“Heç kimə icazə vermirəm qızımın adını hallandırsın”

Bəsti Cəfərova: “Özümə hörməti o qədər itirmişəm ki, səhnədə olan gənc aktyora alqış gəlirsə, ona ayaqqabı atım?”



Hər kəs bu həyatda öz rolunu oynayır. Kimisi həyatda, kimisi səhnədə. Həyatda rol almaq bəlkə də çətin deyil. Çünki hər kəs içindən gələni oynayır. Səhnədə rol almaq isə daha çətindi. Çünki sən oynamaq istədiyini deyil, bəzən oynamalı olduğun rolu oynayırsan. O rolu sevərək və sevdirərək oynamaq isə hər aktyorun qisməti olmur. Bu gün qonağım olan aktrisa ömrünün 38 ilini səhnədə hər çıxışı ilə yadda qalmağı bacarıb. Rollarını da oynamayıb, yaşayaraq təqdim edib.

Yəqin elə buna görə də 28 ildə səhnədə ona olan maraq da, tələbat da azalmayıb. Söhbət Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrına verən, professor Bəsti Cəfərovadan gedir. Bu günə qədər yüzlərlə obrazı olub. Amma mənim yadımda bircə rolu ilə elə bir iz buraxıb ki, o gündən bu günə sevmişəm aktrisanı. Mənim üçün o dünən də "Nişanlı qız” idi, bu gün də. Ola bilər onun Natəvanı, Fedrası və onlarla digər obrazları qat-qat güclüdür. Fikrimcə, əsl aktrisa odur ki, tamaşaçısını kiçik yaşlarından bir obrazı ilə özünə bağlaya bilsin. Bəsti Cəfərova bir obrazı ilə özünü mənə sevdirə bildi. Əsl aktyor da elə o insandır ki, bir obrazla ürəkdə qalmağı bacarsın.

Bu yaxınlarda qəzetimizdə "Bir az Drama” başlığı altında yazıda Bəsti Cəfərova ilə bağlı qeyri dəqiqliyə yol verilib. Bunlara aydınlıq gətirmək üçün Xalq artisti ilə həmsöhbət olmağa və bütün bu anlaşılmazlıqlara, barəsində yazılan yalan məlumatlara aydınlıq gətirməyə çalışdıq.

- Bəsti xanım, necəsiz? İstədik həmin yazıda olan anlaşılmazlığa aydınlıq gətirək.

- Bəli, həmin yazıda həqiqətən uyğun olmayan məlumat yer almışdı. Mən son 20 ildə nə İlyas Əfəndiyevin, nə də Elçin Əfəndiyevin əsərlərində rol almışam. Deyirlər onların əsərləri ancaq mənə həvalə olunur. Yazıda yanlışlığa yol verilmişdi. Bəzi digər həqiqətə uyğun olmayan məqamlar da var idi. Bir daha deyirəm ki, mən İlyas Əfəndiyevin əsərlərini qürurla oynamışam, bundan sonra da həvalə etsələr, oynayaram. Amma son illər mən onun əsərlərində rol almamışam.

- Niyə sizin adınızı çəkərkən mütləq İlyas Əfəndiyev yada düşür. Deyirlər teatrda onun pyeslərindəki əsas rolları yalnız siz oynayırsız...

