Yol qətliamı...

Millət vəkillərinin söylədiklərinə ekspertlər nə deyir?
Ərşad Hüseynov: “Bəzən elə yerdə sürət həddi artırılır, elə yerdə isə azaldılır ki, əslində, bunların heç birinə gərək yoxdur”



Yollardakı qəzalar millət vəkillərini də dilə gətirdi. Milli Məclisin ötən iclasında bir neçə millət vəkili yollarda qəzaların baş verməsi səbəblərindən danışdılar. Millət vəkili İlham Əliyev magistral yollarda səbəbsiz yerə sürət həddinin tez-tez dəyişdirilməsini vurğulayaraq bunun real təhlükə olduğunu deyib. Millət vəkili bildirib ki, Bakı-Qazax yolunun, xüsusən Kürdəmirdən keçən hissəsində sürət həddi tez-tez aşağı salınır: "Tutaq ki, yol kənarında 5-6 ev var, sürət həddi buna görə qəflətən 50-yə endirilir. Magistral yolda sürətin qəfil aşağı salınması qəza hallarına yol açır”. Millət vəkili Elmira Axundova isə bu il sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəzanı xatırladaraq yollarda quraşdırılmış dəmir arakəsmələrin ekspertizadan keçirilməsini və keyfiyyətinin artırılmasını təklif edib: "Mətbuatdan hər gün avtomobil qəzaları haqqında çoxlu xəbərlər yayılır. Bu məlumatlara istinadən demək olar ki, sanki magistral yollarda qətliam törədilir. Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın şahidi olduq. Məhz bu qəzaya görə iddia etmək olar ki, dəmir arakəsmələr ölüm alətinə çevrilir” söyləyən millət vəkili Qərbdə də bu cür dəmir arakəsmələr quraşdırıldığını, lakin onları hətta ağır tonnajlı maşınların belə kəsə bilmədiyini, bizdə isə hətta kiçik ölçülü avtomobillərin də bu arakəsmələrə dəydikdə dəmirlərin maşını da, insanları da doğradığını vurğulayıb. Xanım millət vəkili insanların təhlükəsizliyi baxımından bu məsələnin həllinin vacib olduğunu bildirib.

"Dəmir arakəsmələr

ekspertiza olunmalıdır”

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsməyə çırpılması səbəbindən 3 nəfərin ölməsi, 10 nəfərin ağır yaralanması, yaralılardan bir neçəsinin müxtəlif əzalarının amputasiyaya məruz qalması ilə nəticələnmiş qəza bu magistraldakı təhlükəli problemi - dəmir arakəsmələri gündəmə gətirmişdi. İndi isə artıq millət vəkilləri də bu bəladan danışır. Xatırladaq ki, Bakı-Sumqayıt yolundakı həmin müdhiş qəzadan sonra sosial şəbəkələrdə dəmir arakəsmələr "ətçəkən maşın” adlandırılmışdı.

Millət vəkillərinin qaldırdığı problemlərin həllinin vacib olduğunu deyən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da "Şərq”ə açıqlamasında həm sürət həddinin tez-tez dəyişdirilməsi, həm də dəmir arakəsmələrdən danışdı:

- Dəmir arakəsmələr yolların kənarına da çəkilir, əks istiqamətli yolları biri-birindən ayırmaq məqsədilə də. Bunlardan dünyanın hər yerində istifadə olunur və əsas təyinatı da avtomobillərin təhlükəsiz hərəkətini təmin etməkdir. Ancaq təəssüf ki, əsas təyinatı qorumaq olan bu metal sədlər bizim yollarda real ölüm təhlükəsi saçır. Çünki bizim yollara bu sədlər yalnız çəpər prinsipi ilə tətbiq olunur. Daha bunun təhlükəsizlik dərəcəsi nəzərə alınmır. Halbuki bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var. Dəmir çəpərlər çəkilərkən həmin standartlar gözlənilməlidir.

