Elçin Mirzəbəyli: “Humanist missiya daşıyıcısı olsa belə, dini amillərdən çox hallarda terror məqsədi ilə istifadə edirlər”
Parlament seçkisi yaxınlaşdıqca, müəyyən qüvvələr qərəzli planlarını həyata keçirməyə cəhd edirlər. Son zamanlar cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək təşəbbüslərinə rast gəlirik. Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək, onların səsvermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər.
Məsələ Milli Məclisin ötəngünkü iclasında da müzakirə olunub. Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bəzi dini təşkilatlar siyasi motivli çıxışlar səsləndirərək seçkiləri boykot edəcəklərini bəyan ediblər. Deputat qanunvericilikdə dini təşkilatların siyasi proseslərə müdaxiləsini qadağan edən müddəaların olduğunu xatırladıb: "Bu yaxınlarda mən dini ekspert kimi çıxış edən bir nəfərin, həmçinin, narkomanlığa görə həbs edilmiş və türmədən yeni çıxmış digər birinin rəyini gördüm. Bunlar QHT-lərdir və onların nizamnaməsində siyasi məsələlərə müdaxilə qanunla qadağandır”. Deputat bildirib ki, qanunvericiliyə zidd davranış sərgiləyən dini təşkilatların qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən ləğv edilsin”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Rüstəm Ramazanov bəyan edib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir: "Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması dərin təəssüf hissi doğurur. Dini siyasiləşdirən şəxslərin bəd niyyətləri dini inancdan yararlanmaq istəyindən xəbər verir. Demokratik, hüquqi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların "rəhbər”ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa haqqı var. Eyni zamanda özlərini "din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri də özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcək”.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də bildirib ki, Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Bütün vətəndaşlar ölkənin qanunlarına əməl etməyə borcludur: "Qanunvericilikdə müəyyən boşluqlar olduğuna görə, ayrı-ayrı qruplar öz məqsədlərinə çatmaq üçün din adından istifadə edirdilər. Onlar müxtəlif QHT-lər yaradaraq, din üzərindən siyasət yürüdür və ictimaiyyəti çaşdırmağa çalışırdılar. Dünyada baş verən proseslər də sübuta yetirdi ki, hətta humanist missiya daşıyıcısı olsa belə, dini amillərdən çox hallarda terror məqsədi ilə istifadə edirlər. Dünyada mövcud olan ayrı-ayrı terrorçu qrupların, Yaxın Şərqdə baş verən proseslərin mahiyyətində də məhz bu amil dayanır. Bu problemlərin qarşısının alınması üçün atılan addımlar təqdir olunmalıdır. Cəmiyyətə də bu istiqamətdə ciddi mesajlar verilməlidir”. E.Mirzəbəylinin sözlərinə görə, KİV arxasında xarici qüvvələrin dayandığı zərərli insanları "qəhrəman” elan etmək missiyasından əl çəkməlidir: "İŞİD kimi terrorçu dəstələrin məşhurlaşmasında bilavasitə qərəzli medianın günahı var. Kimsə cinayət törədir və həbs olunur,
ya da konkret bir ölkənin agenti funksiyasını yerinə yetirdiyi üçün məsuliyyətə cəlb edilir. Ancaq Vətənə xəyanəti sübuta yetirilmiş insanlar özlərini siyasiləşdirməyə çalışırlar. Onların havadarları isə bundan yararlanmağa cəhd edir. Belə qrupların qarşısı ən kəskin formada alınmalıdır”.
İsmayıl