AMİP başsız qaldı

Partiya sədri müəmmalı şəkildə istefa verib




Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verib. Y.Bağırzadə mətbuata verdiyi qısa açıqlamada qərarının səhhəti ilə bağlı olduğunu deyib. Daha sonra isə media nümayəndələrinin zənglərinə cavab verməyib. Xatırladaq ki, Y.Bağırzadə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən namizədliyini irəli sürüb.

Ancaq daha sonra namizədliyinin qeydə alınmaması üçün DSK sədrinə ərizə ilə müraciət edib. Partiya sədrinin qəfil istefa qərarı məsləkdaşları üçün də gözlənilməz olub. AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Y.Bağırzadə bu haqda partiyada heç kəsi məlumatlandırmayıb. Ümumiyyətlə, bu barədə fikirlərini bölüşməyib: "Yusif Bağırzadə məsələnin nə yerdə olduğunu detalları ilə ictimaiyyətə açıqlasa, daha yaxşı olar. Əslində mənim üçün də istefanın səbəbləri hələ məlum deyil. Hazırda telefonlarına zəng çatmadığı üçün özü ilə əlaqə saxlaya bilmirik. Çalışacağıq ki, məsələnin səbəblərini daha ətraflı dəqiqləşdirək”. Ə.Orucov bildirib ki, Y.Bağırzadənin səhhətində həqiqətən də problemlər var və o, uzun müddət Almaniyadakı klinikaların birində müalicə alıb: "İstefa qərarının seçkilərlə bağlı olmasını indidən demək çətindir. Ancaq partiya sədrinin istefa qərarı AMİP-in seçkilərdə iştirakına təsir göstərməyəcək. Partiyanın gündəmində seçkilərdən imtina yoxdur”. Siyasi Şura üzvü yeni sədr seçmək üçün yaxın müddətdə qurultay keçiriləcəyini də istisna etməyib: "Onsuz da Mərkəzi Şuranın qərarına uyğun olaraq, AMİP seçkidən qabaq qurultay keçirməli idi. Artıq rayon təşkilatlarında konfranslar yekunlaşıb və işçi qrup öz işini yekunlaşdırıb. Sadəcə olaraq, Mərkəzi Şura qurultayın vaxtını və yerini müəyyənləşdirməlidir. Ona görə də yeni sədr seçmək üçün növbədənkənar qurultaya ehtiyac yoxdur, növbəti qurultayın vaxtı çatıb. Nizamnaməyə görə, partiya qurultaya gedib özünə yeni sədr seçməlidir. Həmin dövrə qədər isə sədr səlahiyyətlərini baş katib icra edəcək”.

Partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev də AMİP sədrinin hansı səbəbdən istefa verməsindən xəbərsiz olduğunu açıqlayıb: "Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib”.

İsmayıl