Əsas istedad və peşəkarlıqdır...

Azərbaycan mediasının kifayət qədər qadın siması var



Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 100 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub. O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir.

(... əvvəli ötən sayımızda)

Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərini xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur. Lakin buna baxmayaraq, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.

Azərbaycan mətbuatında qadınların rolunu dəyərləndirmək üçün elə bu sahədə çalışan zərif qələm sahibləri ilə əlaqə saxladıq.

Hətta jurnalistikadan belə məhz diqqət çəkmək üçün istifadə edən qadınlarımız da var

"Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay jurnalistləri qadın və kişi cinsinə ayırmağın tərəfdarı olmadığını deyib. İradə xanımın sözlərinə görə, bu ayrıseçkilik əsasən səviyyə, savad, istedad, dünyagörüşü dərəcəsi ilə bağlı aparılmalıdır: "Qadınların mətbuatda bir o qədər aktiv olmamasının əsas səbəbi ailə ilə bağlıdır. Evlənəndən sonra qadınların qarşısına bəzi baryerlər çıxır. Evə gec saatlarda gələ, hər göndərilən yerə gedə bilmir. Təbii olaraq, bu məhdudiyyətlər də bəzi hallarda onların irəli getməsinin qarşısını kəsir. Amma bütün bunlara rəğmən mətbuatda gender problemi olduğunu düşünmürəm. Kifayət qədər aktiv xanım jurnalistlərimiz var. Mənə elə gəlir ki, savadı və istedadı olan istənilən xanım mediada gözə görünməyi bacarır və bacarar da”.

Cəmiyyətdə qadının jurnalist olmasına fərqli baxışları anlamadığını deyən İ.Tuncay heç vaxt kimin nə düşündüyünə əhəmiyyət vermədiyini vurğulayıb: "Biz universitetdə oxuyanda 25 nəfərlik qrupda 7 nəfər qız var idi. Səhv eləmirəmsə, onlardan iki nəfəri rayonda yaşayırdı. Universiteti bitirəndən sonra evləndilər və jurnalist olaraq öz fəaliyyətlərini davam etdirmədilər. Qalan 5 qız isə bu sahədə qaldı. Sözün açığı, media sahəsində çalışan qadınlara qarşı birmənalı olmayan münasibətin kökünün haradan qaynaqlandığını deyə bilmərəm”.

İradə Tuncayın sözlərinə görə, qadınların media rəhbərliyində təmsil olunması daha çox onlara hansısa məhdudiyyətlərin qoyulması ilə yox, xanımların bilik və dünyagörüşü səviyyəsi ilə bağlıdır: "Müəyyən mənada hər iki amil burada rol oynaya bilər. Amma əsas səbəb qadınların rəhbər posta layiq olub-olmamasıdır. Bəzən qadınlar şikayət edirlər ki, onları qabağa getməyə, rəhbər olmağa kişilər qoymurlar. Məncə, belə deyil. Əgər bir xanım həqiqətən də yüksək postda oturmağa layiqdirsə, buna fiziki və zehni gücü yetirsə, onun qarşısını heç kəs kəsə bilməz. Lakin bizim toplumda olan qadınların böyük faizi bu cür şeylərlə maraqlanmırlar. Bu kəsim üçün xarici görünüşlərinə fikir vermək, bəzənib-düzənmək daha vacibdir. Yəni onlar öz istedadları ilə yox, xarici görünüşləri ilə diqqət çəkməkdə daha maraqlıdırlar. Hətta jurnalistikadan belə məhz diqqət çəkmək üçün istifadə edən qadınlarımız da var”.

"Sən qadın olduğun üçün zəif yazırsan” yox, "sən zəif yazırsan” rəqabəti ola bilər

Jurnalist, sosioloq Lalə Mehralı isə deyib ki, milli mətbuatımızın kifayət qədər qadın siması var. O hesab edir ki, əksəriyyəti də öz imzasının haqqını vermiş insanlardır: "Əslində yazmaq qadın-kişi fərqinə tabe olmayan sənətdir. Bizim KİV-in peşəkar reportyoru, araşdırmaçı yazarları, siyasi-iqtisadi qadın şərhçiləri də az deyil. Düzdür, bir az televiziya sahəsi qadın üçün çətinlik yaradır, amma o da yalnız bəzi dönəmlər üçün. Hamiləlik, doğuş, laktasiya dönəmində işinə ara vermələri ola bilər. Amma bu, öz sahəsində peşəkarlığını azaltmağına, itirməyinə səbəb deyil. Demək istəyirəm ki, işini sevənə heç bir problem maneə deyil. Yaxşı ki, başqa sahələrdə olduğu kimi jurnalistikada gender balansı pozulmur. Hesab elə ki, qadın olduğuna görə bir yazını sənə yox, kişi həmkarına tapşırırlar, necə hiss edərsən özünü? Baş redaktorların mühüm yazını qadın-kişi jurnalistə fərq etmədən tapşırması gözəldir. Reportaja gedə bilməyən qadın jurnalist ola bilər, bəzən ailə durumuna, hamiləliyinə görə bu olur, bu müvəqqətidir əlbəttə. Ümumilikdə, mətbuatda qadın-kişi rəqabəti ola bilər, amma bu rəqabət gender ayrı-seçkiliyi yox, peşəkar yazı rəqabəti olmalıdır. "Sən qadın olduğun üçün zəif yazırsan” yox, "sən zəif yazırsan” rəqabəti ola bilər”.