Yol-nəqliyyat qəzalarının başvermə səbəblərinə toxunan ekspert burada həm yol infrastrukturunun düzgün qurulmaması, həm də sürücülərin intizamsızlığının böyük rol oynadığını dedi:

- İstər şəxsi avtomobil, istərsə də ictimai nəqliyyatı idarə edən sürücülər hər cür intizamsızlıq, tərbiyəsizliyi edirlər. Yollarımızın əksəriyyəti standartlara uğun gəlmir, Bakı-Sumqayıt yolu da onlardan biridir. Bu yola 110 km/saat sürət həddi qoymaq nəyə lazımdır?! Bəzən elə yerdə sürət həddi artırılır, elə yerdə isə azaldılır ki, əslində, bunların heç birinə gərək yoxdur. Bəzən sürət həddi kəskin azalır, sürücü də sürəti tənzimləyə bilmir. Qəzalar da belə yaranır.

Ə.Hüseynov millət vəkillərinin qaldırdığı problemin həqiqətən də ciddi olduğunu dedi və dəmir arakəsmələrlə bağlı ekspertizanın başlanmasını zəruri saydı.

"Paytaxtda yol nişanları çatışmır”

Nəqliyyat sahəsi üzrə ixtisaslaşmış "Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı da yol infrastrukturunda xeyli çatışmazlıqlar olduğu qənaətindədir:

- Şəxsən özüm Qaxdan Bakıya dönəndə yolların necə təhlükəli olduğunu görmüşəm. Bu yolda sərt döngələri xəbər verən nişanlar yox idi. Təcrübəsiz sürücü üçün bu, real qəzadır. Ümumiyyətlə, biz araşdırma aparmışıq və məlum olub ki, paytaxtda və regionlarda 2000-dən çox yol nişanı çatışmır. Magistral yollarda ötməyə icazə verilmir. Baş yol, dairəvi yol, üstünlük nişanları... heç biri yoxdur. Bir sıra yollarda xətlər düzgün çəkilməyib. Piyada keçidləri problemi var. Piyada keçidləri avtobus dayanacaqlarının içinə "soxulub”. Sürücü bilmir, vətəndaş avtobus gözləyir, yoxsa yolu keçir. Sürücülər "ksenon” lampalardan istifadə edir, qarşıdan gələn sürücünün gözü qamaşır, idarəetməni itirir. Sumqayıt yolu isə Nəqliyyat Nazirliyinin 1 nömrəli səhvidir. Hər zaman demişəm, yenə də deyirəm. Bizim əksər sürücülər hava şəraitinə uyğun davrana bilmir. Yay mövsümü başa çatıb, havalar yağıntılı keçir və bunun nəticəsində də yol sürüşkən olur. Yaydakı sürət mütləq aşağı salınmalıdır. Baxın, 3 gündür hər səhər yağış yağır, hər səhər də ağır qəza xəbərləri eşidirik. Bu insanlar niyə dərk eləmir ki, sürüşkən yolda 110-la gedən maşın ən kiçik manevr zamanı idarəetmədən çıxıb harasa dəyəcək?! Biz indi hər fəsil dəyişəndə neçə insanı qurban verməliyik ki, digərlərinə dərs olsun? Sürət həddinin lazımsız yerlərdə azaldılması-artırılması da qəzalara səbəb olan əsas səbəbdir. Biz dəfələrlə bildirmişik ki, heç bir ciddi zərurət olmadığı halda bəzən sürət həddi kəskin dəyişir. Sürücülər manevr edə, sürət həddini nizamlaya bilmir və ya irəlidə gedən avtomobilə çırpılır, ya da arxadan gələn avtomobil onu əzir.

Digər tərəfdən, Sumqayıt yolunda da, başqa yollarda da quraşdırılmış dəmir arakəsmələr sadəcə olaraq "ət maşını” rolunu oynayır. Nə toxunursa, doğrayıb tökür... Halbuki həmin dəmir arakəsmələr tətbiq olunarkən Nəqliyyat Nazirliyi qeyd edirdi ki, bu arakəsmələr yüksək texnologiya ilə hazırlanıb və maşın həmin dəmirlərə dəydikdə, elastiklik yaranır, avtomobil dərhal dayanır. Amma artıq görürük ki, o dəmirlərə dəyən heç bir maşın dayanmır, dəmir lövhələr maşını doğrayır və içəridəki insanlar məhv olur.

Məlahət Rzayeva