Xəta törətmiş narkomanlar...

Məcburi müalicəyə cəlb olunacaqlar



İnzibati Xətalar Məcəlləsinə müəyyən əlavələr edilib. Milli Məclisdən verilən məlumata görə, bu əlavələr inzibati xətalar törətmiş narkomanlarla bağlıdır. Dəyişikliyə görə, Azərbaycanda inzibati xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar. Yəni inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək. Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibati xətalar törədilməsinin qarşısını almaqdır.

Onlar məcburi olaraq, tibb müəssisələrinə aparılacaqlar. Məlumatda məcburi müalicənin isə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacağı bildirilib. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması isə həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcəyi deyilib.

Qeyd edək ki, narkomaniya asanlıqla müalicə olunacaq xəstəlik deyil və bu məsələdə ən önəmlisi şəxsin özünün könüllü olaraq müalicə olunmaq istəyidir. Bəs həkim-ekspert və hüquq müdafiəçiləri necə düşünür? Sözügedən dəyişiklik hansısa effekt verəcəkmi? Bu, narkomanların hüquqlarının pozulması deyil?

Tibbi ekspert, professor Adil Qeybullanın sözlərinə görə, qəbul olunmuş bu qərar, uzun müddət gedən diskussiyaların nəticəsidir: "SSRİ və ondan sonrakı dövrlərdə post-sovet ölkələrində narkomanlara cinayətkar kimi yanaşılırdı. Narkoman narkotikə, konkret olaraq bir psixatrop maddəyə aludə olmuş şəxsdir. Yəni onda öz iradəsi xaricində dərman asılılığı yaranır. Cəmiyyətin bu cür yanaşması narkomanı, bir növ cəmiyyətdən təcrid olunmuş duruma salıb. Milli Məclisin bu qərarı, əslində spontan bir qərar deyil. Bu qərar uzun müddət aparılan müzakirələrin yekunudur və əgər həyata keçərsə, düzgün istiqamətin əsasını qoya bilər”.

A.Qeybullanın sözlərinə görə, narkomanların cinayət törətməsinin qarşısını almaq üçün başqa üsullar da var. Hansı ki, bu üsullar narkomanın zorla xəstəxanaya qapadılmasından fərqli olaraq, ona uyuşdurucu maddə istehlakına icazə verir. Amma necə?

Ekspert hesab edir ki, ilk növbədə narkomanlara xəstə kimi yanaşmaq lazımdır: "Onların sosial və psixi reabilitasiyası, cəmiyyətə inteqrasiya etməsi, təcrid durumundan çıxması üçün kompleks tədbirlər silsiləsi lazımdır. Bundan başqa, dünyanın hər yerində "metadon proqramı” da var. Dünyanın bir çox ölkəsində narkomanlar metadon adlı dərman preparatını apteklərdən sərbəst şprislə birlikdə ala bilirlər. Çünki narkoman narkotiki əldə etmək üçün mütləq bir vasitə tapmalıdır, ya da cinayət törətməlidir. Bütün bunların qarşısını almaq üçün, dünya ölkələrində bu hal düşünülərək qərara alınıb ki, narkomanın bu vasitələri tapmaq üçün hansı yollara əl atmasından yaranan, cəmiyyətə dəyən zərbədən daha çox sözügedən metadon maddəsinin satılması daha məqsədəuyğundur. Bu, asılılığı olmayan və daha çox opium preparatlarını əvəz edən bir maddədir”.

Müalicə müddətinin şəxsin sağalmasından asılı olduğunu vurğulayan professorun sözlərinə görə, narkomaniyanın və toksikamaniyaların növləri çoxdur: "Konkret olaraq hər bir növə aid də müalicələrin növləri var.

Narkomanların düşdükləri vəziyyətdən xilas olması üçün, təkcə müalicə əsas deyil, bunun üçün xeyli faktor tələb olunur, yəni narkomanı düşdüyü mühitdən uzaqlaşdırmaq, yeni mühitə gətirmək, onu tamamilə yeni sosial arenaya cəlb eləmək.

Bu da çox ciddi proqramdır. Yəni hesab edirəm ki, uzun müddət ərzində bu məsələyə çox ciddi fikir verilməyib. Hər halda bu məsələyə yanaşma bu cür başlayıb sona çatdırılsa, daha yaxşı olar”.

