Dövlət büdcəsinin müzakirəsinə başlanıldı

Maliyyə naziri məlumat verdi, deputatlar isə təkliflərini səsləndirdi
“Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır”



Dünən Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirəyə çıxarılıb. Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında Maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsi haqqında məlumat verib.

Maliyyə naziri etiraf etdi: "Xaricə ixrac etdiyimiz mallar ucuzlaşıb”

Nazir 2016-cı ilin dövlət büdcəsi haqqında danışarkən bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici şok təsir edir. Onun sözlərinə görə, bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşdırılmasıdır: "Qonşu dövlətlərdə milli valyutanın devalvasiyası nəticəsində Azərbaycan məhsullarının dəyəri artıb. Onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur. Neftin qiymətinin aşağı olması təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir”.

Nazir qeyd edib ki, dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb: "Sosial iqtisadi inkişaf proqnozlarının, ÜDM artımının əvvəlki proqnozdan 1,1 faiz az, yəni 3,3 faiz olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6 faiz, qeyri-neft sektorunda 5,9 faiz artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,08 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1 faiz azdır. Cari ilin xərclərinin icrası isə 84 faiz səviyyəsində gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 16 faiz azdır”.

"Gələn il bir neçə yenilik olacaq”

S.Şərifov deyib ki, gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan asılılıq azaldılıb. Nazir bildirib ki, gələn il Dövlət Neft Fondundan büdcəyə 6 milyard manat vəsait transfer olunacaq: "Neft gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafına təsir göstərəcək. Ümumiyyətlə, gələn il bir neçə yenilik olacaq. Yeniliklərdən biri qeyri-neft sektorundan gəlirlərin artırılmasıdır. Digərləri isə vergi sahəsinə aiddir. Belə ki, gələn il vergi güzəştlərinə yenidən baxılacaq. Güzəştlər məhdudlaşdırılacaq və hətta ləğv olunacaq. Vergilərin sadələşdirilməsi istiqamətində işlər aparılacaq ki, bu da sahibkarlığın inkişafına şərait yaradacaq. Sahibkarlığın inkişafı isə dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, 2016-cı ilin dövlət və icmal büdcəsi dünyada baş verən kəskin dəyişikliklər və neqativ proseslər fonunda hazırlanıb. Millət vəkilinin sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub: "Buna baxmayaraq dövlət büdcəsi elə tərtib olunub ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı təsirinin gözlənilməsi demək olar ki, sıfıra bərabərdir. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi inkişaf edəcək”.

"Cəbhədəki kəndlərin tələbələri təhsil haqqından azad edilsinlər”

Büdcə ilə bağlı təklifini səsləndirən xanım millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlərin verilməsini istəyib: "Ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlarımız hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər. Bu gün belə kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yaşayan insanlarımız hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altındadır. Bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var. Belə kəndlərə qoyulan sərmayə azdır. Həmin ərazilərdə iş quran adamların vergidən azad olunması lazımdır. Bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına da təsir edərdi. Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı”. Deputat maliyyə naziri Samir Şərifovun Bakı şəhərindən sonra 2016-cı ildə də 12 rayon və şəhərin orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı da danışıb: "Belə rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olması vacibdir. Bu istiqamətdə işlər görülməsi məqsədəuyğundur”.

"Büdcədə vəsait yalnız 600 alimə ayrılır. Bəs digər 1200 alim vəsaiti hardan alsınlar ki, iş görə bilsinlər?”

"Alimlərin əldə etdiyi elmi nəticələri istehsalata yönəltməliyik. Bu sahədə ciddi boşluqlar var. Neçə ildir ki, bu barədə deyilsə də, ortada nəticə yoxdur”. Bu sözləri isə Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda 1800 elmlər doktoru var: "Onun 1200-ü universitetdə, 600-u isə akademiyada çalışır. Ancaq büdcədə vəsait yalnız 600 alimə ayrılır. Bəs digər 1200 alim vəsaiti hardan alsınlar ki, iş görə bilsinlər? Düşünürəm ki, 2016-cı ilin dövlət büdcə layihəsində bütün alimlərə vəsait ayrılmasının nəzərdə tutulması yaxşı olardı. Təklif edirəm ki, büdcədə elm və təhsil bölməsində bununla bağlı xüsusi bölmə yaradılsın”.