- Mənim yaradıcılığımda İlyas Əfəndiyevin böyük rolu olub. O mənə bir çox qohumlarımdan daha çox dəstək verən insan olub. Ömrüm boyu da bunu unuda bilmərəm. Düzdür, zamanında İlyas Əfəndiyev məxsusi mənim üçün rollar yazıb və mən də qürurla o rolları oynamışam. Amma qaldı indiki dövrə, mən teatrda son illər İlyas Əfəndiyevin bir tamaşasında da rol almamışam. Bu söz-söhbətlərin də hardan qaynaqlandığını əslində bilirəm. Bəziləri mənim güclü aktrisa olduğumu qəbul edə bilmirlər. Mən 2013-cü ildə professor oldum. Bu müddətdə də çalışdım ki, bekar qalmayım. Tələbələrimlə gözəl bir tamaşa hazırladım. Öz tələbələrimdən 3 nəfər o tamaşada oynadı. Digərləri də istedadlı gənclər idi. Elə öz qızım da o tamaşada rol almışdı. Yəni mən gənclərə dəstək olmağa çalışmışam. 2014-cü ildə isə "Nazirin xanımı”nı oynamışam. 2015-ci ildən bu yana da kitablarım üzərində işləmişəm. Özüm də teatrın direktoruna təklif etdim ki, mən tələbələrlə tamaşa hazırlamaq istəyirəm. İstedadlı gəncləri başıma topladım. Özümə borc bildim ki, mən də gənclərimizə dəstək olum. Vaxtilə mənə də dəstək veriblər ki, teatra gəlim. Mən də yaxşı uşaqlardan ibarət 10 seçmə uşaq götürdüm.

- Qızınızın teatra işə düzəlməsi də söz-söhbətlərə səbəb olub. Deyirlər, Bəsti xanımın qızı teatra işə düzələndən sonra İsrafil İsrafilova qarşı yumşalıb.

- Mənim qızımın adını kimsə çəkməsin. Mən heç kimə icazə vermirəm ki, qızımın adını hallandırsın. Mən bilirəm ki, bu söz-söhbətlərin qaynağı hardandı? Kim mənim qızımın adını hallandırmağa çalışır. Amma buna imkan vermərəm. Gedib öz uşaqlarının qayğısına qalsınlar. Mənim qızımın arxasında mənim kimi anası var. Qızım aktrisa deyil. Mən onun aktrisa olmağını istəmirəm. O, rejissorluğu oxuyur, rejissor da olacaq. Mən sadəcə istedadı olanlara dəstək olmağa çalışıram.

- Sizinlə bağlı danışanda deyirlər ki, gənclərin yolunu kəsir, onlara qısqanclıqla yanaşır...

- Bilirsiz, mənə bu söz-söhbətlər o qədər gülməli görünür ki?! Mən gənclərə dəstək olmasaydım, teatra 10 istedadlı gənc aktyor verməzdim, onları səhnəyə gətirməzdim.
"Nağıllar aləmində” adlı bir tamaşa hazırladıq.

- Elə sizinlə bağlı söz-söhbətlər də deyəsən o vaxtdan başlayıb.

- Bəli, tam sizinlə razıyam. Mənim tələbələrimlə hazırladığım tamaşanın əmri divara asılandan Bəsti Cəfərova teatrda bir çoxlarının düşməni oldu. Niyə? Soruşuram? O müddətdə bir də "Nazirin xanımı” tamaşasında xırda bir nüans yaşandı. O elə böyük bir nüans olmasa da, mətbuata çıxartdılar, şişirtdilər.

- Nə baş vermişdi?

Bilirsiz, sizin qəzetdə də anlaşılmazlığa yol verilib, müxbiriniz mənim barəmdə yanlış məlumat yayıb. Mən əslində dəqiq bilirəm ki, bu yanlış məlumatları yayan insanlar kimdi, məqsədi nədi? Mənim tamaşama gəlib baxan jurnalist əgər mənim yaratdığım obrazı bəyənmirsə, mən ona heç nə demərəm. Bəyənmir də. Bir nəfər, 5 nəfər bəyənmirsə, o demək deyil ki, Bəsti Cəfərova zəif aktrisadır. Camaat ki, bəyənir. Mənim tamaşama gəlmədən jurnalist mənim barəmdə necə yazı yaza bilər ki? Mən mətbuatı da hər zaman dəvət edirəm ki, gəlin baxın, sonra yazın. Tənqid yazın e, baxın kimin haqqında yazırsız da. Axı mən ömrümün 38 ilini teatra vermişəm. Həm də təmənna ummadan. Mən başımı aşağı salıb ancaq işimlə məşğul olmuşam. Axı səhnədə elə insanlar var ki, onlar barədə yazanda gərək ehtiyat edəsən. Elələri var ki, onların sənəti var, onlara daş atmaq, toxunmaq olmaz.
 Söhbət sənəti olan insanlardan gedir. Səhnədə illərini verən sənətkarlar var ki, onlara toxunmaq, sataşmaq günahdı.

