Avtovağzaldakı çatlar heç bir təhlükə törətmir

Anar Nəcəfli: “Təşviş yaratmaq üçün səbəb yoxdur”



Bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzal ərazisinə yaxın yolda çökmə olub, çatlar yaranıb və istinad divarları əyilib. Dünən gecə saatlarında isə Sumqayıt yolunun Bakı istiqamətində olan hissəsində əsas yolda yarıqlar əmələ gəlib.

Bundan öncə avtovağzalın dayanacağında baş verən sürüşmənin təxminən 10 metrliyində olan budəfəki təkanda asfalt qatı 3-4 sm aralanıb. Yolun avtovağzala tərəf hissəsi digər hissədən təxminən 3 sm aşağı düşüb. Ərazini yol polisi əməkdaşları nəzarətə götürüb. Yol istismar idarəsinin əməkdaşları yarıqlara qır töküblər. Avtomobillərin sürüşmə baş verən hissədən hərəkəti məhdudlaşdırılmayıb. "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə heç bir təhlükə yoxdur: "Bəzi mətbu orqanlar bilərəkdən əhali və sürücülər arasında təşviş yaratmağa çalışır. Əslində ərazidə təhlükəli heç nə yoxdur. Xırda çatlar ilk gündən əmələ gəlib, onun üzərini də örtərək qabaqlayıcı tədbirlər həyata keçiririk. Çalışırıq ki, çatların arasına yağış suları keçməsin. Çatlardan yağış sularının daxil olması zamanı təhlükə yarana bilər. Çünki torpaq yatağına su keçdiyi zaman orada aktivliyə gətirib çıxara bilər. Çat yazıldığı kimi 3-4 sm deyil. O çatların ölçüsü 1-2 mm-dir. Onun da üzəri örtülüb. Tədbirlər görərək balansımızda olan avtomobil yolunda heç bir problemin olmamasına çalışırıq ki, nəqliyyat vasitələri maneəsiz hərəkət edə bilsinlər. Burada qorxulu nə isə axtarmağa dəyməz. Çünki heç bir təhlükə yoxdur”.

Qurum rəsmisinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin qərarını gözləyirlər: "Nəzərinizə çatdırım ki, sürüşmə bizim ərazidə deyil, Avtovağzalın müəyyən hissəsində qeydə alınıb. Sürüşmə davam edəcəyi təqdirdə avtomobil yolu üçün də təhlükə yarana bilər. Hazırda təşviş yaratmaq üçün səbəb yoxdur. Fövqəladə Hallar Nazirliyinin verəcəyi rəydən asılı olaraq üzərimizə düşən işi görməyə hazırıq”.

Şəymən