Seçki şüarları...

Zahid Oruc dindən istifadədə, Sahib Alıyev təkrarçılıqda, Elza Seyidcahan siyasi şouda ittiham olunur
Ələsgər Məmmədli: “Təhqiramiz ifadələr, konstitusiyada dəyişikliyə və zorakılığa yönəlmiş çağırışlar olmamalıdır”




Siyasi partiyalar və bloklar 1 noyabr parlament seçkisinə müxtəlif şüarlarla gedirlər. Demək olar ki, bir-iki partiya istisna olmaqla əksər qurumlar özünəməxsus seçki şüarını cəmiyyətə açıqlayıblar. Siyasi təşkilatlar hazırladıqları fərqli şüarlarla insanların marağını cəlb etməyə və bir qədər də qeyri-adilik nümayiş etdirməyə çalışırlar.

Heç bir partiyada təmsil olunmayan və seçkiyə müstəqil qatılan namizədlər isə marafona fərdi seçki şüarları ilə qatılırlar. Ancaq son günlər bəzi müstəqil namizədlərin seçki şüarlarını ictimaiyyətə açıqlaması sosial şəbəkələrdə ciddi müzakirə, hətta tənqid və lağ obyektinə çevrilib. Ayrı-ayrı namizədlərin birmənalı qarşılanmayan şüarlarına münasibət bildirən sosial şəbəkə istifadəçiləri təbliğatın qeyri-ciddi aparılmasına etiraz ediblər.

Ekspertlərin məsələ ilə bağlı münasibətlərindən əvvəl "facebook”da tənqid atəşinə tuş gələn, zəif hesab olunan bəzi şüarlardan nümunələr gətirək. Məsələn, deputatlığa namizəd Sahib Alıyev "Bir daha Tərtər, Tərtər, bir daha”, Zahid Oruc isə "Sizə vəkil olmaq Allaha ibadət qədər gözəldir, Oruc Ramazan bitincə başlar” sözlərini şüar seçib. REAL Hərəkatının icra katibi Natiq Cəfərli də bildirib ki, qurumda hər namizədin ayrıca şüarı var: "Belə qərara gəldik ki, ümumi loqosu və REAL-ın namizədliyinin vurğulanması şərti ilə hər namizədin ayrıca şüarı olsun. Məsələn, Sumqayıtdan üç namizədimiz "Səs ver, səsiniz eşidilsin” - şüarı ilə seçkiyə gedir. REAL-ın digər namizədi Azər Qasımlı "İnanın, dəyişikliklər olacaq” seçib”. Tanınmış iqtisadçı Natiq Cəfərlinin şüarı isə "Neft qurtardı, biz varıq!”-dır. Namizədliyi qeydə alınan bəstəkar-müğənni Elza Seyidcahan isə "Nə tez, nə gec, tam vaxtında gəldim” seçib. Xatırladaq ki, tənqidlərə məruz qalan Zahid Oruc o cür şüar seçməsinə aydınlıq gətirib. Geniş cavabın qısa məzmunu belədir: "Türk şeirinin ustadlarından olan Nəcib Fazil müsəlman dünyasının yaşadığı dini idealları və gerçəkləri görərək, həmin təzadı cəmi bir cümləlik deyimində əbədiləşdirib. Dahiyanə deyilmiş həmin kəlam belədir: "namaz məsciddən çıxınca, həcc Məkkədən dönüncə, Oruc Ramazan bitincə başlar”. Mən mübarizənin və insanlara xidmət amalının ən yaxşı şüarı kimi sınaqdan keçmiş deyimi seçmişəm. Bunu süngü ilə qarşılayanların içlərindəki insanlığı oyatsınlar və ətraflarına fərqli nəzərlərlə baxsınlar. Ramazan göylərində axtarılan kiçik Ay parçası əslində hər kəsin içində olmalıdır. Orucluğun əbədi fəlsəfəsi budur. İçərisində ay və işıq olanlar onu kənarda axtarmırlar”.

Tanınmış hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı "Şərq”ə danışarkən maraqlı məqamlara toxunub: "Seçki şüarlarının seçilməsi namizədin şəxsi təşviqat prosesinin tərkib hissəsidir. Yəni namizəd istədiyi şüarı seçə bilər. Sadəcə burada təhqiramiz ifadələr, konstitusiyada dəyişikliyə və zorakılığa yönəlmiş çağırışlar olmamalıdır. Qanunla qoyulan hədlər istisna olmaqla istənilən şüar seçilə bilər. Şüarların təsirli və ciddi olması isə peşəkarlıq məsələsidir. Əgər hansısa namizəd özünə inanaraq seçki prosesinə qatılırsa, o zaman seçki mütəxəssislərindən mütləq dəstək və yardım almalıdır. Mütəxəssislərlə birgə iş zamanı elementar şəkil çəkdirməkdən tutmuş seçiləcək sözlərin auditoriyaya təsirinə kimi hər şey hesablanaraq hazırlanır. Yox əgər namizəd hay-küyə düşüb, "qonşudan geri qalmamaq” prinsipi ilə özünə plakat hazırlayırsa, mənasız şüar seçirsə, təbii ki, belə şəxslər peşəkar məsləhətə ehtiyac duymurlar. O cür namizədlər ağıllarına gələni şüar seçirlər. İndiki namizədlərin çoxu belə edir. Çünki onlarda artıq seçildikləri ilə bağlı əminlik yaranıb. Ya da əksinə, seçilməyəcəklərini bilirlər, ona görə də özlərini çox yormurlar. Belə olan halda seçki təbliğatı daha çox ictimai şou kampaniyasına çevrilir”. Ekspertin sözlərinə görə, belə namizədlərin və onların şüarlarının tənqid hədəfinə çevrilməsi normaldır: "Tənqid etmək ifadə azadlığının önəmli bir hissəsini təşkil edir. İnsanlar istədikləri məsələlərə fərqli yanaşa bilərlər. Ancaq bir şərtlə ki, tənqidlər obyektiv olsun”.

Ə.Məmmədli bəyan edib ki, seçki şüarları önəmli elementdir. Ancaq bir məsələni vurğulamaq lazımdır: "Seçkiyə təxminən 17 gün qalıb. İndiyə kimi ölkədə seçki mühiti o qədər də hiss olunmur. Sosial şəbəkələri çıxsaq, çox çətinliklə iddia edə bilərik ki, cəmiyyətdə yüksək seçki ab-havası var. Namizədlər kimlərdir, onların bir-birindən fərqi nədir və s. bunlar seçicilərə məlum deyil. Yəni seçki şüarı yalnız o zaman önəmli olardı ki, bizdəki seçkilər Türkiyədəki kimi karnavala dönsün. Toplumun əksəriyyətinin qatıldığı bir seçki mühitində şüarların, deyilən sözlərin, verilən vədlərin böyük əhəmiyyəti və təsiri olur. Ancaq bizdə vəziyyət fərqlidir. Bu baxımdan namizədlər əlavə vəsait xərcləyərək seçki ekspertlərinə müraciət etmək və ictimaiyyətə daha təsirli şüarlar təqdim etmək marağında deyil”.

İsmayıl