- Demək siz son illər Elçin Əfəndiyevin heç bir tamaşasında rol almamısız...

- Elə məni yandıran da odur ki, mən uzun müddətdir ki, Elçin Əfəndiyevin heç bir tamaşasında rol almamışam. Məni nədə suçlayırlar. Bir də rol alsam, nə olardı ki? Mən bəyəm zəif aktrisayam ki? Mən nə gözəllikdən danışıram, nə var-dövlətdən danışıram, nə özümü reklam etmişəm, nə villam olub ki, onu göstərim. Amma mən iddia edirəm ki, Bəsti Cəfərova olaraq mən güclü aktrisayam. Nə qədər gücüm var, nə qədər səhnədə özümü rahat hiss edirəm, oynamaq istəyirəm. Nə vaxt görsəm ki, artıq hərəkətim ağırlaşıb, səhnə plastikam zəifdi, onda sakitcə çəkiləcəm. Amma rejissor kimi fəaliyyətim olacaq. Mən artıq başlamışam. Özümə də əminəm ki, gələcəkdə rejissor kimi maraqlı tamaşalar hazırlaya bilərəm. Hələ ki, mənim üçün narahat olanlar bilsinlər ki, mən aktrisa kimi çox iddialıyam, arzuladığım rollar var ki, onları oynamaq istəyirəm. Mən yaradıcı aktrisayam. Bəziləri kimi rolu əzbərləyib, quru-quru səhnəyə çıxmıram. Mən bütün ruhumu obrazıma verirəm ki, tamaşaçı Bəsti Cəfərovanı dünən necə sevirdisə, bu gün də sevsin. Şükür ki, mənim səhnəyə hər çıxışımda tamaşaçı sevgisini hiss etmişəm. Bir məsəl var. Deyir ki, Allahı güldürmək istəyirsənsə, öncədən ona planlarını söylə. Allah imkan versə, səhnə ilə bağlı arzularım var. Onları həyata keçirmək istəyirəm. Mən, ümumiyyətlə planlı həyatı sevirəm. Yəni işlərimi planla qururam ki, vaxtında çatdıra bilim. Axır vaxtlar plan qurmağa ehtiyat edirəm. Allah ömür versə, arzularım var.

- Niyə sizin adınız bir çoxlarını hələ də narahat edir?

- Mən bilmirəm. Mən də onlardan biriyəm. Mən özüm haqqımda yanlış məlumat verməmişəm. Efirdə özümü reklam etdirməmişəm. Bir dəfə də özümdən təkəbbürlə danışmamışam. Amma görürəm ki, mən susduqca, üstümə gələnlərin sayı çoxalır. Məni də sevənlər və sevməyənlər var. Mən günahkar deyiləm ki, istedadlı aktrisayam. Mən o aktrisadanam ki, mənə bəsit bir obraz da ver, onu tamaşaçıya maraqlı təqdim etməyi bacarıram. Mən ona görə deyirəm ki, yaradıcı aktrisayam. Var icraçı aktrisa, var yaradıcı aktrisa. Mən icraçı aktrisa olmamışam. Heç vaxt. Mən rolumu götürəndə onun geyim estetikası da, plastikası da mənim üçün önəmli olur. Rollarımda dinamika var.

- Sizinlə bağlı çıxan söz-söhbətdə ayaqqabı atmağınız da müzakirələrə səbəb oldu. O məsələyə aydınlıq gətirəsiz bəlkə...