"Özüm naxçıvanlı olduğuma görə demirəm”!

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gələn ilin büdcəsində olan azalmalara münasibət bildirib. Deputat deyib ki, bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır: "Dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universitetlər üçün yaxşı hal ola bilər”. Q.Həsənquliyev qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də toxunub: "Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaltmaq yox, əksinə, artırmaq lazımdır. 20-25 ildir ki, onlar ağır şəraitdə yaşayırlar. Düşünürəm ki, onların problemləri həll olunmalıdır. Azərbaycanın real artımı 2016-cı ildə 2,5 faiz, Ermənistanda isə bu göstərici 0 faiz olacaq. Ermənistan 2,6 milyard dollarlıq büdcəsinin 114 milyon dollarını Qarabağa ayırıb. Azərbaycanda isə strateji cəhətdən əhəmiyyətli bir yer olan Naxçıvana ayrılan dotasiya 15,4 milyon dollar azaldılıb. Buna görə düşünürəm ki, ora ayrılan dotasiyanın azaldılması yaxşı hal deyil. Naxçıvan hər tərəfdən blokada şəraitində olan bir ərazidir. Bunu özüm naxçıvanlı olduğuma görə demirəm, belə bir vəziyyət harda olsa, dilə gətirərdim”.

"Məmur özbaşınalıqları artıb”

"QİÇS və narkomaniya sürətlə artan bəlalardır. Preventiv üsullarla, təbliğat aparmaqla bunun qarşısını almaq lazımdır. Çünki onun hələ də müalicəsi yoxdur”.
Bu fikri isə ombudsman Elmira Süleymanova səsləndirib. O bildirib ki, narkomaniyanın qarşısını almaq olar, müalicəsi mümkündür və buna daha çox fikir verməliyik: "Cəzaçəkmə müəssisələrinə gedərkən müşahidə edirik ki, orada daha çox cavan kişilər narkomaniyaya bulaşıblar. Həm özləri əzab çəkir, həm dövlət üçün çox böyük xərcdir”. E.Süleymanova bəzi ali məktəblərdə təhsil haqlarının yüksək olduğunu da qeyd edib. Onun fikrincə, 3400 manat illik təhsil haqqını ödəmək bu gün Azərbaycan ailələri üçün çətindir. Uşaq evləri haqqında da danışan ombudsman qeyd edib ki, bunlar təhsilin ilk pilləsidir və onlara fikir vermək lazımdır. O bildirib ki, burada məqsəd yeni kurrikulum əsasında dərslər keçirilən zaman uşaqların çətinliyə düşməməsidir. Ombudsman rayonlarda hüquq məsləhətxanalarının olmaması məsələsinə də toxunub: "Rayonlarda insan hüquqlarının pozulması, məmur özbaşınalıqlarının artmasının səbəbi yerlərdə hüquq məsləhətxanalarının olmaması ilə bağlıdır”. Ombudsman hərbi qulluqçuların kirayə mənzil pulu məsələsini də vurğulayıb: "Bakı şəhərində 47,4 manat, rayonlarda 33 manat, digər yaşayış məntəqələrində isə 28 manata hərbçilərə kirayə üçün evpulu verilir. Bu pulla o, harada ev tapa bilər ki, ailəsini saxlasın”. O, tabeliyində olan bəzi işçilərinin əmək haqlarının artırılması ilə bağlı çıxış edib. Bildirib ki, 10 nəfər işçi var ki, mütəxəssis kimi işə qəbul olunub və haradasa 200-240 manat əmək haqqı alır: "Hesab edirəm ki, mütəxəssis kimi işə götürülən həmin şəxslərin məsləhətçi ştatı ilə əvəzlənməsi onlara dəstək olardı”.

