Ölkəmizin iqtisadi nailiyyətləri, həyata keçirilən səmərəli iqtisadi siyasət nüfuzlu beynəlxalq qurumlar tərəfindən təqdir edilir. Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib.
Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bir sözlə, praqmatik iqtisadi siyasətin nəticəsi kimi əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub.
Neft gəlirlərinin səmərəli idarə edilməsi və strateji valyuta ehtiyatlarının formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sahələrinin tərəqqisi ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji faktorlara çevrilib. Beynəlxalq Valyuta Fondu da (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib. BVF-nin "Dünya İqtisadi Proqnozları” adlı hesabatının oktyabr sayında təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. Hesabatda qeyd olunub ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4 faiz artacağını gözləyir. Apreldə dərc olunan hesabatda BVF-nin bu proqnozu 0,6 faiz idi. Fond gələn il Azərbaycanda ÜDM-nin 2,5 faiz artacağını gözləyir. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9 faiz və 6,2 faiz idi. BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının profisiti 3 milyard dollar, 2016-cı ildə 2,7 milyard dollar təşkil edəcək.
Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6 faizdə qalacağını proqnozlaşdırır. BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1 faizə, 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq faiz 3,6 faizə endirib. Təşkilat Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6,8 faizdə saxlayıb. Fond Avrozona üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5 faiz saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0,1 bənd salaraq 1,6 faizə endirib. Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi arım proqnozları 2015-ci il üçün 3,3 faizdən 3,1 faizə və 2016-cı il üçün 3,8 faizdən 3, 6 faizə endirilib.
Azərbaycanın iqtisadi uğurlarından danışan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, dünyanı bürümüş iqtisadi, maliyyə təlatümlərinin Azərbaycana təsir göstərib-göstərmədiyini müəyyən etmək üçün 2015-ci ilin 8 ayının yekunlarını xarakterizə edən bəzi makroiqtisadi və digər göstəricilərə nəzər salmaq kifayətdir: "Azərbaycan iqtisadiyyatının mövcud durumunu belə xarakterizə etmək olar. Neft və qaz hasilatı sahəsindəki azalmalar istisna olmaqla, demək olar ki, qalan bütün sahələrdə keçən ilin müvafiq dövrü ilə müqayisədə pozitiv nəticələr əldə olunub. Cari ilin 8 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda Ümumi Daxili Məhsul həcmi 4,2 faiz, qeyri-neft sektorunda isə 7,3 faiz artım olub. Qeyri-neft sənaye sahəsində artım daha da yüksələrək 11,3 faiz təşkil edib. 2015-ci ilin yanvar-avqust aylarında əsas kapitala 1,7 faizdən çox vəsait yönəldilib. Bu dövrdə bitkiçilik məhsulları istehsalının 12,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,2 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,4 faiz təşkil edib. 2014-cü ilin səkkiz ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz, əmtəə dövriyyəsi 11,3 faiz, pullu xidmətlərin həcmi 6,2 faiz, xarici ticarət dövriyyəsinin həcmi 4,0 faiz, o cümlədən ixrac 2,7 faiz, idxal isə 7,7 faiz artıb.
Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 12 faizədək üstələyərək 1 milyard 29 milyon dollar təşkil edib. Beləliklə, ümumi ixracımızda qeyri-neft sektorundan ixracın xüsusi çəkisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 70 faizdən çox artıb. Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq, 458,9 manat təşkil edib. 2015-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 5,9 faiz artaraq 26,7 milyard manata çatıb. Əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq, 2015-ci il avqust ayının 1-nə 7,6 milyard manat təşkil edib”. Fikrət Yusifov hesab edir ki, bütün bu göstəricilər Azərbaycanın neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi fonunda çox dəqiq alternativ iqtisadi inkişaf yolunu müəyyənləşdirdiyini göstərir.
İsmayıl