- Deyirlər mən gəncləri gözümçıxdıya salmışam. Mən 10 istedad gətirmişəm teatra. Mənim teatra gətirdiyim 10 uşaqdan biri indi Fuad Poladov kimi böyük aktyorla tərəf-müqabilidir. Mən gənclərə dəstək verməsəydim, indi o uşaq səhnədə olardı? Murad İsmayılovu mən üzə çıxartdım. İndi "Quran çiçəyi”ndə Fuad Poladovla tərəf-müqabilidir. Çalışmışam ki, gənclərə dəstək olum. Mən özümə hörməti o qədər itirmişəm ki, səhnədə olan gənc aktyora alqış gəlirsə, ona ayaqqabı atım? Mən özüm gənc olmamışam ki? Mənim də cavan vaxtım olub da. Mən o qədər ağlımı itirmişəm ki, uşağım yaşında olan gənclərə paxıllıq edim? O hadisə mətbuatda yazılan kimi də olmayıb. Bu gün də tarixi yadımdadı. Yanvarın 17-də Serbiyanın səfiri də tamaşaya gəlmişdi. Səhnədəyəm. İki cavan aktyor öz aralarında tamaşa vaxtı nə isə danışmağa başladılar. Bir az təpindim obraz içində ki, sözümü deyim. Tamaşa boyu da, mən ayağımdakı şəpini qaldırıb oğluma vurmalıyam ki, ona təpinim. Bu, tamaşanın gedişatında olmalıydı. Yəni əvvəldən bir neçə səhnədə belə bir məqam var idi. Mən heç kimin üstünə "kabluk”umu qaldırmamışam. Səhnədə oğluma təpinmişəm. Amma onların tamaşada mənə qarşı, səhnəyə qarşı hörmətsizliklərinə hirslənmişdim. Səhnədən çıxanda Mərahim Fərzəlibəyova bir kəlmə dedim ki, buna ölçü götürülsün. Dedilər ki, gənclər nə isə ekspront ediblər guya. Bu, ekspront deyildi. Onlar orda nə isə əməllicə müzakirə edirdilər, həm də mənim çıxışıma mane olaraq. Mən iradımı səhnə arxasında rejissora bildirmişəm. Bildirdim ki, o qız bir də o tamaşada oynamayacaq. Dedilər ki, ay ayağından ayaqqabını çıxarıb. Məgər mən o günə qalmışam ki, belə cılız hərəkətə yol verim. Onlar bəlkə də nəyisə görməyə çətinlik çəkirlər, amma mən Bəsti Cəfərova olduğumu unutmamışam. Mən halallıqla Əməkdar artist, Xalq artisti adına layiq görülmüşəm. Mən kiminsə hesabına səhnədə Bəsti olmamışam. Mənim istedadım var. Bu da bəzilərini yandırır. Mən paxıllıq etməyi bilmirəm. Çünki zəif deyiləm ki, kiməsə paxıllıq edim. Kim rol alıbsa, təbrik etmişəm. Hətta obrazı zəif oynasa da, gedib təbrik etmişəm. Yalandan tərifləməmişəm. Amma təbrik etmişəm. Yaxşı oynayan da olursa, deyirəm ki, yaxşı idi, ürəklə deyirəm bunu. Mənim isə yaxşı, güclü oynadığım obrazları da həzm edə bilmirlər. Mənim onların tərifinə ehtiyacım da yoxdu. Mən gənclərlə vuruşmağı özümə rəva bilmərəm. Mən vuruşa bilərəm öz yaşıdlarımla. Öz nəslimin nümyanədəsi ilə. O da indii yox, o vaxtlar olardı. Mənə paxıllıq edənlər olmayıb ki? Olub. Amma mən sənətimlə məşğul olmuşam. Mənə sataşan olursa, məcbur qalıb cavab vermişəm. Elə olur ki, sənə söz atsınlar, sən susasan? Olmur axı. Mənə sataşıblar cavab vermişəm. Baxın da onlar da oynayır, mən də oynayıram. Mən güclü oynayıramsa, bu mənim günahımdı? Mən obrazlarım üstündə canımı qoyuram.

- Bəsti Cəfərova üçün rolun kiçiyi, böyüyü var? Axı bəzən deyirlər ki, akytor üçün rolun böyük-kiçiyi yoxdu...

- O söz yalandı ki, aktor üçün rolun böyük kiçiyi yoxdu. Bu bəzi aktyorlara verilən təsəllidir. Bəli, mənim üçün rolun böyük, kiçik olmasının fərqi var. Mən kiçik rollar oynamıram.

(Davamı gələn sayımızda)

Tahirə Məmmədqızı