Vətəndaşlara şad xəbər... İcbari tibbi sığortanın tətbiqinə başlanılır

Maliyyə naziri Samir Şərifov müzakirələr zamanı deyib ki, növbəti ildən icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayacaq: "Artıq hökumət də bu istiqamətdə ciddi işlər aparır. İcbari sığorta zamanı dövlət xəstənin müəyyən xərclərini öz üzərinə götürəcək. Yerdə qalan hissəsi isə donorlar, xəstənin yaxınları və digərləri tərəfindən ödənilə bilər”. Nazir söyləyib ki, bu gün ölkədə mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir ki, onları etdirmək hər adamın imkanı daxilində deyil: "Ona görə də bu əməliyyatların həyata keçirilməsi üçün dövlət tərəfindən müəyyən vəsait ödənilir. Bu əməliyyatlar üçün tibbi sığortalar həyata keçiriləcək. Vəsaitin müəyyən qismi sığorta ilə, digər qismi isə xəstə tərəfindən ödəniləcək”.

S.Şərifov səhmdar cəmiyyətlərinə dövlətin dotasiya verməsinə və onların özəlləşməsi məsələsinə də baxılacağını deyib: "Çünki elə səhmdar cəmiyyət var ki, onlara dotasiya ayrılsa da, fəaliyyətlərində ciddi dönüş yoxdur. Bu məsələ araşdırılır. Ona görə bununla bağlı burada qaldırılan məsələlərə baxmaq olar. Bu, istisna deyil. Amma onu da nəzərə almaq lazımdır ki, bəzi sahələri əhatə edən səhmdar cəmiyyətlərə maliyyə sərbəstliyi vermək olmaz. Məsələn, enerji, su satışı ilə məşğul olan qurumlarda qiymət Tarif Şurası tərəfindən tənzimlənir. Çünki hökumət əhalinin sosial vəziyyətini nəzərə alaraq müəyyən sahələrdə nəzarəti həyata keçirdiyi üçün onlara dotasiya ayırmalıdır”.

Nazir deputat Asim Mollazadənin xırda və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı qaldırdığı məsələyə də aydınlıq gətirib: "Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün vergilərin sadələşdirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda vergi güzəştləri ancaq iri şirkətlərə və layihələrin icrası zamanı tətbiq edilir. Xırda və orta sahibkarlığın, xüsusən də xidmət, ictimai iaşə, turizm və digər sahələrin inkişafı üçün vergilərin sadələşdirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq vergi qanunvericilik təşəbbüsü də var və bu məsələ parlamentdə müzakirə olunaraq qəbul ediləcək”.

Dövlət universitetlərinin və xəstəxanalarının özəlləşdirilməsinə ehtiyac yoxdur

S.Şərifov qeyd edib ki, dövlət səhiyyə ocaqlarının özəlləşdirilməsi məsələsinə baxmaq olar: "İndiki məqamda bu, tezdir və nə qədər səmərəli olar, onu demək bir az çətindir”. Nazir bələdiyyə xəstəxanalarının tikilməsi ilə bağlı səslənən fikirlərə də mövqeyini açıqlayıb: "Heç kim bələdiyyə xəstəxanasının tikintisi ilə bağlı bələdiyyəyə qadağa qoymur. Əgər bələdiyyənin imkanı varsa və belə bir xəstəxanaya ehtiyac duyulursa, tiksin.” Dövlət universitetlərinin özəlləşdirilməsi ilə bağlı qaldırılan təklifə gəldikdə, nazir bildirib ki, indiki məqamda buna ehtiyac yoxdur: "Çünki son illərdə təhsil sahəsində aparılan islahatlar nəticəsində dövlət universitetlərinin maliyyələşməsi demək olar ki, minimuma enib. Dövlət ancaq yüksək bal toplayan şəxsləri və onun maddi-texniki bazasının möhkəmlənməsini maliyyələşdirir. Bu da elə də böyük vəsait etmir”. Nazir əlavə edib ki, hökumət bu gün özəl və dövlət ali təhsil ocağında təhsilin maliyyələşməsinə heç bir fərq qoymur.

Anar Bayramoğlu