Tanınmış cərrah evindən oğurluq edənlərə səsləndi: "Sifarişçi kimdir?"







Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həkimin evindən oğurluq etməkdə təqsirli bilinən əmioğlular- Elvin və Güləli Əliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxs qismində Mircəlal Kazımi ifadə verib. O, ifadəsində, cərrah olduğunu bildirib. "Evimdən oğurluq ediblər. Həmin vaxt yoldaşım da öz rəfiqələri ilə görüşdə olub. Evi boş bilib, qızıl-zinət əşyaları və pul oğurlayıblar. Bir şərtlə onlardan şikayətçi olmaram, desələr heç bir tələbim olmayacaq. Mənə desinlər ki, bunun sifarişçisi kimdir? Onları evimə kim yönəldib? Bu suallarıma cavab versinlər, bağışlayım.”
Təqsirləndirilən Elvin Əliyev sifarişçinin olmadığını bildirib. O, çıxışında dəymiş ziyanın hamısının ödənildiyini iddia edib. "Mən evdən apardığım qızılları Lənkəranda zərgərə vermişəm. O boyda qızıl aparmışam, cəmi 2400 manata satmışam. Müstəntiq də həmin zərgərdən gedib qızılları götürüb”.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.
İstintaqın gedişi zamanı Elvin Əliyevin əmisioğlu Güləli Əliyevdə şübhəli bilinərək həbs edilib.
Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiridir.