Sonu bəlli deyil: Türkiyə NATO-ya güvənib Rusiyanı hədələdi

“Bölgədəki bütün hadisələrin hədəfində Ərdoğan olacaq”



Rusiyanın Suriyaya hərbi müdaxiləsi Moskva ilə Ankara arasında gərginlik yaradıb. Belə bir məqamda Türkiyə Kremlə Suriyada birgə işçi qrupunun yaradılmasını təklif edib. Ekspertlərə görə, Türkiyə tərəfi belə bir addımı atmaqla özünün sığortalanmasını təmin etmək niyyətindədir. Belə ki, birgə işçi qrupunun yaradılmasında maraqlı olan Türkiyə bu addımla Rusiya ordusunun əməliyyatları zamanı baş verə biləcək hadisələrin qarşısını almağı hədəfləyir. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov rus mediasına açıqlamasında Türkiyə tərəfdən gələn birgə çalışma təklifini təsdiqləyib: "Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatları sırasında koordinasiya qura bilmək üçün Moskvaya ortaq çalışma qrupu göndərməyə hazırdır”. O bildirib ki, təklif Rusiyanın İstanbuldakı səfirliyinə edilib.

Rusiya Türkiyəni qazla hədələyir...

Rusiya "Türk axını” proyektinin qaz nəqli potensialını yarıbayarı azaldacağını açıqlayıb. Bunu "Qazprom” rəsmisi Aleksey Miller bildirib. Miller bu azalmanın səbəbini Baltik dənizinin altından çəkiləcək "Şimal axını-2” layihəsiylə əlaqələndirib. Qazprom "Türk axını”yla nəqlini düşündüyü qazın yarısını bu xətt vasitəsilə Avropaya göndərməyi daha uyğun hesab edib. Məlumat üçün deyək ki, "Türk axını” layihəsində hər biriylə ildə 15.57 milyard kubmetr qaz çıxacağı gözlənilən 4 boru kəmərinin çəkiləcəyi nəzərdə tutulurdu. İldə 63 milyard kubmetr həcmində nəql olunması düşünülən qazın 47 milyard kubmetrini Türkiyənin özünə, qalanları isə Avropaya ötürüləcəkdi. Lakin Qazpromun son qərarından sonra 4 borudan ikisi təxirə salınacağından Türkiyə bu layihə vasitəsilə heç öz ehtiyaclarını belə təmin edə bilməyəcək. Qardaş ölkənin enerji yetkililəri bununla Türkiyənin qaz sıxıntısı yaşamayacağını, ehtiyac duyulan mavi yanacağı Yaxın Şərqdəki qonşularından alacağını bildiriblər.

"Rusiya dünya müharibəsinə başlayıb..”

Rusiya təyyarələrinin Türkiyənin hava məkanına icazəsiz daxil olmasına NATO-dan da etiraz gəlib. NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır: "Rusiya hələ də Türkiyənin hava sərhədini niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxil olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır”. Dövlətlər arasında gərginliyin daha da artdığı bir vaxtda rusiyalı politoloq Qriqori Trofimçuk özünün "Facebook” səhifəsində sensasion bəyanatla çıxış edib: "Faktiki olaraq, 30 sentyabr 2015-ci ildən Rusiya və onun xalqı üçün dünya müharibəsi başlayıb”.

"Sərhəddi pozan rus təyyarələri vurulacaq..”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikaya səfər zamanı keçirdiyi mətbuat konfransında Moskvanı rus təyyarələrini vurmaqla hədələyib: "Türkiyə Rusiya təyyarələrinin öz hava məkanını təkrar pozmasına icazə verməyəcək. Bizim sərhədlərimizin pozulması NATO-nun sərhədlərinin pozulması deməkdir. Güman edirəm ki, Rusiya Türkiyə ilə münasibətləri korlamaq istəməyəcək”.

"Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlməməlidir”

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlara münasibət bildirən Qafqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Hasan Oktay deyib ki, bölgədə böhran davam edərsə, Türkiyə Suriyaya dönər, İran isə vasitəçilik şansı qazana bilər: "Suriyada Rusiyanın qarşısına hansı dövlətin çıxacağı hələ məlum deyil. Çünki Suriyada döyüş hələ çox davam edəcək. Obama administrasiyasının sonu 2016-cı ildə gələcəyindən bu məsələyə dərindən müdaxilə etmir. Bu səbəbdən ABŞ-ın yerinə Türkiyəni önə çəkmək istəyirlər. Amma Türkiyə lap əvvəldən Suriya hadisələrində ora hərbi qüvvə yeritmək istəməyib. Üç gündür ki, Rusiya təyyarələri Türkiyə sərhədlərini pozur, amma NATO üzvü olan Ankara alyansın susmasına təəccüblənir”. H.Oktay əlavə edib ki, Əsədə qarşı qüvvələrin rus hərbiçiləri tərəfindən vurulmasına Türkiyənin reaksiyası maraq doğurub: "Halbuki, Türkiyə bu döyüşdə qərbli müttəfiqlərinin oyununa gələn, ən çox iqtisadi itki verən ölkə olaraq indi soyuq müharibə ilə üz-üzə qalıb. Türkiyə Rusiya ilə qarşı-qarşıya gəlməməlidir. Bu döyüş ABŞ ilə Rusiya arasındadır. Türkiyənin vəzifəsi isə ancaq diplomatiyanı hərəkətə keçirərək, Qərbin Suriya mövzusundakı əvvəlki səhvlərindən əl çəkməsini təmin etməkdir. Türkiyə bölgədə itirdiyi etibarını ancaq belə qazana bilər. Yoxsa bu döyüşdən ən çox zərəri Türkiyə görəcək”.

"Bölgədəki bütün hadisələrin hədəfində Ərdoğan olacaq”

ABŞ-Rusiya münaqişəsi ehtimalına gəlincə, politoloq bildirib ki, bu, üçüncü dünya müharibəsi demək olar: "Rusiya-İran-Çin ittifaqı ilə Qərb bloku arasında baş verə biləcək münaqişəni önləmək üçün diplomatiya dövrədə olmalıdır. Türkiyə Suriya mövzusunda hər iki tərəfin hansı mövqedə olduğunu yaxşı bildiyindən, arada bir vasitəçi ola bilər. Yoxsa bölgədəki bütün hadisələrin hədəfində Rəcəb Tayyib Ərdoğan olacaq və bölgədə böhran davam edərsə, Türkiyə Suriyaya dönər, İran isə vasitəçilik şansını qazana bilər”.

İsmayıl