Az sayda qadınların media rəhbərliyində təmsil olunmasına gəldikdə isə həmkarımız deyib ki, hamiləlik, doğuş, körpəyə baxmaq, süd vermək dönəmləri işdən uzaq qalmağımıza səbəb olduğu üçün rəhbər təyin edilmə məsələsinə təsirini göstərir: "Bu hallarda qadın jurnalist gündəmi izləyə bilmir, hadisələrin içində yox, xaricində qalır, operativlik zəifləyir. Həm də bir maraqlı məqam da qadın jurnalistlərin özlərinin rəhbər olmağa cəhd etməməsidir. Yəni israrla çalışmırlar ki, hansısa media orqanına rəhbər olsunlar”.

Azərbaycan xanımına hansısa məhdudiyyət qoyulmasa, o, istənilən sahədə özünü doğrultmağa qadirdir

Milli.Az xəbər portalının baş redaktoru Sevda İlhamqızının qənaətincə, Azərbaycan mediasında qadınların rolu kifayət qədər fəaldır: "Media orqanlarının qadın rəhbərləri, fəal xanım jurnalistlər xeyli saydadır. Azərbaycan mətbuatının banisi kişi olsa da, onun həyat yoldaşı Hənifə xanım Həsən bəyin ən yaxın köməkçisi, həmfikiri olub. Ziyalı, savadlı qadınlarımız cəmiyyətin dayaq sütunudur. Sağlam toplumu onlar formalaşdırır, bilikli, dünyagörüşlü gənc nəsli onlar yetişdirirlər. Jurnalistlərin də üzərinə eyni missiya düşür. Cəmiyyətin irəli getməsində, gündəlik yaşamında jurnalistlərin rolu əvəzsizdir. Öz təcrübəmdən görürəm ki, qadınlar heç də kişi həmkarlarından az iş görmür, bəzən hamıdan daha çox fədakarlıqlar edirlər. Bu baxımdan düşünürəm ki, mediada qadın aparıcı qüvvədir. O, texniki işlərdən tutmuş ən qaynar nöqtələrdən reportajlara qədər, hər işi bacarır. Amma bu, o demək deyil ki, onlar cəmiyyətin başqa sahələrinə müraciət etsələr, uğursuzluğa düçar olarlar. Axı, ordumuzda, hüquq-mühafizə sistemində, idmanımızda da qadınlar yüksək səviyyədə təmsil olunurlar. Bu baxımdan Azərbaycan xanımına hansısa məhdudiyyət qoyulmasa, o, istənilən sahədə özünü doğrultmağa qadirdir”.

Hələ də qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmasına münasibət birmənalı deyil

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanovanın sözlərinə görə, 20-25 il bundan əvvəl jurnalistika sahəsində qadınların sayı barmaqla sayılacaq qədər az idi. Ancaq indi bunu demək düzgün olmaz. N.Qurbanova hesab edir ki, bu gün mediada nəinki sıravi işçilər qismində, hətta rəhbər qadınların sayı artmaqdadır: "Ölkədə iki media holdinqin və bir neçə kütləvi informasiya vasitələrinin rəhbərinin qadın olması bu sahədə zərif cinsin daha çox uğur qazandığını ortaya qoyub: "Sadəcə qadına bu sahədə özünü təsdiqləmək üçün enerji, səbr və yüksək menecerlik qabiliyyəti lazımdır. Sonuncu kişilərə aid olsa da, etiraf edək ki, qadın olaraq bu sahədə baş çıxarmaq çox çətindir. İdarəçilikdə qadın olaraq uğur qazanmaq asan deyil. Çünki hələ də qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmasına münasibət birmənalı deyil. Qadının media kimi azad və sərbəst bir sahədə çalışmasına baxışlar çox fərqlidir. Qeyri-stabil iş saatı, milli mentalitet dediyimiz və əksərən qadınların ziyanına işləyən bir "kural”a boyun əyərək çalışmaq perspektivlik baxımından əlverişli olmur. Bütün bunlara rəğmən media sahəsində böyük nailiyyətlər qazanan qadınlarımız var. Təəssüfedici məqam odur ki, qadınlar daha çox reportyor, araşdırmaçı jurnalistlər kimi deyil, vizual mediada görünüş olaraq önə çəkilirlər. Yəni intellektual potensial çox vaxt arxa plana keçir. Dünya praktikasında aparıcı kütləvi informasiya vasitələri reportyor kimi məhz qadın müxbirlərin əməyinə üstünlük verir. Bu isə onların hadisələrə baxışının kişilərə nisbətən daha həssas olması ilə bağlıdır. Bizdə isə qaynar nöqtələrə kişi reportyorlar cəlb olunur. Bu isə yuxarıda qeyd etdiyim kimi, mentalitetdən və daxili qaydalardan irəli gəlir. Ancaq çox istərdim ki, zamanla bu ayrı-seçkilik də aradan qaldırılsın”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb