“Avtovağzal”ın qarşısında yol çökdü

Əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir
Zemfira Budaqova: “Keçmişdə həmin ərazi bataqlıq olub. Avtovağzalın tikintisi zamanı həmin balotanı boğdular"



Dünən Bakı-Sumqayıt yolunda sürüşmə baş verib, iri çatlar meydana gəlib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından faktı təsdiqləyiblər. Məlumata görə, sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib. Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, qurumun əməkdaşları hadisə yerində olub və bərpa işləri aparıblar. "Azəryolservis”in sözçüsü də deyib ki, çatlama və sürüşmə əsasən Bakı Avtovağzal ərazisində olub: "Yağış yağarkən daha da ciddi fəsadlar törətməsin deyə, hazırda çatların üzəri örtülür. Səbəbləri araşdırılır”. Hadisə yerinə baş çəkən FHN əməkdaşları da baş vermiş hadisənin nədən olduğunu, təhlükənin davam edib etməyəcəyini müəyyənləşdirirlər.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, FHN Tikinti Təhlükəsizlik Dövlət agentliyinin iki institutu - S.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor və Azərbaycan Dövlət Layihə İnstitutlarının ekspertləri baxış keçirib. Sabah (bu gün) səhərdən etibarən yolda aqreqatlar işləyəcək, yolun konstruksiyasını yoxlayıblar. Yolun vəziyyəti ilə bağlı yekun akt sabah tərtib olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə bildirib ki, Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmə ərazisinin əhatə dairəsi genişlənə bilər.

Onun sözlərinə görə, Sumqayıtdan Bakıya gələn istiqamətdə - Avtovağzala daxil olan artırma yolda eni 30 sm olan böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə, batma, oturma, istinad divarında əyilmə baş verib. Bəzi sahələrdə sürüşmənin dərinliyi 40-50 sm-dir: "Əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir”.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub. Ə.Piriyev hazırda Sumqayıt istiqamətindən Bakıya doğru nəqliyyat vasitələrinin hərəkətində problemin yaranmadığını da bildirib.

Azərbaycan Memarlar Assosiasiyasının prezidenti, memar Zemfira Budaqova deyib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeydə alınan sürüşməyə səbəb keçmişdə yol verilən səhvlərdir: "Keçmişdə həmin ərazi bataqlıq olub. Avtovağzalın tikintisi zamanı həmin balotanı boğdular. Halbuki o boğulmamalı idi, suyu tamamilə çıxarılıb başqa yerə axıdılmalı idi ki, yerin altında heç nə qalmasın. Görünür, indi həmin bataqlıqlar özünə yer edib, qurunt yerlərinə keçib və sürüşmə verir. Əlbəttə verəcək. Hələ Bakı Avtovağzalı orada tikilməyə başlayanda mən buna etiraz eləmişdim ki, bataqlıqları boğub üzərində geniş bir kompleks tikmək olmaz. Ora təhlükəli ərazidi və sürüşməyə meyilli olacaq. Bataqlıqların üzərini torpaqla doldurmaq əvəzinə yol açmalı idilər ki, su axıb harasa getsin”.

Hələ ki, havaların quraqlıq keçdiyini vurğulayan memar deyib ki, yağıntılar artıqca sürüşmə də çoxalacaq.

Şəymən