“Azərbaycanda sahibkar qadınlar”

Aynur Camalqızı: “Artıq qadının həyata keçirdiyi funksiyalar mətbəx, ailə, uşaq böyüdüb tərbiyə vermək çərçivəsindən çıxıb”
Fainə Hənifəyeva: “Bəzi firmalar qadınların adına qeydiyyatdan keçirilir, əslində onu kişilər idarə edir, qadınlar isə evdə otururlar”

Səkinə Babayeva: "Bu sahə yüksək idarəetmə tələb edir. Bunun üçün də hər şeydən əvvəl bu sahəyə atılan insan 11 fənni mükəmməl bilməlidir”

Mehriban Zeynalova: "Qadınların üzərində mülkiyyət olmadığı üçün bu məsələdə onlar ciddi problemlərlə rastlaşırlar”




Dünən Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti "Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, "Sahibkar Qadınlar” İctimai Birliyi və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Müasir cəmiyyətin qadına çoxsaylı əlavə statuslar verdiyini vurğulayan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı deyib ki, bu yeni yanaşma və dəyişən şərait qadından daha fəal vətəndaş olmağı və yaşadığı ölkənin həyatında müxtəlif zümrələrin işini yönləndirməyi tələb edir. Xanım baş redaktorun sözlərinə görə, artıq qadının həyata keçirdiyi funksiyalar mətbəx, ailə, uşaq böyüdüb tərbiyə vermək çərçivəsindən çıxıb: "Qadın Konsensus Mərkəzinin həyata keçirdiyi "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi ictimai maarifləndirmə və müzakirələr vasitəsilə ölkədə qadın inkişafına zəmin yaradacaq amillərə təkan verməyə, köhnədən qalmış stereotip və yanaşmaları məhv etməyə çalışır”.

Azərbaycanda qadınların hökumətin ayırdığı güzəştli kreditlərindən tamhüquqlu şəkildə yararlandığını vurğulayan mərkəz rəhbəri deyib ki, yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, ticarət, xidmət sahələrində çalışan sahibkar qadınların sayı durmadan artır: "2014-cü il yanvarın 1-nə ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faizi olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir”.

Qadınların yüksək vəzifələrdə, xüsusən də siyasi qərarların alınmasında çəkisinin az olduğunu vurğulayan A.Camalqızı deyib ki, bu gün qadınların 50 faizə qədəri fəal əməklə məşğul olur: "Güclü qadın hər zaman toplumun gözdəsidir. Qadınları zəif olan cəmiyyətin gücündən danışmaq yersizdir”.

İctimai dinləmələrdə ölkədə fəaliyyət göstərən sahibkar qadınlar da çıxış ediblər və onlara yaradılan şəraitdən, Azərbaycandakı biznes mühiti, maliyyə-kredit vəziyyəti, uğurlar və çətinliklərdən bəhs ediblər.

Təşkilatın sədr müavini Fainə Hənifəyeva isə deyib ki, ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faizi olsa da, gerçəklikdə bu belə deyil: "Bu, şişirdilmiş rəqəmdir. Bəzi firmalar qadınların adına qeydiyyatdan keçirilir, əslində onu kişilər idarə edir, qadınlar isə evdə otururlar”.

Fainə xanım deyib ki, qadınlar daha çox tekstil və kənd təsərrüfatı sahəsində çoxluq təşkil edirlər. Onun sözlərinə görə, qadınların sahibkarlıq fəaliyyətinə mane olan ilkin səbəblər kapital, onların hüquqi biliklərinin az olması, üzərində mülkiyyətlərinin olmamasıdır.

İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığın İnkişafı şöbəsində sektor müdiri Anar Məmmədov isə sahibkarlıqla məşğul olan qadınların statistik göstəricilərindən söz açıb.

Azərbaycan qadınlarının hüquqlarının hər zaman dövlət və cəmiyyət tərəfindən qorunduğunu vurğulayan Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva deyib ki, az da olsa, tarixin müxtəlif dövrlərində qadınlarımız çalışdığı orqanlarda seçilməyi bacarıblar. Sahibkarlığın kifayət qədər çətin sahə olduğunu vurğulayan S.Babayeva deyib ki, bu sahə yüksək idarəetmə tələb edir. Bunun üçün də hər şeydən əvvəl bu sahəyə atılan insan 11 fənni mükəmməl bilməlidir. Sahibkarlıqla məşğul olan qadın həm üst strukturlarla, həm də işçiləri ilə münasibətləri düzgün tənzimləməyin yollarını mənimsəməlidir.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova biznes sahəsində təcrübəli olmadığı üçün geniş danışmayıb. Bununla belə Birlik sədri hesab edir ki, bizneslə məşğul olacaq qadınların hər şeydən əvvəl intiutiv bacarıqları olmalıdır: "Ən əsası isə kapitala sahib olmalıdır. Hesab edirəm ki, ictimai birliklər bu məsələni daha çox qabartmalı və qadın sahibkarlara az faizli kreditlərin verilməsinə nail olmalıyıq. Bir çox hallarda qadınların üzərində mülkiyyət olmadığı üçün bu məsələdə onlar ciddi problemlərlə rastlaşırlar”.

Şəymən