlandın Azərbaycana qarşı münasibəti deyil, ümumilikdə Azərbaycana qarşı aparılan bir kampaniyadır.”
Bunu da Trend-ə millət vəkili Bəxtiyar Əliyev Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında uğurlu fəaliyyəti, Azərbaycan həqiqətlərinin orada dəstəklənməsi Azərbaycana qarşı çirkin siyasi kampaniya aparan siyasi dairələri hiddətləndirir: "Və Yaqlanda ciddi təzyiq göstərildiyi üçün o, həmin siyasi sifarişi yerinə yetirir. Onlar Azərbaycanda insan haqları ilə bağlı heç bir ciddi problemin olmadığını, işçi qrupunun normal şəkildə fəaliyyət göstərdiyini görəndə və sabah hesabat verərkən obyektiv məsələləri qeyd etməyə məcbur olacaqlarını bildikləri üçün süni surətdə bu əməkdaşlğı dayandırmaqla sonradan Azərbaycanın bu işinə qara yaxmaq, qeyri-obyektiv mövqe bildirmək məqsədilə bu işçi qrupundan çıxırlar. Burada məntiq bundan ibarətdir”.
Millət vəkili hesab edir ki, Azərbaycanın QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də Azərbaycana qarşı bu qərəzli münasibətə etiraz etməlidirlər.
"Avropa Şurasının (AŞ) baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu ortaya qoydu”.
Bunu da Trend-ə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
S.Məmmədov bildirib ki, bu qərar Avropa Şurasının daşıdığı statusla bir araya sığmır: "Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?”
O qeyd edib ki, hətta "siyasi məhbus” olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur: "Bir də ki Yaqland və onun nümayəndəsi işçi qrupunda olmayanda, nə olacaq ki?! Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və biz bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”.