Azərbaycanda inzibati xəta törətmiş bəzi narkomanların məcburi müalicə olunacaqlarının insan haqlarının pozulması kimi dəyərləndirilmədiyini vurğulayan "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva deyib ki, burada söhbət ümumilikdə narkomanların məcburi müalicəsindən getmir: "Azərbaycanda narkomaniyadan məcburi müalicə yalnız narkotik maddələrin təsiri altında cinayət törətmiş insanlara şamil edilir. Hər bir narkotik istifadəçisi cinayət törətmədiyi üçün onların müalicəsi şəxsi istəklərindən asılı olur. Narkomaniyaya qarşı mübarizə klinik protokol deyil ki, ucdantutma hər kəsə eyni tibbi xidmət göstərilsin. Elə narkoman var ki, damara vurub, bir kənardaca öz "kayfını” tutur. Adam da var, səhər saat 06:00-da iynəsini vurub, işə gedir. Axşam da pulunu qazanıb, ailəsinə çörək pulu gətirir. Yeməyini yeyir, iynəsini vurub, yatır. Bu cür insanlar cəmiyyət üçün zərərsiz olduğundan onlara qarşı məcburi müalicə üsulundan istifadə etmək doğru deyil. Amma eləsi də var ki, uyuşdurucu qəbul edəndən sonra aləmi qatır biri-birinə. Evi dağıdır, hay-küy salıb, qonşuları başına yığır. Öz tanışlarını başına yığıb "blok”da narkotikadan istifadə edərək insanları narahat edir. Narkotikdən istifadə zamanı ictimai asayişi pozmaq, ailədaxili mübahisələrə səbəb olmaq cinayət tərkibli olmadığı üçün onları məsuliyyətə cəlb etmək mümkün olmur. Bu artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin pozulmasıdır. İnzibati xəta törədən narkotik istifadəçiləri hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunsa da, onların məcburi müalicəyə yönəldilməsi mümkün olmurdu. Dediyim kimi, narkomanlar yalnız cinayət tərkibli hadisələr törətdikdə məcburi müalicəyə cəlb olunurlar. Yeni dəyişikliklər isə artıq inzibati xətalar törədən insanların da məcburi müalicəsini özündə ehtiva edir. Mənə elə gəlir ki, bunu narkotik istifadəçilərinin hüquqlarının pozulması kimi qəbul etməməliyik. Hər nə qədər məcburi müalicəyə qarşı çıxsaq da, bütün hallarda narkomanların müalicəsi bizim üçün prioritetdir”.

Prinsipcə, narkomaniyada məcburi müalicə deyilən bir anlayış olmadığını vurğulayan Z.Mustafayeva deyib ki, dünyanın bir çox ölkələri zaman-zaman bu vasitəyə əl atsalar da, effektsiz alındığı üçün davam etdirmədilər: "Nə Dünya Səhiyyə Təşkilatı, nə də beynəlxalq insan haqları təşkilatları narkomaniyadan məcburi müalicəni qəbul eləmirlər. Çünki narkomaniyaya məhz narkotik maddələrdən asılılığı olan insanlar düçar olublar. Fiziki ağrıların götürülməsi narkomaniyada müalicə sayılmır. İnsanların psixoloji baxımdan müayinəsi, onun cəmiyyətə sosial adaptasiyası, ailə üzvlərinin iştirakı ilə keçirilən kompleks tədbirlər narkomaniyadan müalicə sayılır. Bunu tək biz yox, bütün narkoloqlar da təsdiqləyir. Ancaq narkotik vasitələrin təsiri altında inzibati və ya cinayət xarakterli hadisə törədən insanların məcburi müalicəyə cəlb olunmasının əleyhinə deyiləm. Hesab edirəm ki, hər bir şans, hər bir addım dəyərləndirilməlidir. Əgər ailə üzvləri və yaxın ətrafları dəstək olsalar, sosial şərtlər əlverişli olsa məcburi müalicəyə cəlb olunan insanların reabilitasiyasına da nail olmaq olar. Ən azından burada insan haqları pozulmadığı üçün biz bu şansı onlar üçün yaratmalıyıq”.

Şəymən